Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Anlamaq dərdi

<b><font color=red>Anlamaq dərdi</font></b>

Dayım şair Vaqif Hüseynovun əziz xatirəsinə...

Səni kim çıxarıb bu mərtəbəyə?
Gözünə qan dolub, gücə düşmüsən.
Dırmana bilmirdin alçaq təpəyə
Uca dağ başına necə düşmüsən?

...Dayım şair Vaqif Hüseynovun bu misralarını oxuyanda orta məktəbin 6-cı, ya da 7-ci sinfində oxuyurdum. Dəqiq xatırlamıram. Amma yaxşı yadımdadır, bu misralar məni o zaman çox təəccübləndirmişdi... Orta məktəbdə müəllimlərimin təbliğ etdiyi dəyərlərlə ziddiyyət təşkil etdiyinə görə...
...O zamanadək tərənnüm şeirləri yazırdım. Hələ ədalətsizliyin, haqsızlığın nə olduğunu bilmirdim. Hələ əxlaqı naqislərin xəyanətkarlıqlarıyla, namərdlikləri ilə qarşılaşmamışdım. Hələ böyüməmişdim...
...O gündən, yuxarıda iqtibas gətirdiyim sətirləri oxuduğum və doğmalarımın verdikləri izahla dərk etməyə başladığım andan böyüməyə başladım. O gündən ağır və sağalmaz bir xəstəliyə, dərdə düçar oldum: Anlamaq dərdinə...
...Masallı rayonunun padişahlıq iddiasına düşən, qarşısındakılara yuxarıdan aşağı, qul-beçə kimi baxan 1-ci katibinin rəzil davranışlarına qarşı təkbaşına dirəniş göstərən və sonda şərəfə mindirdiyi redaktor kürsüsünü tərk edərək, Lənkəran radio qovşağındakı hücrəsinə çəkilən dayımın verdiyi həyat mücadiləsi mənə anlamaq dərdinin nə qədər böyük, nə qədər ağır bir yük olduğunu anlatmışdı...
İçimi, ruhumu, düşüncəmi dəyişən bu çevrilişdən sonra daha tərənnüm şeirləri yazmadım və oxumadım.
O gündən masamın üzərində dayımın qardaşıma və mənə hədiyyə etdiyi əlyazmalar yer almağa başladı. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını, Vaqif Hüseynovun və indi adlarını yaxşı xatırlamadığım neçə-neçə şairin qırmızı rus-bolşevik rejimi əleyhinə yazılmış şeirlərini oxuyaraq böyüdüm. İçimdəki sağalmaz anlamaq dərdi ilə birgə... böyüdüm.
...Vətənimizin "göy gözlü, sarı İblis" tərəfindən işğal olunduğunu Vaqif Hüseynovun şeirlərindən öyrəndim. Bir kimsənin rejim əleyhinə danışmağa cəsarət etmədiyi bir zamanda Vaqif Hüseynov həyatını risqə atıb
"Vətənimi çalıb-çapır bir göz gözlü, sarı iblis,
Azad gəzə bilərəmmi əsir olan torpağımda" deyə sual edirdi və əlyazma şəklində yayırdı şeirlərini. Əldən-ələ, dildən-dilə dolaşırdı Vaqifin şeirləri...
...Məhsul bayramlarında "Partiyamızdır" mahnısını, evdə Vaqif Hüseynovun "Gör dünyanın harasıdır?" şeirini oxuyurduq:

"Gör dünyanın harasıdır
Əti şəntir yüstələyib,
Yağı pendir üstələyib.
Yırdığımız zəncirləri
Çürük kəndir üstələyib..."

...Vaxtsız ölümündən 6 il sonra "çürük kəndir" qırıldı, istiqlalımıza qovuşduq, amma təəssüf ki, vətənimizin bir parçası hələ də "göy gözlü, sarı iblis"in işğalı altındadır...
Bu baxımdan, hörmətli Vaqif Yusiflinin Vaqif Hüseynov haqqında yazdığı və "Ədalət" qəzetinin 16 noyabr 2103-cü il tarixli sayında işıq üzü görmüş "Vaqif Hüseynov ("Bölgələrdə ədəbiyyat" silsiləsindən)" başlıqlı yazısında yer alan bəzi fikirlərlə razılaşa bilmirəm. Xüsusilə də sonuncu cümlələrlə: "Vaqif Hüseynov yaşasaydı, bütün bu yeniliklərdən, dəyişmələrdən yazardı. Poeziyasında yeni Azərbaycanla baş-başa verərdi. Sağlığında bu günləri çox arzulamışdı...".
Şübhəsiz, Vaqif Hüseynov sağlığında Azərbaycanın istiqlalını, müstəqil inkişafını çox arzulamışdı...
Amma o, tərənnüm poeziyasının ardıcılı deyildi. Əgər olsaydı, uzun bir ömür yaşayardı - özü və doğmaları üçün...
...Vaqif Hüseynov yaşasaydı Vətəninin bir parçasının "göz gözlü, sarı iblis"in işğalı altında olduğunu yazardı! Düşünməyi və anlamağı bacaran kər kəsi narahat edən problemləri qələmə alardı...

Yazardı ki...

Gör dünyanın harasıdı?!
Keçəl Məmməd tüklənibdi,
Karvanları yüklənibdi,
Adamlara nə gəlib ki...
Qulaqları şəklənibdi...
Son mənzilin yeri məlum,
Qaşla gözün arasıdı,
Gör dünyanın harasıdı?!

Yazardı ki...

...Hizaminin, Füzulinin
kəlamına şor bükülür
Tərəzidə sızıldayan
Ürəyimin parasıdı...
Gör dünyanın harasıdı!

Yazardı ki...

Son olaraq Vaqif Hüseynovun 1965-ci ildə qələmə aldığı "Məzarlıqdan gələn səs (Köhnə ölünün təzə ölüyə nəsihəti)" şeirini oxuculara təqdim edirəm. Və düşünürəm ki, onlar da mənim tanıdığım Vaqif Hüseynovun yaşayacağı təqdirdə nə yaza biləcəyini təxmin edəcəklər:


Gəldinmi?
Xoş gəlmisən!
Uzan səssiz-səmirsiz,
Bizim dünya qərarsız, icrasız və əmirsiz...
Yaşa min il, milyon il, yaşa lap milyard sənə,
Dirilər toxunmasa, ölülər dəyməz sənə,
Bir çeşmə mənzilin var, biz tərəfdən arxayın,
Yer üstündədir ancaq hər dələduz, hər xain.
Yeraltı dünyamızda nə səhər var, nə gecə,
Nə matəm var, nə toy var, nə plov var, nə cücə...
Yalnız qarın güdənlər bizdə günah bilməsin,
Xəbərdar eləyirik, bacarırsa, gəlməsin,


Nə bolluqdur, nə qıtlıq, nə varlıqdır, nə yoxluq...
Var bir iştahasızlıq, bir də əbədi toxluq...
Burdadır iztirabsız, qorxu-hürküsüz həyat,
Qızıl dişin yoxdursa, arxayın-arxayın yat.
Namərd qurbanısansa, yüz yol açıb qəbrini,
Yaracaqlar yaranı, yaracaqlar səbrini!
Məğlub kimdir? - Ağlayan!
Qələbə gülənindir.
Günah öldürənin yox, günah sən öləndədir!


Gəldinmi?
Xoş gəlmisən! Uzan səssiz-səmirsiz,
Bizim dünya qərarsız, smetasız, təmirsiz.
Burda heç bir təşkilat, burda divan-dərə yox.
Nə müstəntiq, nə milis gələ bilmir bizə xox.
Rüşvət sözü gəlməsin burda birdən dilinə,
Qəbrin yanar, küləklər divan tutar külünə.
Burda nə siyasət var, nə də ki, var partiya,
Hər kəsin vicdanını gətirirlər ortaya.
Vicdanlar darı boyda, vicdanlar yanar, sızlar.
Adam çox, vicdansa az, nə çoxdur vicdansızlar!


Gəldinmi?
Xoş gəlmisən!
Uzan səssiz-səmirsiz,
Bizim dünya kralsız, kəndxudasız, əmirsiz.
Hücum çəkə bilmirik başqa məzarstana,
Burda pələnglər belə dönüb həlim məstana.
Birdən çaşıb soruşma:
"Hanı çoxluq və azlıq,
Hanı yerlipərəstlik, hanı bəs dəstəbazlıq?!"
Torpağın üstündədir saydığın bu bəlalar,
Yazıq, eyvah dirilər, min dərdə mübtəlalar!
Gəldinmi?
Xoş gəlmisən!
Uzan səssiz-səmirsiz,
Əbədi rahatlığı qazan səssiz-səmirsiz...









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv