Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
QHT XƏBƏR

Əsir və girovluqda olmuş şəxslərlə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək

<b>Əsir və girovluqda olmuş şəxslərlə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək </b>

16 noyabr 2016-ci il tarixində “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin beynəlxalq məhkəmələrə müraciətlərinin hazırlanması (I mərhələ)” layihəsi çərçivəsində görülən işlərin yekun təqdimatı ilə bağlı dəyirmi masa keçirib. “Həsrət Yolu” ƏGKİB-nin sədri Esmira Orucova bildirib ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirməsi xalqımızı münaqişənin tarixi ilə yaşıd olan və günümüzə qədər davam edən, beynəlxalq cinayətlərlə nəticələnən humanitar fəlakətin ən ağrılı problemi olan əsir, girov və itkin problemi ilə üz-üzə qoydu. Demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi nəticəsində bir çox nailiyyətlərin əldə edildiyi, insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçdiyi bir dövrdə işğalçı Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində hamılıqla qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş, işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə beynəlxalq məhkəmələrə müraciətlərin hazırlanması layihənin əsas məqsədini təşkil edir.
Layihə 4 ay müddətində davam edib. Layihə çərçivəsində Bakı və Abşeronda, eləcə də Beyləqan, Şamaxı və Şəki rayonlarında məskunlaşmış 100 nəfər əsir və girovluqdan azad edilmiş işğal olunmuş ərazilərin sakinindən hər biri ilə fərdi qaydada 2 saatdan az olmamaqla görüşlər keçirib, onlardan sorğular götürülməsi nəzərdə tutulmuşdu.
Bu məqsədlə layihə rəhbəri ilkin mərhələdə işğal olunmuş ərazilərin müvafiq icra hakimiyyətlərində olub. Əsir və girovluqdan azad olunmuş, hazırda Bakı, Abşeron, Şamaxı, Beyləqan və Şəki rayonlarında məskunlaşmış şəxslərin siyahıları tərtib edilib. Daha sonra əsir və girovluqdan azad olunmuş hər bir şəxslə onların məskunlaşdıqları yeni qəsəbələrdə, yataqxanalarda, sanatoriyalarda, kəndlərdə fərdi qaydada, xüsusilə də qadınlarla heç kimin iştirakı olmadan görüşlər, o cümlədən tərtib olunmuş anketə əsasən sorğular keçirilib. Öz istəkləri ilə, məcbur edilmədən foto şəkillər çəkilib. Əldə olunan materiallar əsasında onların hər biri haqqında məlumat bazası yaradılıb.
Toplanmış dəqiqləşdirici ifadələr təsnifatlaşdırılıb. Bu barədə ekspert rəyi hazırlanıb.
Əldə olunmuş faktlara əsasən demək olar ki, BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Bəyannaməsinin 1, 3, 4, 5, 6, 13-cü maddələri, 04 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyasının I bölməsinin 2-ci maddəsinin "a" bəndi, 3 -cü maddəsi, 4-cü maddəsinin 1-ci bəndi, 15-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının I bölməsinin 2-ci maddəsinin "a" bəndi, 3 -cü maddəsi, 4-cü maddəsinin 1-ci bəndi, 15-ci maddəsi, Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200/A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Konvensiyanın III hissəsinin 9,10-cu maddələri, 12-ci maddənin 4-cü bəndi, 16-cı maddəsi, BMT Baş Məclisinin 3318 (XXIX) saylı 14 dekabr 1974-ci il tarixli Qadın və Uşaqların Fövqəladə Hallarda, Silahlı Münaqişələr Dövründə Müdafiəsi Haqqında Bəyannaməsi, BMT Baş Məclisinin 44/25 saylı 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Haqqında Konvensiyası kobudcasına pozulub. Müharibə və silahlı münaqişələri tənzimləyən beynəlxalq humanitar hüquq silahlı münaqişə şəraitində insan həyatının müdafiəsini təmin etməyinə və işğalçı Ermənistan dövlətinin 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına və onlara əlavə olunmuş protokollara qoşulmasına baxmayaraq, nəinki hərbçilərə, hətta günahsız dinc əhaliyə qarşı mütəmadi olaraq Hərbi Əsirlərlə Rəftar Haqqında Cenevrə Konvensiyasına, Müharibə Zamanı Mülki Əhalinin Qorunması Haqqında Cenevrə Konvensiyasına, 8 iyun 1977-ci il tarixli Silahlı Münaqişə Qurbanlarının Himayəsinə Həsr Edilən I və I Protokollardan irəli gələn müddəlara əməl etməyib.
“Atəşkəs haqqında” Bişkek protokolunun qəbul olunmasından 22 ildən artıq zaman keçsə də, müharibə hələ də davam edir. Mövcud müharibə şəraitinin davam etməsini nəzərə alaraq, beynəlxalq aləmə əsir və girovluqda olan şəxslərə qarşı ermənilərin törətdiyi işgəncə faktlarını çatdırmaq, eyni zamanda müraciətlərin məhkəmələrə hazırlanması işini də davam etdirmək məqsədilə layihənin II mərhələsinin gələcəkdə davam etdirilməsi labüddür.
Tədbirdə Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşı Ülvi Əhmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Bayramov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Arif Mustafayev, Laçın RİH-in əməkdaşı Yaqut Cabbarlı, Xocalı RİH-in əməkdaşı Xəlil Vəliyev, politoloq, professor Rövşən Novruzoğlu, Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Kamran Babayev mövzu ilə bağlı şıxış ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv