Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
16 SENTYABR
15 SENTYABR
MEDİA

Ekspertdən MTRŞ sədrinə dəstək: “Monoton, maraqsız...“

<b>Ekspertdən MTRŞ sədrinə dəstək: “Monoton, maraqsız...“</b>

Nuşirəvan Məhərrəmli bir tamaşaçı kimi doğru irad bildirib

Ancaq Milli Teleradio Şurasının sədri kimi o, təşəbbüs irəli sürməli, örnək verməlidir.
Bu sözləri Axar.az-a media eksperti Zeynal Məmmədli Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin telekanallarda saat 12-18 arası baxmağa veriliş tapmaması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib. Məmmədlinin fikrincə, hər bir televiziyanın proqram siyasəti olmalıdır:
“Çox təəssüf ki, bu gün bizim televiziyalar ictimai rəydən, reytinqdən asılı deyil. Bəzən televiziyalar arasında zahirən rəqabət mühiti yaradılır. Ancaq bu, tam olaraq belə deyil. Kanallarda demək olar ki, yaradıcı mühit yoxdur. Bu da kanalların bir-birini təkrarlamasına səbəb olur. Həmçinin rəqabət aparmağa maraqlı olmurlar. Bizim əksər telekanallar tamaşaçı üçün maraqlı və baxımlı bir şey hazırlamağa cəhd etmir. Sadəcə yola verirlər yayımı. Ona görə təkrarçılıq olur, baxmaq üçün maraqlı bir şey tapmaq olmur”.
Z.Məmmədlinin sözlərinə görə, bu istiqamətdə böyük iş dövlət büdcəsindən maliyyələşən telekanalların üzərinə düşür:
“Büdcədən maliyyələşən kanallar nümunəvi, örnək verilişlər hazırlamalıdır, auditoriyanı əlinə almalıdır. Özəl kanallar da auditoriyasını itirdiyini görəndə rəqabət aparacaq, auditoriyanı geri qazanmaq üçün daha keyfiyyətli iş görəcək. Büdcədən pul ayrılan kanalların üzərinə burada daha çox yük düşür. Büdcə pulları belə xərclənə bilməz. Daha məsuliyyətli olmaq lazımdır. Hər kanalın öz daxili yaradıcılığı olsa, rəqabət mühiti yaransa, efir daha maraqlı olar. İndiki kimi monoton, bir rəngli və maraqsız olmaz”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin çox olduğunu və efirimizdə saat 12-18 arasında baxmağa normal bir veriliş tapa bilmədiyini deyib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv