Son xəbərlər
22 İYUL
21 İYUL
20 İYUL
19 İYUL
SİYASƏT

Allah səsimi eşitmədi...

<font color=red><b>Allah səsimi eşitmədi...</b></font>

Arzu Şirinova

Ötən həftə mobil telefonuma zəng gəldi. Bir qadın idi. Mənimlə görüşmək istəyini bildirdi. "Hə məsələdir", sualını verəndə dedi:"Xahiş edirəm sual verməyin. Görüşəndə dərdimi danışaram". Öz-özümə dedim:"Allah, Allah mən dərdə çarə edənəmmi?" İsmini soruşdum. Onu da söyləmədi. Görüşmək üçün razılaşdım. Sonra mental təfəkkürlə düşündüm ki, bəlkə bir oyundur. Ancaq tez də bu təfəkkürdən vaz keçdim. Kimin mənimlə nə işi ola bilər?
Həftə sonunda razılaşdığım kimi görüş yerinə yollandım. Şirniyyat evinin önündə bir neçə nəfər vardı. Onlardan bir qədər aralıda 35-40 yaşlarında qadın dayanmışdı. Mənim o tərəf-bu tərəfə baxdığımı görəndə yaxınlaşdı və soruşdu:"Arzu xanım sizsiniz?" "Bəli", deyə bildirdim.
Təklif elədim ki, yaxınlıqdakı ailəvi istirahət məkanında oturub bir çay içək və danışaq. Əvvəlcə tərəddüd elədi, ancaq mənim təkidimi görəndən sonra razılaşdı...

“Adımı yazmazsınız”

...Bu yaşda olmasına baxmayaraq saçı ağappaq ağarmış, həyat eşqindən əsər-əlamət olmayan gözləri çuxura düşmüş, əlləri cadar-cadar olmuş qadın tanışlıq verdi:"Mən Xavərin (şərti ad-A.Ş.) bacısı qızıyam. Yadınızdadır, Xocalının işğalından sonra yataqxanaya gəlib xalamla görüşdünüz və yazı hazırladınız. O zaman mən də oradaydım". O danışdıqca xatırladım. Ermənilər Xocalının işğalı zamanı Xavərin oğlunu, yoldaşını, valideynlərini, bacısını və onun həyat yoldaşını, qardaşını qətlə yetirmişdilər. Özü yeganə qızı ilə canını güclə qurtarmışdı. İki gün ermənilərdən gizlənərək yol gəldiyindən ayaqlarını don vurmuşdu. Yaxşı ki, həkimlərin müalicəsinin nəticəsi olmuşdu və onun ayaqları bir çoxları kimi kəsilməmişdi.
Xavəri soruşdum, dedi ki, dünyasını dəyişib. Yazıq qadın o qədər faciəyə dözə bilməyib. Valideynlərinin ölümündən sonra xalasına sığınan və onun nəvazişinə ehtiyac duyan, nə yazıq ki, bütün bunlardan da olan qarşımdakı qadına təskinlik verməyə söz tapmadım. Sadəcə susdum. Sükutu yenə o pozdu:"Telefon nömrənizi qohumunuzdan almışam. İstəyirəm mənim yaşadığım faciədən yazasınız. Ancaq əsil adımı bildirməzsiniz. Bu fikrə ona görə gəlmişəm ki, mənim kimilər çoxdur və bizə çox vaxt haqsızlıqlar olur. Bəzən bizi ələ salırlar. Hətta bizə vicdansız təkliflər edənlər də tapılır"...


Bələkdəki körpə


Əvvəlcə Səkinənin (şərti ad-A.Ş.) nədən bəhs elədiyini bilmədim. Və sonra eşitdiklərimdən əsil şok yaşadım.
"Ermənilərin qəfil hücumu ailəmizi pərən-pərən saldı. Elə onu bildim ki, bələkdəki bacımı götürüb qaçdım. Meşəyə çatana kimi yolboyu qohum-əqrabanın güllələndiyini gördüm. Bacımı bağrıma basıb ayağımı hara gəldi ataraq qaçırdım. Fikirləşirdim ki, bircə Ağdama çatsaydım dərdim olmazdı. Erməniyə əsir düşməkdən qorxurdum. Anamdan eşitmişdim ki, onlar əsir götürdükləri qız-gəlinlərin başına pis işlər gətirirlər. Ancaq Ağdama çata bilmədim. Ermənilərin əlinə keçdim. Körpə bacımı əlimdən alıb gözlərim baxa-baxa ürəyinə tüfəngin bıçağını soxdular və hırıldaya-hırıldaya dedilər:"Bu bizə lazım deyil. Sən isə bizimsən". Yarı Azərbaycan, yarı erməni dilində danışırdılar. Mən ermənicə də bilirdim. Hə gizlədim, bacımın müsibəti yadımdan çıxmışdı. Öz canımın hayına qalmışdım. Məni Xankəndinə mal tövləsi kimi bir yerə apardılar. Burada qonum-qonşunun qızlarını gördüm. Üst-başları yaman gündə, paltarları cırılmış, baldırları və qolları qançır-qançır olmuş bu qızlardan biri məni görəndə dedi:"Özünü öldürərdin, dağdan atıb parça-parça olardın, təki bu cəlladların əlinə keçməzdin". Bunu eşidən erməni qızı təpikləməyə, təhqir etməyə başladı. Sonra qapını arxadan bağlayıb getdilər. Qonum-qonşunun qız-gəlinləri başlarına gələnləri mənə anlatdıqca vahimələnirdim. Allaha yalvarırdım ki, canımı alsın onların yaşadıqlarını mən yaşamayım. Ancaq Allah da səsimi eşitmədi.
Bir neçə saat keçəndən sonra həmin iki erməni və bir də paqonlu gəldilər. Paqonlu dörd bir tərəfimə dolanıb qızarmış domba gözləri ilə məni altdan-yuxarı süzdü və üzünü onlara çevirib "düzünü deyin, buna toxunmamısınız". Erməni əsgərlər and-aman elədilər:"Komandir, and olsun Andranikin ruhuna ki, toxunmamışıq". Komandir "bir azdan hazırlayın", əmrini verib çıxdı, erməni əsgərlər də onun arxasında. Yenə də dizlərimi yerə qoyub Allaha yalvarırdım ki, canımı alsın. Həmin vaxt Allah canımı alsaydı bəlkə də dünyanın ən xoşbəxt insanı olardım".


"Məni dövrəyə aldılar və ələ salmağa başladılar"


Səkinə əllərini ovuşdura-ovuşdura o günləri bir daha yaşayırmış kimi qəhərdən boğulurdu. Onu sakitləşdirmək istəsəm də münasib söz tapmadım. Hə deyəcəkdim ki, ən yaxşısı dinləmək idi. Bəlkə bir qədər yüngülləşərdi. Ancaq sonda əmin oldum ki, Səkinə bu 20 ildə başına gələnləri dönə-dönə anlatsa da, zərrə qədər də yüngülləşməyib. Əksinə həmin faciəni sanki növbəti dəfə yaşayırmış kimi bir hallara düşür.
"Təxminən bir saat keçmişdi ki, yenidən qapı açıldı. Həmin ermənilər mənim qolumdan tutub aparmaq istəyəndə əllərindən buraxılıb çölə qaçdım. Elə bildim canımı bu quduz itlərdən qurtara biləcəyəm. Ermənilərin bağıraraq yoldaşlarını köməyə çağırmasına on-on beşi birdən töküldü. Məni dövrəyə aldılar və ələ salmağa başladılar. Çığırırdım, ağlayırdım, imdad diləyirdim. Biri saçımdan tutub sürüməyə başladı. Sürüyə-sürüyə bir az əvvəl gördüyüm dombagöz komandirin otağına gətirdi. Komandir başqa bir komandirlə otağında içki məclisi qurmuşdu. Masanın üstündə cürbəcür yeməklər vardı. Məni onlara təhvil verən erməni əsgərlər gedəndən sonra məcbur elədilər ki, onlarla içki içim. Ağladım, içməyəcəyimi bildirdim. Bu zaman dombagöz komandir ayağa qalxıb yanıma gəldi və əlində tutduğu qədəhi sinəmə boşaltdı. Hər ikisi elə qəh-qəhə çəkdilər ki, indi də səsləri qulağımdadır. Xatırlayanda dünya başıma fırlanır. Mənə elə sözlər deyirdilər, elə ifadələr işlədirdilər ki, heç biri söyləyəsi deyil. Bayrağımızı, millətimizi, şəhidlərimizi təhqir edirdilər. Qarabağın heç vaxt bizimki olmayacağını deyirdilər. İçki məclisini bitirəndən sonra dombagöz komandir o birisinə çölə çıxmasını işarə elədi. Mənim qolumdan tutub arxadakı otağa apardı. Onunla əlbəyaxa oldub. Çığırdım, bağırdım. "Türkün balası, türk", deyib başımdan necə zərbə vurdusa huşumu itirdim. Ayılanda komandirin yatağında idim. Mənim ayıldığımı görəndə əlindəki yekə telefonla kimisə çağırdı. Gördüm ki, o biri komandirdi. "Sənin növbəndi", deyib otaqdan çıxdı. Həmin gün mənə dönə-dönə təcavüz elədilər. Və bayılmış halda aparıb tövləyə atdılar. Oradakı qız-gəlinlər başıma toplanım heç nə demədən səssicə ağladılar. Bir çox Azərbaycan qızları kimi mənim də həyatım puç olmuşdu".


“Növbəti faciəm”


Səkinə mənə hər şeyi çılpaqlığı ilə danışırdı. Və o danışdıqca vahimələnirdim.
"Bilmirəm neçə gün keçdi. Bir səhər qapı açıldı beş nəfəri, o cümlədən məni girovluqdan azad elədiklərini bildirdilər. Bizi əvvəlcə Ağdama gətirdilər. Araşdırma zamanı məlum oldu bizim ailəmizdən tək mən qalmışam. Xalamın qızı ilə sağ qaldığını söyləyəndə dedim ki, məni ona aparın. Xalam məni aylarca müalicə elətdirdi, qayğımı çəkdi, dərdimə şərik oldu. Bizi ovundursa da, özü için-için əridi və dünyadan köçdü. Hövbəti faciəm də ondan sonra başladı. Məcbur qalıb işləmək üçün qapılar döydüm. Biləndə ki, erməni əsirliyində olmuşam bəziləri məni aşağılamağa başladılar. Hətta mənə əxlaqsız təkliflər də eləyən oldu. Bax o zaman həyata nifrət elədim. Öz millətimdən olan bəzi kişilərin-yaxşı ki, onların sayı azdır-erməni ilə heç bir fərqinin olmadığını gördüm. Ancaq qeyrətlisi də tapıldı. Mənə və xalam qızına arxa-dayaq durdu. Onun köməkliyi sayəsində işə düzəldim. Texnikum təhsili aldım. Bütün bunları sizə anlatmaqda bir məqsədim var. Adımı hallandırmadan başıma gələnləri yazın ki, mənim kimi hər şeyini itirənlər, namusuna təcavüz olanlar cəmiyyətdə təklənməsin, bizə əxlaqsız kimi baxmasınlar. Onsuz da bizlərin ölü ilə heç bir fərqimiz yoxdur".
R.S. Bu xanımın faciəsini iki il bundan əvvəl qələmə almışdım. İki il ərzində onunla zəngləşirdim. Hansı həddə qədər olursa əlimdən gələn köməyimi əsirgəmirdim. Ötən həftə yenə zəng vurdum ki, hal-əhval sorum. Zəngimə bacısı qızı cavab verdi və bildirdi ki, dünyasını dəyişib...









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv