Son xəbərlər
20 NOYABR
18 NOYABR
17 NOYABR
16 NOYABR
MEDİA

İTV-nin fəaliyyətində nöqsanlar aşkarlandı

<b>İTV-nin fəaliyyətində nöqsanlar aşkarlandı</b>

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib

APA-nın xəbərinə görə, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.
Müəyyən edilib ki, subsidiyanın hesablanması zamanı real tələbatlar və əvvəlki illərin icra rəqəmləri nəzərə alınmayıb, "İctimai Televiziya və Radio Yayımı haqqında" qanunun müvafiq maddələrində nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmalardan başqa digər mənbələr üzrə vəsaitin daxilolması işi zəif təşkil edilib, İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə reklamdan əldə olunan gəlirlər ümumi xərcin 2015-ci ildə 1,55%-i, 2016-cı ildə 0,3%-i həcmində olub.
Əmək haqqının icrası zamanı bir sıra hallarda elmi dərəcələrə görə, eləcə də mükafat ödənişi zamanı artıq vəsait ödənilib, sanatoriya-kurort müəssisələrində və istirahət zonalarında olan işçilərə istirahətdə olduqları günlər üçün, həmçinin işdən azad edilmiş işçilərə iş günləri hesablanaraq vəsait ödənilib.
Bir sıra hallarda əmək haqqı və məzuniyyət dövrü üzrə gəlir vergisi az hesablanıb, mülki-hüquq müqavilə əsasında işləyən işçiyə muzdlu işdən əldə edilən aylıq gəlirlərinə vergi güzəşti düzgün tətbiq edilməyərək gəlir vergisi az tutulub, həmçinin artıq ezamiyyə xərci ödənilib.
Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsiplərinə riayət edilməyərək 2015-ci ildə həyata keçirilmiş satınalmanın 78,3%-i bir mənbədən (birbaşa) satınalma metodu ilə icra olunub.
Maliyyə hesabatları "Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat"ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib, bir hesabat dövründən artıq istifadə ediləcəyi ehtimal olunan ehtiyat hissələri və xidməti avadanlıqlar, yerinə yetirilmiş işlər və yeni quraşdırılan avadanlıqlar xərcə silinib, bəzi əsas vəsaitlər tam amortizasiya olunmadan uçotdan silinib, eləcə də cari təmir məsrəflərinin müvafiq normadan artıq hissəsi bina və tikililərin kapitallaşdırılmasına aid edilmədən birbaşa faktiki xərclərə silinib.
Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarı İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv