Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Qarabağ Ermənistanın gələcəyini məhv etdi

<b>Qarabağ Ermənistanın gələcəyini məhv etdi</b>

SSRİ-nin çöküşü ilə meydana çıxan etnik milli konfliktlər son olaraq Şimali İraq və Kataloniyadakı referendum fonunda yenidən beynəlxalq informativ gündəmə çıxıb və sanki tarix onlara yeni bir rakurs yaradır

Hadisələrin yenidən etnopolitoloji mənzərəsi cızılır, eyni zamanda, hərbi münaqişələrin gedişinə və onun nəticələrinə münasibət, belə demək mümkündürsə, dəyişdirilir.
Bu sözləri Axar.az-a Avropa və Yaxın Şərqdə baş qaldıran separatizm dalğasının Qafqaza və bu regiondakı hərbi münaqişələrə təsirləri ilə bağlı suallara aydınlıq gətirən millət vəkili Zahid Oruc deyib. Millət vəkili dünya ictimai fikrində, xüsusən də siyasi elitalarda hərbi münaqişələrlə bağlı mövqelərin köklü şəkildə korreksiyaya uğradığını bildirib:
“Bu, çox önəmlidir. Görünür, böyük bir zaman keçməlidir. Doğrudur, bu illərdə həmin müharibəyə məruz alan əsas titullu dövlətlər - Azərbaycan, Gürcüstan, Moldova bir tərəfdən fəlakət yaşadı, o biri yandan insanların fundamental hüquqları pozuldu və onlar müstəqil bir ölkə tərəfindən öz yaşam imkanlarını gerçəkləşdirə bilmədilər, həmçinin dövlətlərin proyeksiyası, onların inkişaf ssenarisi belə dəyişdi. Dinc dövrdə bütövülüyü təmin olunmuş bir vəziyyətdə regionlarda tamamilə fərqli bir təhlükəsizlik şəraiti, iqtisadi perspektivlər olardı. Hətta cəmiyyət olaraq da hamının həyat yaşantıları fərqlənə bilərdi. Demək olar ki, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ məsələsindən ziyan çəkməyən yoxdur. Faktiki olaraq ermənilər belə hazırkı reallıqda Qarabağın girovuna çevriliblər, onlar həqiqi müstəqil ölkə həyatını yaşamaq imkanında deyillər. Qarabağ sanki Ermənistanın gələcəyini bloklayıb və özündən asılı vəziyyətə salıb. Belə olan təqdirdə Avropa strukturlarında yeni təşəbbüslər meydana gəlməkdədir. Gördüyünüz kimi, Avropa Parlamentinin 35 üzvünün Kataloniya hadisələrini müdafiə edərək İspaniya hökumətinin güc tətbiqini kəskin şəkildə pisləməsi aşkar şəkildə separatizmə dəstəkdir. Qəbul etməliyik ki, dövlətlərin, mərkəzi hakimiyyətlərin bütövlüyünün təminatı yönündə istənilən gücü tətbiq etməyə hüquqları var və bu, onların yetkin səlahiyyətləri daxilindədir, hətta siyasi addımlar da sərt cəzalanmalıdır. Əks halda doğrudan da Avropada baş qaldıran bu etnik milli xəritənin dəyişdirilməsi cəhdi həmin birlikləri darmadağın edər və təhlükəsizlik mühitini ortadan qaldırardı. Ona görə də ikinci təşəbbüs sahibləri qəbul edirlər ki, vaxtında ATƏT-in formalaşdırılması üçün ortaya qoyulan məram ərazi bütövülüyü prinsipinin dominant seçilməsiylə onun daxilində etnik-milli zümrələrə yüksək muxtariyyətin verilməsindən ibarət idi. Öz müqəddəratını təyinetmə məhz bu anlamda qəbul edilmişdi. Faktiki olaraq son dövrlər bu mövqenin sahibləri daha çox artmaqdadır”.
Zahid Oruc hesab edir ki, Avropa Birliyi çərçivəsində konfliktlərin yenidən baş qaldırmasından daha artıq onların cilovlanması yönündə kəskin addımlar atıla bilər:
“Separtizmin yaxın zamanlarda cilovlanması üçün Avropa Şurasında, Avropa Parlamentində, ümumən Avrpo Birliyinə daxil olan ölkələrin xarici siyasət doktrinalarında, xüsusilə də hüquqi və siyasi məkana aid olan ekspert camiyəsi tərəfindən çox mühüm təşəbbüs və sənədlər ortaya qoyulmaqdadır. İndi artıq böyük auditoriyası olan media dərgiləri “referendum əsl həqiqətdə nədir”, “xalqlar nə zaman müstəqilləşə bilər”, “hər bir ölkənin içərisində olan polietnik dairələr ayağa qalxasa və mərkəzi qüvvələrdən qopmaq istəsə, nələr baş verərdi” suallarını qoyurlar. SSRİ-nin dağılmasıyla İspaniyadakı hadisələr mahiyyətcə eynidirmi, yaxud Şərqi Timor dövlətinin meydana çıxmasının bu hadisələrlə parallelləşdirilməsi yerinə düşərmi? Bütün bu məsələlər aktual bir şəkildə qoyulur və son günlər Qarabağ məsələsinə də bir həssasiyyət hiss edilməkdədir. Baxın, ölkə rəhbəri 28 dövlətin təmsilçisini qəbul edən zaman açıq mətnlə söylədi ki, Şərq Tərəfdaşlığı sammitinə gəlməyimizi istəyirsiniz və başa düşüləndir ki, söhbət Rusiya əleyhinə bu dövlətlərin həmin siyasi-iqtisadi məkandan qoparılmasından gedir, üzünü Qərbə çevirməsi istənilir. Əgər belədirsə və bu 28 dövlətin içərisində heç bir parçalanma yoxdursa, onda nə deyib Qarabağ məsələsində fərqli bir resept irəli sürəcəklər? Tutaq ki, Ermənistanın bu qurumda təmsilçiliyini istəyirlər. Hərçənd əminəm ki, ən sonda Sərkisyan bütün prosesi pozacaq və “Troya atı” kimi bura niyə qoşulduqlarını sübut edəcəklər. Yəqin, ən sonda bunların rəhbərliyi Kremlə açıq raport verəcək və Brüsseldən də telefon edəcəklər ki, bu proseslər onlar tərəfindən imzalansa, Ermənistan parlamenti gülləbəran edilə bilər, yoxsa yox? Ancaq ən önəmli məsələ bundan ibarətdir ki, dünyadakı hadisələr daha artıq dərəcədə hüquqi və siyasi baxımdan köhnə münaqişələri tənzimləmək istəklərini gücləndirəcək, nəinki yeni-yeni münaqişələrin yaranmasını.
Faktiki olaraq Gürcüstan açıq şəkildə Avropa Birliyinə daxil olmaqla, yaxud fərdi əməkdaşlıq formatında və yaxın qonşuluq siyasətində münasibətlərə getməklə Abxaziya və Osetiyanı geri qaytarmağa çalışır. Rəsmi Tiflis bu problemi Avropa Birliyinin gündəliyinə yükləyib. Gördüyünü kimi, Osetiyadan gedən adamlara viza verilmir, onları qəbul etmirlər. Bəs Qarabağdakı ermənilər nə deyib xarici məkana çıxmaq istəyəcəklər? Sabah Avropa Birliyinə qatılan ölkələrdən kimsə Qarabağa investisiya qoymaq istəsə, onun mövqeyi hüquqi cəhətdən necə güclü olacaq?
Hesab edirəm ki, Avropa Birliyi çərçivəsində bütün bu məsələlərə dair real öhdəliklər götürülməlidir, orada ciddi konsensus olmalıdır. Baxın, Krım əleyhinə qəbul edilmiş təxminən yüzə yaxın sanksiya var. Bəs başqa münaqişələrə fərqli düsturu necə tətbiq edəcəklər? Əslində, Rusiyanın içərisində də Kataloniya hadisələrinə bir qədər eyforik yanaşma var idi, ancaq sonrakı günlər onların əsas siyasi fikir sahibləri, Kremlə yaxın ideoloqları bunun Rusiyanın xeyrinə olmadığını söylədilər. Qeyd etdiyiniz kimi, Çeçenistan, Tatarıstan, Udmurtiya və s. kimi əsasən türk mənşəli xalqların böyük bir zolağında vaxtilə separtizm hərəkatını dəstəkləyən beynəlxalq qüvvələr var. Putinin hakimiyyətə gəlməsiylə onları sərt bir şəkildə cəzalandırdılar və Rusiya bu gün çoxmillətli bir dövlət olmasıyla fəxr edir. Bu, təbii ki, onların üstünlüyüdür. Amerikda da bu belədir. Əgər o nöqteyi-nəzəri bu dövlətlərə yönəldiriksə, onda həqiqətənmi Qarabağı müstəqil dövlətə çevirməklə bölgədə təhlükəsizlik güclənəcək? Həqiqətənmi bu məkanda əlaqələr, iqtisadi münasibətlər dərinləşəcək? Yəni bu, fiksiyadır, real deyil. Ona görə də Kataloniya və Şimali Kürdüstan hadisələri dondurulmuş münaqişələri təkrar oyatdı, onlara yeni münasibəti ortaya çıxardı və bunların həlli zərurətini sübuta yetirdi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv