Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Kikboksinq üzrə turnirə yekun vurulub

<b>Kikboksinq üzrə turnirə yekun vurulub </b>

Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkar¬lararası reytinq və kəmər döyüşləri uğrunda turnirə yekun vurulub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsinin önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyində eksponatlarla tanış olublar. Turnirin təntənəli açılış mərasimində qonaqları salamlayan muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov ölkəmizdə idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. A.Cabbarov diqqətə çatdırıb ki, aparılan məqsədyönlü idman siyasəti idmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğurlu çıxışlarına zəmin yaradıb: “Azərbaycan artıq dünyada bir idman ölkəsi kimi tanınır. Bunun nəticəsidir ki, hər il ölkəmiz beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi edərək uğurlara imza atır. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında da beynəlxalq səviyyəli idman tədbirləri təşkil edilir. Sevindirici haldır ki, muxtar respublikada ölkəmizi layiqincə təmsil edən gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Bütün idman növləri kimi, kikboksinq idman növü üzrə də muxtar respublika idmançıları ölkə, dünya və Avropa çempionatlarında bir sıra nailiyyətlər əldə ediblər”. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışında qeyd edib ki, ölkəmiz müxtəlif idman növləri üzrə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib: “Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya ölkələri arasında böyük nüfuz qazanmasından xəbər verir. Sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən Naxçıvan Muxtar Respublikasında mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Muxtar respublikada idmana, idmançılara xüsusi diqqət və qayğı göstərilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş peşəkarlararası kikboksinq turnirinin Şərur Olimpiya-İdman Kompleksində keçirilməsi də məhz bunun nəticəsidir”. Adil Əliyev bildirib ki, idmanınn inkişafı baxımından Naxçıvan Azərbaycanın digər bölgələrinə bir nümunədir: “Düşünürəm ki, bu gözəl məkanda bundan sonra da bir sıra mühüm tədbirlər keçiriləcək, idmançılarımız qələbələrə adlarını yazdıracaqlar”. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, turnir açıq elan olundu. AKF prezidenti, millət vəkili Adil Əliyev kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Şərur Olimpiya İdman Kompleksinin direktoru Rza Camalovu, AKF-nin İdarə Heyətinin üzvləri Pərviz Tağıyevi və Famil İsmaylovu Fəxri Fərmanlarla təltif edib, Namiq Musayevə və Natiq Yaqubova beynəlxalq məşqçilik sertifikartlarını təqdim edib. Açılış mərasiminin bədii hissəsində Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin mahnı və rəqs ansamblının bir-birindən rəngarəng çıxışları olub. Sonra kikboksinq üzrə peşəkarlararası reytinq və kəmər döyüşlərinə start verilib. Rinqdə 7 çəki dərəcəsində 14 idmançı K-1 versiyası üzrə mübarizə aparıblar. Reytinq görüşlərində 63,5 kiloqram çəki dərəcəsində “Quba” idman klubunun yetirməsi Turan Qafarov, 67 kiloqramda Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətini təmsil edən Ruslan Musayev, 71 kiloqramda “Qızıl Əlcək” idman klubunun yetirməsi Rəhim Əliyev, 86 kiloqramda “Naxçıvan” idman klubunu təmsil edən Orxan Məlikov, 91 kiloqramda “Quba” idman klubunun təmsilçisi Asəf Aslanov qalib gəliblər. Azərbaycan Kəməri uğrunda döyüşün qalibi 60 kiloqram çəki dərəcəsində gücünü sınayan, DİN İdman Cəmiyyətinin təmsilçisi Zöhrab Əzimov olub. Turnirin sonuncu döyüşündə 75 kiloqram çəki dərəcəsində üz-üzə gələn DİN İdman Cəmiyyətinin təmsilçisi Emil Mövsümzadə və “Qarabağ” idman klubunun təmsilçisi Alişan Aslanlı arasında gedən gərgin mübarizədə Emil Mövsümzadə adını qaliblər sırasına yazdırmağı bacarıb. Sonda qaliblərə kuboklar və kəmər təqdim olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv