Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

Naxçıvan - imkansızı bacaranlar yurdu...

<font color=red><b>Naxçıvan - imkansızı bacaranlar yurdu...</b></font>

Adətən səfər öncəsi gözümə yuxu getmir. Bu dəfə də belə oldu. Baxmayaraq ki, uzaq yola çıxmırdım, amma yenə də göz qapaqlarım alnıma doğru tarıma çəkilmişdi... Hava limanına necə çatdığımı xatırlamıram. Elə hava limanında da Vüqar müəllimin çay süfrəsi arxasındakı zarafatlarından və təyyarənin göyərtəsində Rəşad Məcidin ənənəvi “selfi ziyafəti”ndən başqa xatırlaya biləcəyim bir hadisə baş vermədi... Səfər öncəsi yarıyuxulu üzümü yorğun və zorla seziləcək bir təbəssümün müşayiəti ilə telefonun yaddaşına həkk edib gözlərimi yumdum...

***

...Qatar Araz boyu uzanan tikanlı məftillərin, təxminən 170 illik həsrətin bir neçə metrliyindən şütüyərək keçir, dəmir ritmi ilə dəhlizdəki pəncərədən ayrılığın rəngini gözlərinə çəkən yeniyetmənin içindəki sükutu insafsızcasına pozurdu.
... Vətənin kirəmitlərində də ot bitən bir parçasından ayrılıb çılpaq dağlarla, sərt qayalarla əhatə olunmuş başqa bir parçasına üz tutanda keçdiyi yolun yaddaşında bu qədər dərin iz buraxa biləcəyini ağlına belə gətirməmişdi.

***

...Gözlərimi açanda təyyarə Naxçıvan Hava Limanına enmişdi. Mən isə hələ də yuxu ilə gerçəklik arasında qalmışdım. 34 il öncə yaşadıqlarım mənimlə birlikdə yenidən bu torpağa qayıdırdı...
...Naxçıvan kontraslar məkanıdır. Burada bir rəngdən digər rəngə yumşaq keçid yoxdur, sıçrayış var. Bir tərəfdə çılpaq, bozumtul dağlar, sıldırımlı qayalar, digər tərəfdə Tanrının lütfü olan yaşıl vadilər və insan əməyinin ən gözəl, ən estetik nümunəsi sayıla biləcək meşə zolaqları... Naxçıvanın hər qarışında insan əməyinin izi var. İlğımlara ayna tutan rahat yolarla bizi hər yerdə müşayiət edən yaşıllıqların arasından keçdikcə burada yaşayan insanların zəhmətsevəriyindən, fədakarlıqlarından danışırıq. Burada ağaclar alın təriylə suvarılıb sanki... Naxçıvanın yenidən qurulmasına sərf olunan əməyin ölçülərini, sərhədlərini müəyyənləşdirmək mümkün deyil.
...Dağın, qayanın, daşın, çınqılın arasında Fərhad kimi külüng vuraraq cənnət yaradan insanlar ayaqlarına çökən ağırlığı, qollarına vuran yorğunluğu unudublar artıq. Yorğunluq, ağır və məşəqqətli iş günləri, qızmar Günəş altında cadar-cadar olmuş əllərin acısı unudulub, yaxud nə zamansa unudulacaq. Ən çətin günlərdə, blokada şəraitində, məhrumiyyətlərə sinə gərərək Naxçıvanı çənnətə çevirən insanların fədakarlıqları heç zaman unudulmayacaq. İllər sonra qızmar Günəş şüalarının belə yara bilmədiyi yaşıl yarpaqlı ağacların kölgəsində sağa-sola qaçışan yeniyetmələrin, uşaqların şaqraq səsindən “bu ağacı mənim atam əkib”, “bu yaşıllığı mənim babam salıb” qüruru boy göstərəcək.
Bu günün Naxçıvanı babaların, ataların, nənələrin, anaların gələcək nəsillər üçün qurub yaratdığı ən böyük, ən qiymətli mirasdır.
...Naxçıvanı qarış-qarış gəzdikcə öz-özümə Məmməd Arazın misralarını pıçıldayıram:

“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim”.

Naxçıvanı cənnətə çevirənlər sanki bu misralardan pöhrələniblər. Bax o bozumtul qaya parçalarının arasında bitən ağaclar Vətən sevgisindən, Vətənə oğul olmaq qayəsindən boy atan igidləri xatırladır mənə... Bax, o yaşıllıqdakı çiçəklər bu yurdun qeyrətli qız-gəlinlərinin hər bahar yenigən cücərən siluetləridir.
Naxçıvan Tanrının ən gözəl eskizlərindən biri əsasında insan zəkasının və əməyinin yaratdığı əsrarəngiz, təkrarolunmaz rəsm əsərinə bənzəyir...
Və bu əsəri 34 il öncə olduğu kimi, amma daha zəngin, palitranın bütün rənglərindən istifadə etməklə gözlərimə çəkib yavru Vətəndən ayrılıram.
İmkansızı bacaranların yurduna yenidən qayıtmaq ümidiylə...

Elçin Mirzəbəyli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv