Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Gülümsə, hadi, gülümsə!

<font color=red><b>Gülümsə, hadi, gülümsə!</b></font>

Anar Yusifoğlu

Bir neçə gün öncə təbiətə qarşı amansızlığa etiraz edən insanların maraqlı təşəbbüsünün şahidi olduq. Bu insanlar əlahiddə heç nə etmədilər, sadəcə sivilizasiyanın bizə bəxş etdiyi işığı bir saatlıq söndürdülər.
Qız Qalasının işıqlandırılmasını bir saatlıq dayandırmaqla Azərbaycan da ilk dəfə olaraq bu aksiyaya qoşuldu. Cəmi dörd illik ənənəsi olan bu etiraz formasının dünyada artıq bir milyard tərəfdarı var. Növbəti illərdə aksiyaya qoşulanların sayının artacağına şübhə etmirəm. Axı, dünya ekoloji baxımdan ildən-ilə daha çox çirklənir və insanlığın yaratdığı bu çirklənmənin ağrısını ildən-ilə insanlıq özü daha çox hiss edir.
Eyni vaxtda dünyanın əksər dövlətlərində ölkənin simvolu sayılan tikilinin işıqlarının bir saat söndürülməsi ideyasının hardan gəlməsindən asılı olmayaraq, alqışlanmalıdır. Çünki təşəbbüs gözlə görünür, insanlığın diqqəti bu ümumi dərdə yönəlir və cəmi bir saatlıq da olsa, biz işığa qənaət edirik, rifahımızın yaxşılaşması üçün verdiyimiz ekoloji qurbanlar haqda düşünürük…
Təbiətsevərlərin həmin aksiyasını izlərkən düşündüyüm bir şey də vardı: biz təkcə təbiəti məhv etməklə özümüzü sona yaxınlaşdırmırıq, həm də bir-birimizin dünyasından xəbər tutmamaq, halına yanmamaq, dərdini, sevincini bölüşməmək, xoş münasibət göstərməməklə həyatımızı zəhərə çeviririk.
Gündəlik qayğılar içində, sürət əsrində kiminsə dərdinə yanmaq, kiminsə yanında olmaq vaxtını qazanmağın özü də böyük hünərdi. Zamandan vaxt oğurlamaq isə gündən-günə çətinləşir. Bu çətinlik insanlığı toplum olaraq bir-birindən ayırmaqdadır. “Özümüzlə söhbəti” də görəcəyimiz iş siyahısına salmışıq az qala, amma vaxt dəyirmanında macal tapa bilmirik.
Bir yaz yağışının gözəlliyini görəcək, bir bahar çiçəyinin sehrindən donacaq, bir ay işığının əsirinə çevriləcək zamanımızmı var? Başımız aşağı olsa da, bahar çiçəyini görəcək gözlərimiz fikrimizin güdüyündə: fikir də tutanaq vermir ha – qayğıların içində yelkənsiz gəmiyə dönüb…
Amma ilin bir günü var ki, həmin gün dünyanı bir ayrı ovqata sala bilərik – Aprelin 1-də.
Təəssüf! Təəssüf ki, bu günü “zarafat günü”, “aldatma günü” kimi qəbul edirik. Hamı il boyu danışdığı yalanın sayını “zarafata” salıb artırır. Yalanının üzə çıxmasındansa qətiyyən narahat olmur: axı, yeganə gündü ki, yalan danışmaq olar.
Yox, aprelin biri ”Yalan günü” deyil. Heç yalan ömrün yalanlar içində qovrulan sözü də deyil!
Bu gün təbəssüm günüdür. Heç olmasa, bu gün qaşlarımızın düyününü aça, ətrafımıza xoş təbəssümlə baxa bilərik. Kompleksləri bir kənara ata, “ciddi xalq” imicini dəyişə bilərik; bir günlük, lap elə bir saatlıq da olsa, tanıdığımız, tanımadığımız insanlar – insanlıq – bizdən xoş üz, mehriban təbəssüm, müsbət enerji ala bilər.
…Təbiətsevərlərin aksiyasını izlərkən bunu da düşünürdüm: nə ola, hər il aprelin birində bir saatlıq kompaniya keçirilə – hamı, bütün insanlıq səbəbsiz-filansız, sadəcə gülümsəyə, eyni vaxtda dünya insanların təbəssümünə şahid ola!
Bəlkə dünyanın məhvərini dəyişməsi, günümüzün ömründən bir neçə mikrosaniyə kəsməsi Yapon zəlzələsindən, sunamisindən deyil, insanlığın təbəssümünə həsrət qalmasındandı?
Axı, niyə dünya insanlığın müharibələrinə, milyonlarla adamın fəlakətinə, ağlaşmasına şahid olmalıdır, amma hamının – bütün xalqların, millətlərin birgə gülüşünü görməməlidir?
Niyə dünya eyni vaxtda milyard insanın təbəssümündən sevinməməlidir?
Bəlkə, səhv deyirəm?
Doğru deyirəmsə, onda, məşhur türk mahnısında deyildiyi sözləri bu gün yaşa və...
- Gülümsə, hadi, gülümsə!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv