Son xəbərlər
22 NOYABR
21 NOYABR
20 NOYABR
18 NOYABR
17 NOYABR
İQTİSADİYYAT

Avro bahalaşır: proses nə qədər davam edəcək? – Ekspert

<font color=red><b>Avro bahalaşır: proses nə qədər davam edəcək? – Ekspert</b></font>

Avronun son zamanlar aparıcı valyutalara qarşı möhkəmlənməsi, dolların ucuzlaşmasının manatın məzənnəsinə təsiri və qarşıda dünya valyuta bazarını gözləyən dəyişikliklərlə bağlı iqtisadçı alim Vüqar Bayarmovun Axar.az-a müsahibəsini təqdim edirik.
- ABŞ-ın dolları ucuzlaşdırması prosesi özünü avronun məzənnəsində göstərdi. Belə ki, artıq avro psixoloji - 1 dollar 20 sent həddini keçib. Bu proses nə qədər davam edəcək və ilin sonuna qədər Avropa pulunun məzənnəsi hansı həddə qədər bahalaşa bilər?
- Son 1 ayda avronun möhkəmlənməsi müşahidə edilir. Avronun gələcək məzənnəsi ilə bağlı hazırda iki versiya var. Bildiyiniz kimi, Avropa Mərkəzi Bankı gələn ay yenidən toplantı keçirəcək. Avropa Mərkəzi Bankı tərəfindən səhmlərin yerləşdirilməsi prosesi 2017-ci ilin sonunda başa çatır və artıq növbəti illərdə uçot dərəcəsi ilə bağlı qərar veriləcək. Bu, birbaşa avronun məzənnəsinə təsir göstərəcək.
Birinci proqnoz ondan ibarətdir ki, dolların ucuzlaşması fonunda avronun növbəti dövrlərdə möhkəmlənməsi davam edə bilər. Avronun məzənnəsinin dəyişməsi Avropa Mərkəzi Bankının qəbul edəcəyi qərarla yanaşı, dolların mövqeyi ilə bağlı olacaq. Bildiyiniz kimi, dolların mövqeyində yumşalmalar var. Xüsusən də son aylar dollar aparıcı valyutalara nisbətən dəyər itirir. Əgər Ağ Ev dolların ucuzlaşması prosesində marağını davam etdirərsə, bu, nəticə etibarilə avronun möhkəmlənməsinə gətirib çıxaracaq. Ancaq kəskin möhkəmlənmə, yəni əvvəlki illərdə olan məzənnəyə qayıdış nəzərdə tutulmur. Nəzərə alsaq ki, bir müddət avronun məzənnəsi kifayət qədər yüksək idi.
İkincisi, oktyabrda Avropa Mərkəzi Bankının uçot dərəcəsi, eləcə də yeni bondların yerləşdirilməsi ilə bağlı qərarı avronun yumşalması istiqamətində olarsa, bu, təbii ki, məzənnədəki artımların dayanmasına gətirib çıxaracaq. Hazırda mövcud vəziyyət avronun möhkəmlənməsi və ən azı mövcud kursun qorunub saxlanması üçün zəmin yaradır. Bir məqamı da nəzərə almaq lazımdır ki, Avropa Birliyi möhkəm avroda maraqlı deyil. Çünki avro kəskin möhkəmlənməkdə davam edərsə, o zaman Avropa Mərkəzi Bankı bunun qarşısını ala bilər. Hələlik isə mövcud məzənnə Avropa Birliyi üçün çətinlik yaratmadığından və ixrac qabiliyyətinə təsir göstərmədiyindən avronun müəyyən qədər də möhkəmlənməsi mümkündür. Ancaq kəskin bahalaşma gündəmdə deyil.
- Avronun kursunun dəyişməsi fonunda dolların ucuzlaşması Azərbaycan manatına hansı formada təsir göstərir?
- Bütövlükdə Avropa pulunun məzənnəsinin dəyişməsi tendensiyasına diqqət yetirsək, avro yay aylarında möhkəmlənməyə başladı. Bu kontekstdən xüsusən mayın 11 ilə sentyabrın 11-ni müqayisə etsək, avro manata nisbətən təxminən 10 faiz möhkəmlənib. Bu o deməkdir ki, avro saxlayanlar maddi fəaliyyətində hər 1000 avroda 10 faiz gəlir əldə edib. Avronun möhkəmlənməsi manatın dollara nisbətən kursuna təsir göstərmir. Çünki manatın dollara nisbətən kursunu birbaşa tələb müəyyənləşdirdiyi üçün avronun məzənnəsinin dəyişməsi dolların manata kursuna təsir göstərmir, sadəcə bu, birbaşa avronun manata nisbətən möhkəmlənməsinə gətirib çıxarır.
- Vüqar müəllim, bütün dünyada böhran zamanı aparıcı ölkələrin vətəndaşları qənaət rejiminə keçirlər. Ancaq nədənsə bu proses Azərbaycanda o qədər də hiss olunmur. Başqa sözlə, insanlarımızın qənaət etdiyini görmürük. Ölkəmizdə bu iqtisadi təfəkkürün formalaşmaması nə ilə bağlıdır?
- Azərbaycan büdcədən infrastruktur, eləcə də qeyri-sosial xərcləri azaltmaqla praktik olaraq qənaət rejiminə keçdi. Sosial xərclərdə azalmaların olmaması isə əslində müsbət haldır. Vətəndaşlarımızın qənaət rejiminə keçməsi dedikdə, əslində söhbət qənaət deyil, ailə büdcəsinin planlaşdırılmasından gedir. Çünki Böyük Britaniyada ailələrin təxminən 90 faizi öz büdcələrini planlaşdırır. Böyük Britaniya Statistika Departamentinin internet səhifəsində ailə büdcəsinin planlaşdırılması ilə bağlı xüsusi bir sayğac da var ki, ailə ondan istifadə etməklə büdcəsini proqnozlaşdıra bilir. Azərbaycanda ailə büdcəsinin planlaşdırılması az tətbiq olunur. Düzdür, son illər ailə büdcəsini planlaşdıranların sayında artımlar var. Ancaq qiymətləndirmələrimiz göstərir ki, vətəndaşlarımızın təxminən 40 faizi ailə büdcəsini bu və ya digər formada planalaşdırır. 60 faiz isə bu planlaşdırmanı aparmır, ancaq xərclərini gəlirlərə uyğunlaşdırılmasına çalışırır. Məncə, qənaətin tətbiq edilməsi ilk növbədə ailə büdcəsinin planlaşdırılmasından keçir. Bununla bağlı həm psixoloji təbliğati tədbirlərə, həm də dövlət qurumları tərəfindən Britaniya modelində olduğu kimi sayğacın hazırlanması və vətəndaşlara təqdim olunmasına ehtiyac var. Burada sayğaclar aylıq inflyasiya və digər faktorları nəzərə almaqla ailəyə imkan verir ki, öz büdcəsini planlaşdıra bilsin. Ümumiyyətlə, iqtisadiyyatın kökündə qənaət dayanır. Hər bir ailə istər böhran dövründə, istərsə də böhrandan sonra xərclərə qənaət etməyə çalışmalıdır. Bunun da yeganə yolu ailə büdcəsinin planlaşdırılması ənənəsinə sahib olmaqdır. Bu, nəticə etibarilə vətəndaşın hər zaman öz vəsaitini daha qənaətlə xərcləməsinə və zərər etməməsinə gətirib çıxaracaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv