Son xəbərlər
17 NOYABR
16 NOYABR
15 NOYABR
SOSİAL

Avtobuslarda dava: sərnişin sürücünü döydü - Nə etməli?

<b>Avtobuslarda dava: sərnişin sürücünü döydü - Nə etməli?</b>

Təəssüf ki, son günlərdə sərnişinlərin avtobus sürücüləri ilə kobud davranması, onları təhqir etməsi və əlbəyaxa davaya çıxması xəbərləri ilə tez-tez rastlaşırıq

Avtobuslarda baş verən mübahisələrin görüntüləri sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Bəs sözügedən problemlərin aradan qaldırılması üçün nə etmək lazımdır?
Bu barədə Axar.az-ın suallarını cavablandıran yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, belə neqativ halların baş verməsi uzun illər insanlarda bu sahəyə qarşı heç də xoş olmayan münasibətin formalaşmasından irəli gəlir:
“Həmin davranışa yol verən şəxslər aqressiv və insanlarla ünsiyyət səviyyəsi aşağı olan adamlardır. İnsanlar bu vaxta qədər avtobus sürücülərinin sükan arxasında siqaret çəkməyini, telefonla danışmağını, təhlükəsizlik qaydalarına riayət etmədiyini və yol hərəkəti qaydalarını pozduğunu müşahidə etdiklərinə görə cəmiyyətdə onlara qarşı mənfi münasibət formalaşıb. Buna görə də çox adam düşünür ki, avtobus sürücülərinin əksəriyyəti biədəb, nizamsız, kobuddurlar və onlarla necə istəsən, davranmaq olar. İlk növbədə bu yanaşmanı dəyişmək lazımdır. Son zamanlar bu baxımdan avtobus sürücülərində müsbət mənada dəyişmə müşahidə olunur. Məsələn, “Baku Bus”un və bir sıra özəl şirkət avtobuslarının sürücüləri sərnişinlərlə ünsiyyət zamanı bu normaları gözləyirlər və çalışırlar ki, neqativ hallar baş verməsin”.
Ekspertin sözlərinə görə, sürücü-sərnişin mübahisələrinin aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır:
“Avtobuslar 50-60 nəfər adamı daşıyır. Əgər kimsə avtobus sürücüsünə qarşı fiziki müdaxilə etsə, qəza baş verə bilər və bu da insanların həyatını itirməsi və ya yaralanması ilə nəticələnə bilər. Ona görə də birinci dərəcəli insanların dünyagörüşünü, yanaşmalarını dəyişmək və bu sahədə təbliğat işi görmək lazımdır.
Belə hallardan qorunmaq üçün gərək hər avtobusda bir polis qoyulsun, yaxud da sürücü üçün zirehdən kabinet hazırlansın?! Buna ehtiyac yoxdur. Sadəcə, insanlar arasında ünsiyyət problemini həll etmək lazımdır. Cəmiyyətdə zorakılıq, bir-birinə qarşı aqressiya varsa, adam küçəyə də çıxmağa qorxar. Hər birimiz yanımızda polis gəzdirəsi, yaxud da belimizə silah bağlayası deyilik ki!
Bu münasibətlərin nizama salınması üçün mümkün qədər çalışmaq lazımdır. İstər kütləvi informasiya vasitələri, istərsə də məktəblər və s. qurumlar bu sahədə maarifləndirmə işi aparmalıdır. Düşünürəm ki, ilk növbədə bu işlərlə polis və ya avtobus sürücülərinin tabe olduğu nəqliyyat təşkilatları məşğul olmalıdır. Ümumiyyətlə sürücüyə fiziki təsir göstərən şəxslər xuliqanlığa görə cərimələnə və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Sadəcə insanları başa salmaq lazımdır ki, qanundankənar hərəkətə yol verən sərnişin təkcə özünü yox, xeyli sayda insanın həyatını təhlükəyə atmış olur”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv