Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
QHT XƏBƏR

Əsir və girovlarla bağlı tədbir keçirilib

<b>Əsir və girovlarla bağlı tədbir keçirilib</b>

Tədbirdə əsir, girov və itkinlərin ailə üzvləri iştirak edib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihəsinə əsasən tədbir keçirib. Beynəlxalq konfransda Azərbaycanda akkrerditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları, hüquqşünas-alimlər, tədqiqatçılar, QHT sədrləri, eləcə də əsir, girov və itkinlərin ailə üzvləri iştirak edib.
Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxlanılan soydaşlarımızın qaytarılması, itkin düşmüş hesab olunan şəxslərin taleyinə aydınlıq gətirilməsi və zorakılığa məruz qaldıqdan sonra əsir və girovluqdan azad edilmiş şəxslərin hüquqlarının müdafiəsinə nail olmaq üçün beynəlxalq səviyyədə geniş miqyaslı təbliğat işinin aparılmasıdır.
İctimai birliyin sədri Esmira Orucova çıxış edərək bildirib ki, layihə çərçivəsində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün ictimai birlik tərəfindən Azərbaycanda akkreditə olunmuş bir çox xarici ölkələrin səfirliklərində və beynəlxalq təşkilatların nümayəndəliklərində təbliğat xarakterli görüşlər keçirilib: “1988-ci ildən bəri Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə və soyqırım siyasəti həyata keçirməsi 1 milyon insanın hüquqları pozulmuş şəkildə qaçqın və məcburi köçkünə çevrilməsi ilə yanaşı, daha çox narahatlıq və psixoloji gərginlik doğuran, humanitar fəlakətin ən ağrılı problemi olan və bu günə kimi davam edən əsir, girov, itkin problemini yaradıb. Bu gün 3868 nəfər Azərbaycan vətəndaşı münaqişə zamanıitkin düşmüş hesab olunur. İtkin düşmüş şəxslərin 3123 nəfəri hərbçi, 745 nəfəri mülki şəxs, 62 nəfəri uşaq (20 nəfər qız, 42 nəfər oğlan), 262 nəfəriqadın, 302 nəfəri isə qocadır (152 nəfər qadın)”.
E.Orucova qeyd edib ki, sübutlara, hətta azad edilmiş ailə üzvlərinin və yaxınlarının şahidlik etməklərinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu günə kimi qarşı tərəfdə saxlanılır: “Əsirlərin 591 nəfəri hərbçi, 282 nəfəri mülki şəxs, 29 nəfəri uşaq (7 nəfər qız, 22 nəfər oğlan), 99 nəfəri qadın, 112 nəfəri isə qocalardır (63 nəfər qadın). Onu da qeyd edim ki, 553 nəfər əsir və girovluqda qətlə yetirilb və ya müxtəlif səbəblərdən vəfat edib. Onların 448 nəfəri kişi, 104 nəfəri isə qadındır.
Münaqişənin başlandığı dövrdən indiyədək 1437 nəfər əsir və girovluqdan azad edilib. Əsirlərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxs, 210 nəfəri uşaq (74 nəfər qız,136 nəfər oğlan), 342 nəfəri qadın, 285 nəfəi isə qocalardır (108 nəfər qadın)”.
Konfrnasda vurğulanıb ki, iki əsrdən çox tarixə malik olan, “Müharibə hüququ” adlanan beynəlxalq humanitar hüququn, silahlı münaqişələr baş verən ərazilərdə insan həyatının müdafiəsini təmin etməyinə və işğalçı Ermənistanın da 1993-cü ildən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına və onlara əlavə olunmuş protokollara qoşulmasına baxmayaraq, nəinki əsir götürdükləri hərbçilərimizə qarşı amansız olublar, hətta "Müharibə Zamanı Mülki Əhalinin Müdafiəsinə Dair" IV Konvensiyasının 3-cü, 34-cü və digər maddələrini kobudcasına pozaraq, 3 aylıq körpəni, 104 yaşlı ahılı belə girov götürüb, bu günə kimi qaytarmayıblar. Muzdlu və terrorçu qrupların köməyi ilə erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə irəlilədikcə, 4 noyabr 1950-ci il tarixli “Avropa İnsan Hüquqları” Konvensiyasının I bölməsinin 2-ci maddəsinin a-bəndinə, 3-cü maddəsinə, 4-cü maddəsinin 1-ci bəndinə, 1985-ci ildə qəbul edilmiş “İrqi Diskriminasiyanın Bütün Növlərinin Ləğvi Haqqında” Beynəlxalq Konvensiyanın 5-ci maddəsinə, BMT Baş Asambleyasının 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın III hissəsinin 9, 10-cu maddələrinə, 12-ci maddənin 4-cü bəndinə, 16-cı maddəsinə və digər sənədlərə məhəl qoymadan, soyqırım, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndiriblər.
Müharibə ilə əlaqəsi olmayan dinc adamların günahsız qurbanlara çevrilməsi – girovluqda işgəncələrə məruz qalması, şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji zorakılıqlara məruz qalması dözülməz həddə çatıb. Dözülməz şəraitdə saxlanıldıqdan sonra əsir və girovluqdan azad edilmiş 1437 nəfər şəxs bu gün mənəvi və psixoloji gərginlik içində yaşayır. Onlara tətbiq edilmiş işgəncələr nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini belə itirib.
2014-cü ilin iyun ayında öz doğma torpaqlarına-Kəlbəcərə, əzizlərinin məzarını ziyarətə getmiş Diqəm Əsgərov və Şahbaz Quliyev girov götürülərək, hüquqi əsası olmadan, tanınmamış qondarma DQR tərəfindən “mühakimə” olunaraq bu günə kimi işğal olunmuş Dağlıq Qarabağda hüquqları tapdanmış vəziyyətdə saxlanılırlar.
Tədbirdə millət vəkilləri Aytən Mustafayeva, Sevinc Fətəliyeva, Rövşən Rzayev, Fazil Mustafa, Obdsman Aparatının əməkdaşı Müqabil Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Pərviz Əliyev, politoloq Elşad Mirbəşiroğlu və digər konfrnas iştirakçısı çıxış edib.
Sonda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Rövşən Mustafayev adına medala və sertifikata layiq görürülüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv