Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Tarix yazmağa cəmi 24 saniyə qalmışdı...

<b>Tarix yazmağa cəmi 24 saniyə qalmışdı...</b>

Özümü qeyri-ixtiyari yerdə dizləri üstə çöküb həyəcanla gözləyən şəkildə tapdım. Əllərim bir-birinə kilidlənmişdi, sanki Tanrı qapısında son bir ümidlə yalvarırdım. Gözlərim baxdığı yerdən başqa hər şeyi görür və qəbul edirdi

Solumda əyləşən dostumun gözlərində sanki illərin yorğunluğu, həsrəti, intizarı vardı. Qarabağımızın bir parçası olan Cəbrayıl və Füzulinin işğalının 24-cü ildönümündə “Qarabağ”ın möhtəşəm qələbəsinə cəmi 24 saniyə qalmışdı. Hər anı bir xalqın duyğularını alt-üst edən, bir xalqın sevincini təhdid edən, bir xalqın arzusunu əlindən ala biləcək 24 saniyə. Hansı ki, bu an anlamırdıq vaxtı necə ölçə bilərik. Zaman durmamışdı hərçənd. Dura da bilməzdi, ancaq sözsüz ki, dünya Günəşin yox, bütöv bir xalqın başına fırlanırdı.
Hər kəs elə bir hissin arxasınca gedirdi ki, min illər ərzində heç bir inanc, fikir, qurum bu hissin verdiyi birliyi təlqin etməmişdi. Xalqın komandası “Qarabağ” zəfərin cəmi 24 anında idi. Əvvəllər dost və qardaş ölkənin klublarının oyunlarında keçirdiyimiz hisləri indi doğma “Qarabağ”ımız bizə yaşadırdı. Həmin an “köhlən atlılar” meydanda 11 nəfərlik bir komandadan daha çox 50 milyonluq nəhəng bir xalq kimi gəlirdi gözümə. Hər qarışı uğrunda mübarizə gedən meydança isə qarabağlıların qapısı qarşısında qorxulu bir mövqeyə çevrilmişdi. Topun qapımıza yaxınlaşdığı hər saniyə içimizdən bir səs “Yox” deyirdi. Hamılıqla gözümüz meydandakı 22 nəfərdən çox sarı geyimli, əlindəki fitlə bizi arzuladığımız qələbəyə çatdıracaq həmin şəxsə yönəlmişdi. Top havada olarkən səslənən fit səsi, körpə ikən bizi şirin yuxuya qərq edən ana laylası qədər doğma, möhtəşəm səhnələrdə tamaşaçıları valeh edən musiqilər qədər ecazkar təsir bağışladı yəqin ki hər kəsə. Final fitindən sonra meydanda hönkür-hönkür ağlayan rəqib oyunçularının göz yaşları bizi sevindirməsə də, Qurban Qurbanovun göz yaşları ekran başında gözləyən milyonları sevinc hissi ilə boğmağa, hər dəfə qursağımızda qalan arzuların əvəzini dəfələrlə çıxmağa kifayət etdi. Meydançada sağa-sola qaçan oyunçularımızı köksümüzdə eyni hərəkəti inanılmaz bir sürətlə təkrar edən qəlbimiz əvvəllər yaşanmamış, təkrarolunmaz hislərlə müşayiət edirdi.
“Qarabağ” futbol klubu bizə yaşamadığımız, bilmədiyimiz elə bir an yaşatdı ki, xalq olaraq bunu bizə yalnız klubumuzun daha böyük uğuru unutdura bilər.
Azərbaycanda hər kəs inanmışdı qələbəyə və bu qələbəni bizə hədiyyə etdiyin üçün “Qarabağ”a təşəkkürlər!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv