Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Rus elitası İrəvandan niyə imtina edir: Sərkisyanın şantajı...

<b>Rus elitası İrəvandan niyə imtina edir: Sərkisyanın şantajı...</b>

Ermənistan son illər parlamentdə xarici əlaqələr komitəsi səviyyəsində bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını özündə ehtiva edən qanun layihəsinin müzakirəsi ətrafında çox gərgin daxili debatlara, qarşıdurma və ciddi real toqquşmalara məruz qalıb

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc danışıb. Millət vəkili bildirib ki, bu yöndə təşəbbüsün Yelk Partiyası, onun nümayəndələri Nikol Paşinyan və digər deputatlar tərəfindən irəli sürülməsi əslində bir qədər gözlənilməz oldu:
“Məsələnin mahiyyətində nələr dayanır? Həqiqətənmi bir fraksiya parlamentdə müxalif baxışlara malik olduğu üçün Ermənistanın xarici siyasət kursunu kardinal dəyişdirmək istəyir? Həqiqətəmi onlar qərbpərəstdirlər və belə bir xarici siyasət seçimi bu ölkəni tamamilə müstəqilliyə qovuşduracaq? Məsələni bir qədər fərqli kontekstdə araşdırsaq, həqiqətənmi rusofillərlərlə qərbyönümlülər arasında qüvvələr nisbəti ikincilərin xeyrinə dəyişib və hazırkı gerçəklikdə Sərkisyan hakimiyyəti əleyhinə bir daxili seçim problemi var? Bütün qeyd olunanların hər birinin real ictimai-siyasi, o cümlədən iqtisadi alt qatında dayanan mühüm amillər var. Baxın, həmin fraksiya təmsilçiləri real analizlərə dayanaraq bəyan edirlər ki, son 3 ildə Ermənistan ÜDM-də 8 faiz geriləyib, işsizlik 13 faizi keçib. Bu, şübhəsiz ki, sosial gərginliyi daha da ağırlaşdırıb. Üstəlik, Ermənistanın beynəlxalq iqtisadi ehtiyatlarında, yəni xaricdə hər hansı bir iqtisadi əlaqələr qurmaq prosesində çox mühüm geriləmələr var. Bu, 40 faizdən artıqdır. Nəticədə dövlətin xarici borcu ÜDM-nin 60 faizini üstələyib və Ermənistanın maliyyə iqtisadi reytinqi xeyli aşağı düşüb. Deməli, belə vəziyyətdə Ermənistana borc vermək istəyən ölkələr və beynəlxalq təşkilatlar da azalıb. Belə olan təqdirdə 3 il əvvəl Sərkisyan rejimi hansı böyük gələcək perspektiviylə Ermənistanı bir gecənin içində AİB-ə üzv etdi. Axı real olaraq xalqın rəyi alınmadı, hər hansı bir referendumun keçirilməsi, yaxud da plebisit vasitəsiylə insanların rəylərinin öyrənilməsi gerçəkləşdirilmədi. Doğrudur, yüz illər ərzində Rusiya-Ermənistan münasibətləri bəlli bir tarixi gerçəklərin içərisindən keçib. Bu, xüsusilə də yaşlı təbəqənin təmsilçilərində dərin izlər buraxıb. Bu mənada onların üzünü çox kəskin bir şəkildə hansısa fərqli səmtə çevirəcəyini gözləmək çətindir”.
Millət vəkili qeyd edib ki, ötən illər ərzində Ermənistanın yalnız Rusiya ittifaqında möhkəmlənməsi bu ölkənin daxili problemlərini qədərindən artıq çoxaldıb:
“Bu, nəticə etibarilə həm də Rusiyanın özündə, onun siyasi, hərbi elitasında da İrəvana qarşı mövqeləri xeyli pisləşdirib. Artıq Rusiya mediasında çox ünlü simaların, ideoloq və siyasətçilərin Ermənistan əleyhinə kəskin bəyanatlarının şahidi olmuşuq. Onlar söyləyirlər ki, bu insanları miqrant kimi istər öz ölkələrində, istərsə də bir dövlət olaraq çiyinlərində bundan artıq daşımaq istəmirlər və antirusiyaçılığın genişlənməsi az fəsadlarla qurtarmayacaq, burada daha böyük hesablar çəkilə bilər. Söhbət 1999-cu ilin parlament gülləbaranına bərabər nəticələrdən gedir. Çünki heç kəsə sirr deyil ki, o dövrdə bir müstəqil yön tutmağa çalışan elita formalaşmışdı və onların içərisində açıq bir şəkildə azad mövqeyini ortaya qoyan və Ermənistanın bölgədəki məlum statusu ilə barışmaq istəməyən, onların region dövlətlərinə qarşı müharibəsinin tərəfində olmayan ayrı-ayrı insanlara çox ağır cəza verdilər və bu, digər baş qaldıran hərəkatlara da yaxşı bir dərs oldu. İndiki reallıqda bəllidir ki, bu təşəbbüslər həmin partiya üzvlərinin öz mövqeyi deyil, burada Sərkisyan rejiminin avantürist planları inkaredilməzdir. Çünki həmin partiyanı quran məhz Sərkisyanın ən yaxın qohum çevrəsindən olan və korrupsiya pulları ilə belə partiya, hərəkatlar yaradanlardır. Deməli, təşəbbüsü Ermənistanın Prezident Aparatından bilavasitə idarə edirlər. Həmin məqamı Rusiyanın Ermənistan üzrə kuratorları da yaxşı bilir və bunlar kəşfiyyat strukturlarına bəllidir. Lakin o biri yandan bu vasitəylə Sərkisyan rejimi Qərbdən xeyli vəsaitlər alır, onlar Avropa Birliyinin, o cümlədən ABŞ-ın müxtəlif proqramlarına layiq görülürlər. Bununla da sanki ikinci bir cəbhə açılır ki, həmin kanallar vasitəsiylə də yenilənirlər. Ancaq məsələnin ən önəmli nöqtəsi 2016-cı ildə baş vermiş Dördgünlük müharibədir. Bu, açıq-aşkar Ermənistanda Moskva və Kremlin uzun illər ayağı altında özünü göstərənlərin sanki bir qədər oyanmasına və müstəqillik tələb etmələrinə səbəb oldu. Hazırkı parlament təşəbbüslərində bu obyektiv an da inkaredilməzdir. Yəni Rusiyanın Azərbaycana silah satması, üstəlik, rus əsgərinin 90-cı illərdəki kimi Azərbaycan əleyhinə döyüşməməsi, həmçinin Vladimir Putin və İlham Əliyev arasında regional və beynəlxalq miqyasda mühüm anlaşma prosesləri Ermənistan rəhbərliyinə sadə xalq kütlələrini ətraflarında əvvəlki ənənəvi siyasət üzərində saxlamağa imkan vermir. Məhz buna görə də indi parlamentdə həmin xarakterli dinləmələr meydana çıxıb”.
Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını özündə ehtiva edən qanun layihəsinin müzakirəsinin nə ilə sonlanacağına və bu proseslərin hara qədər inkişaf edə biləcəyinə gəlincə, millət vəkili hesab edir ki, həmin hərəkatın önündə gedənlər sərt cəzalanacaqlar:
“Çünki Ermənistanın AİB-dən kənarda da real həyatı yoxdur. Bundan ötrü İrəvan Türkiyə, Azəbaycan, o cümlədən Gürcüstan və Qərblə yaxşı əməkdaşlığa getməlidir. Həmin ölkənin daxili, bütün mühüm iqtisadi strukturları Rusiyaya tabe etdirildiyi hansı qüvvə bu ölkəyə böyük investisiya qoyacaq? Türkiyə ilə münasibətləri BMT tribunasından şərtsiz gələcək adıyla şifrələməyə çalışan Sərkisyan doğurdanmı həmin protokolları təkrar gündəliyə qaytarıb bunun vasitəsiylə bölgədə dondurulmuş münasibətləri hərəkətə gətirməyə hazıdır? Şərtsiz deyəndə o, Qarabağ məsələsini Türkiyənin irəli sürməməsini nəzərdə tutur. Hətta belə nəzəriyyə irəli sürək ki, birdən gerçəkdən də bu cür proseslər baş verdi, o zaman Ermənistan həqiqətənmi tamamilə Rusiyanın təbəələyindən qopub müstəqil bir dövlət kimi xarici siyasət kursunu yürüdə biləcək. Bunu ağıla gətirmək çox çətindir, çünki bu, avtomatik olaraq o deməkdir ki, mühüm siyasi böhran baş verəcək, onsuz da idarəetmə sistemini dəyişən bu ölkədə ciddi problemlər daha da artıracaq və hakimiyyət böhranı yeni toqquşmalara meydan açacaq. Ona görə də Sərkisyan bir tərəfdən ayrı-ayrı partiyaların əliylə Moskvanı şantaj etməyə, qapının arxasında ayrı alternativ qüvvələrin olduğunu göstərməyə çalışır. Yəni guya o olmasa Rusiya ilə münasibətləri heç kim qoruyub saxlaya bilməz. O biri yandan isə Qərbə müəyyən mesajlar verir ki, daxildə hansısa qüvvə onların vasitəsiylə bu ölkədə kursu dəyişdirmək istəyir. Belə demək mümkündürsə, bir avantüra qurulub, ancaq nəticə etibarilə Ermənistanın regional statusu dəyişmir. Bu ölkə özünü yalnız plasdarm kimi görür və ona görə də İrəvanı bu kursdan nə Nikol Paşinyan, nə də digərləri çıxara bilər. Çünki Ermənistanın ilk prezidenti, yetəricə ideoloji siyasi gücə malik olan və xalqının mənafeyini dəqiq müstəvidə təhlil etməyi bacaran Levon Ter-Petrosyan bunu dəfələrlə və ağrıyla söyləyib”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv