Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

Həmrəyliyin rəngi...

<font color=red><b>Həmrəyliyin rəngi...</b></font>

Elçin Mirzəbəyli


Bu gün Suriyada, İraqda, Liviyada, Yəməndə baş verən qanlı toqquşmalar, milyonlarla insanın qaçqın düşməsi, yüzminlərlə günahsız insanın qətlə yetirilməsi, tarixi və mədəniyyət abidələrinin dağıdılması, radikal təkfirçi meyllərin güclənməsi müsəlman ölkələrini, bütövlükdə İslam sivilizasiyasını çoxsaylı çağırışlar qarşısında qoyub. Seçim imkanı isə çox deyil.
Baş verənlərdən nəticə çıxarmaq, geosiyasi proseslərin inkişaf dinamikasına hazır olmaq, elmi-texniki tərəqqinin nailiyyətlərindən yararlanmaqla inkişaf etmək yeganə çıxış yoludur. “Beşikdən məzara kimi oxuyun” deyən bir peyğəmbərin gərdiyi dinə etiqad edən, adı belə “Oxu” deyən müqəddəs bir kitaba sahib olan insanların əhəmiyyətli bir hissəsinin mövcud acı reallıqlarla qarşı-qarşıya qalması düşündürücüdür...

“Məzhəb” bəhanəsi...

İslam ölkələri arasında ən qabarıq ziddiyyətlər İran-Səidiyyə Ərəbistanı, daha dəqiq desək İran və körfəz ölkələrinin münasibətlərində nəzərə çarpır.
Ziddiyyətlərin əksər hallarda məzhəblərarası münasibətlərdən qaynaqlandığı vurğulanır. Bu isə birmənalı olaraq, görüntü xarakterlidi və tərəflərin bu qarşıdurmada özlərinə daha çox tərəfdar qazanmalarına xidmət edir. Səbəb isə regional və yaxud xaricdən stimullaşdırılan qlobal geosiyasi maraqlardır.
Bununla bağlı, əksər hallarda diqqətdən kənarda qalan bir nümunə gətirəcəyəm:
İkinci İslam Həmrəyliyi oyunlarının 2009-cu ildə İranda keçirilməsi planlaşdırılmışdı, daha sonra bu tarix ertələndi və oyunların 2010-cu ildə elə həmin məkanda keçirilməsi qərara alındı. Amma İranın oyunlarla bağlı hazırladığı loqonun üzərində “Fars körfəzi” yazılmasına eyni su hövzəsini “Ərəb körfəzi” adlandıran ərəb dövlətləri etiraz etdilər. Ilk baxışda islam həmrəyliyi kontekstindən olduqca bəsit görünən bu fikir ayrılığı oyunların təxirə salınmasına səbəb oldu. Halbuki hazırlıq prosesinə on milyonlarla dollar vəsait xərclənmişdi...
Göründüyü kimi konkret numunədə hər hansı məzhəb ayrılığından qaynaqlanan ziddiyyətdən söhbət getmir.


Geosiyasi iddialar

İslam ölkələrinin həmrəyliyinə mane olan amillərdən biri də islam dininin dəyərlərinə sahiblənməklə yanaşı öz inkişafını dünyəvi dövlətçilik mödelində görən dövlətlərin radikal dini ideyalarla bağlı narahatlıqlarıdır. Əslində radikal dini ideyaların ixracı yolu ilə öz geosiyasi maraqlarını gerçəkləşdirməyə, müstəqil dövlətlər üzərində təsir imkanlarına malik olmağa çalışan dairələr üçün din sadəcə vasitədir. Burada da məzhəb ayrı-seçkiliyi və hansısa mücərrəd xarici təhlükələr haqqında uydurmaların heç bir əsası yoxdur. Bununla da bağlı sadə və hər kəsə bəlli olan bir numunə gətirək:
Qonşu İranda yaşayan müsəlmanlarla Azərbaycanda yaşayan müsəlmanların əksəriyyəti eyni məzhəbin daşıyıcıları olduğu halda, İran Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyondan çox müsəlmanın öz evindən didərgin düşməsinə səbəb olan Ermənistanla ən müxtəlif sahələrdə əməkdaşlıq edir. Amma fərqli bir məzhəbin daşıyıcısı olan Pakistan Ermənistanda səfirlik belə açmayıb və rəsmi İslamabadın işğalçı ölkə ilə hər hansı bir əlaqəsi yoxdur.
Bu müqayisədə məqsədim bu və ya digər məzhəblə bağlı mülahizə yürütməkdən ibarət deyil, təbii ki... Məqsədim islam ölkələri arasındakı olan ziddiyyətlərin dini faktorlardan yox, siyasi iddialardan, maraqlardan qaynaqlandığını vurğulamaqdır. Müsəlman ölkələri arasında münasibətlərin inkişafını arzulamayan, islamafobiyanı müsəlmanların sahib olduğu zəngin torpaqlara yiyələnmək üçün qızışdırıcı vasitə kimi istifadə edən dairələr bu qeyri-səmimi münasibətlərdən faydalanmağa çalışır və təəssüf ki, bir çox hallarda bunu bacarırlar.
Müsəlman ölkələri arasındakı münasibətlərin arzuolunan məcraya qədəm qoymasına, müsəlmanların yaşadıqları coğrafiyada sülhün, əminamanlığın, təhlükəsizliyin təmin edilməsinə, insanların firavan yaşamasına mane olan amillərdən biri də bu enerji resursları ilə zəngin ərazilərdə baş verən qanlı münaqişələrdir. Şübhəsiz ki, bu münaqişələrin əsasında xarici güclərin geosiyasi iddiaları dayanır.
Təəssüf ki, müxtəlif bəhanələrlə, o cümlədən nəhəng bir regionu xaosa sürükləmək üçün düşünülmüş ölüm çiçəkləyən “ərəb baharı” adlı xaos layihəsi ilə müsəlman ölkələrini qan gölünə çevirən güclərin iştahları tükənmək bilmir. Günahsız insanlar qətlə yetirilir. Region ayrı-ayrı geosiyasi maraqları təmsil edən terror qruplarının savaş meydanına çevrilib. Şübhəsiz ki, baş verən bu qanlı cinayətlərə görə regionu xaosa sürükləyən və sürükləməkdə olan güclər məsuliyyət daşıyır. Amma öz xalqlarının təhsil və mədəni səviyyəsinin artırılması istiqamətində real addımlar atmayan, radikal meyllərin inkişafına imkan yaradan siyasi hakimiyyətlərin də məsuliyyəti az deyil. Çünki müasir inkişafdan, elmi tərəqqidən geri qalan və xalq ola bilməyən cahil kütləni parçalamaq, qarşı-qarşı qoymaq daha asandır.


Azərbaycanın təqdimatında İslam həmrəyliyi

Müsəlman ölkələrindəki problemlər sözün əsil mənasında islam həmrəyliyinə nail olunmasını zəruri edir. Azərbaycan prezidentinin 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması ilə bağlı sərəncamı təkcə ölkəmizdə keçirləcək İslam Həmrəyliyi oyunları ilə bağlı deyil. Bu sərəncam eyni zamanda mədəniyyətlərin qovşağında yerləşən, bütün dini konfessiyaların birgəyaşayışının təmin oluduğu Azərbaycan Respublikasının islam ölkələrinə, dünyaya çağırışıdır. Multikultral ənənələriylə seçilən ölkəmizin bu çağırışı isə diqqətin ilk növbədə İslam dinin daşıdığı bəşəri dəyərlərə yönləndirilməsinə xidmət edir.
Azərbaycan islamafobiya və ksenofobiyaya, dini və irqi ayrıseçkiliyə qarşı açıq şəkildə çağırışlar edən, bununla yanaşı dünyaya milli mədəniyyətin əsas göstəricilərindən sayılan tolerantlıq nümayiş etdirməyi bacaran azsaylı ölkələrdən biri və bəlkə də birincisidir. Azərbaycanın təqdimatında İslam həmrəyliyi daha bəşəri və islamın gerçək dəyərlərinin, mahiyyətinin, İslam mədəniyyətinin bütün rənglərinin ifadəsi kimi görünür. Çünki bizim üçün həmrəylik həmrəng olmaq anlamına gəlmir. Çağdaş Azərbaycan mədəniyyətinin gözəlliyinin, yüksək estetik dəyərlərə sahib olmasının əsas səbəblərindən biri də onun müxtəlifliyində, çeşidli rənglərə malik olmasındadır.
Biz İslam dünyasına da öz baxış bucağımızı, yüzillərin sınağından keçərək cilalanmış birgəyaşayış mədəniyyətimizi təqdim edirik. Bizim fərqimiz müxtəlifliklərin vəhdətindədir, rənglərin harmoniyasındadır. Bizi birləşdirən dəyərlərin dini və milli mənsubiyyəti yoxdur. Onlar milli və dini olduqları qədər bəşəridirlər və yaxud əksinə bəşəri olduqları qədər dini və millidirlər.
Gerçək bir azərbaycanlının düşüncəsində İslam həmrəyliyi həm də bəşəri həmrəylikdir. Əslində bu amil islam dininin öz fəlsəfi mahiyyətindən qaynaqlanır. Çünki mərhəmətli olmaq həm də daha çox tolerant olmaq deməkdir.
Müqəddəs Qurani-Kərim “Mərhəmətli və Rəhimli Allahın adı ilə” başlayır. Bu sözlər İslam dəyərlərinin qapılarını açmaq üçün açar sözlərdir. Hər şey bu sözlərdən, bu dəyərlərdən və bu sifətlərdən başlayır – Bu isə mərhəmətdə həmrəylik, humanizmdə həmrəylik, insanlıqda həmrəylik deməkdir.
Bu baxımdan, Azərbaycanın ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının da fərqli bir atmosferdə keçəcəyi, islam həmrəyliyinə, mədəniyyətlərarası dialoqa qapı açacağı şübhə doğurmur.
Azərbaycanda aydınlıq, saflıq rəmzi olan su təsadüfən dördüncü İslam Həmrəyliyi Oyunlarının simvolu seçilməyib. Su aydınlıq, saflıq, paklıq rəmzidir. Bu həm də Azərbaycanın islam dünyasına rəmzi müraciətidir. Yəni, əgər niyyətiniz saf və təmiz olarsa, müsəlman ölkələri bir-birilərinə münasibətdə ikili standartlardan sıxış etməzlərsə, öz maraqları naminə dosta göz dağı verib düşmənə qucaq açmazlarsa, elan etdikləri prinsiplərlə əməlləri tərs mütanasib olmazsa, o zaman arzu etdiyimiz islam həmrəyliyinə nail olmaq olar.
İslam Həmrəyliyi oyunlarının simvolunun digər rəmzi mənası isə müsəlman ölkələrində baş verən hadisələrlə bağlıdır. Azərbaycan yenə də humanizm prinsiplərindən çıxış edərək, Suriyanı, İraqı, Liviyanı və digər müsəlman ölkələrini bürüyən alova su çiləməyin vacibliyini diqqətə çatdırır.
Azərbaycan təkcə öz dəyərlərinə deyil, həm də bütövlükdə bəşəri dəyərlərin ayrılmaz bir parçası olan İslam mədəniyyətinə sahib çıxmağı və bu dəyərləri olduğu kimi, humanizm prinsipləri müstəvisində təqdim etməyi bacarır. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan olunması və İslam Həmrəyliyi ili çərçivəsində bu günədək həyata keçirilən tədbirlər də bunu bir daha sübuta yetirdi.
Deməli, biz öz milli və dini dəyərlərimizin təəssübünü çəkməyi və hətta bu təəssübün necə ləyaqətlə, gerçək müsəlmanlara xas bir təvazökarlıqla çəkilməli olduğu örnəyini yaratmağı hər kəsdən yaxşı bacarırıq.
Cənab prezidentin də qeyd etdiyi kimi, qoy, yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun...









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv