Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
SİYASƏT

Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? –Təzad

<b>Kataloniya “daxili problemdir”, Qarabağ qlobal? –Təzad</b>

Avropa Şurasının rəhbəri Donald Tusk ötən həftəsonu Avropa Birliyinin Kataloniya prosesinə müdaxilə imkanlarının olmadığı və bunun İspaniyanın daxili işi olduğu ilə bağlı bəyanat yayıb

Yəni, İspaniya öz ərazi bütövlüyü ilə bağlı hansı tədbirləri görsə, qurum bunu normal qarşılayacaq. Ancaq Dağlıq Qarabağ məsələsində Avropa Birliyi bunu Azərbaycanın ərazi bütövlüyü məsələsi, onun daxili işi kimi qəbul etmir. Hətta problemin həll edilə bilməsi üçün Azərbaycandan müəyyən güzəştlər etməsi tələb olunur. Buna səbəb nədir?
Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli bunun səbəbinin dəfələrlə vurğuladığımız kimi, ikili standartlar olduğunu bildirib:
“Dünyanın aparıcı ölkələri və onların himayəsində olan beynəlxalq təşkilatlar artıq uzun illərdir ki, beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına təminat verən prinsiplərini öz maraqlarının girovuna çeviriblər. Dünyada ədalətin gücü deyil, gücün ədaləti hökm sürür. Bütün bunlar fundamental səbəblərdir. Bundan başqa, şübhəsiz ki, BMT başda olmaqla, beynəlxalq təhlükəsizliyə təminat verən bütün təşkilatların geosiyasi maraqların ifadəsi və uzlaşdırılması üçün alətə, bəzən isə bazar piştaxtasına çevrilməsi, dünyanı beynəlxalq hüququn ali prinsiplərinin deyil, böyük güclərin və transmilli şirkətlərin yaratdığı klubların idarə etməsi, etnik, dini və digər bu kimi amillərdən geosiyasi və geoiqtisadi məqsədlər üçün istifadə edilməsi kimi səbəblər də var”.
Politoloq Elxan Şahinoğlu isə bunun səbəbinin Qərbin Dağlıq Qarabağ probleminə fərqli yanmaşması və problemin həllində Ermənistanın maraqlarının nəzərə alınması olduğunu qeyd edib:
“Bütün bunlar məhz ikili standartlara gətirib çıxarır. Kataloniya məsələsində Kataloniyanın seperatizminə Avropa ölkələri arasında fəal dəstək verən ölkə yoxdur. Dağlıq Qarabağ məsələsində isə faktiki biz Ermənistanla müharibə şəraitindəyik, Ermənistan bizim torpaqlarımızı işğal edib. Ona görə də Avropa İttifaqı bu məsələyə guya fərqli yanaşır. Amma əslində Avropa İttifaqı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Avropa Parlamentində bununla bağlı qətnamələr qəbul edilib. Amma çox təəssüf ki, bu qətnamələr işləmir, qüvvəyə minmir. Məsələn, İspaniyaya dedikləri kimi, Dağlıq Qarabağ məsələsində bunun Azərbaycanın daxili işi olduğunu və Azərbaycanın bu məsələni öz bildiyi kimi həll edə biləcəyini demirlər. Əksinə, Rusiya Xarici İşlər naziri Serqey Lavrov bir müddət öncə Dağlıq Qarabağ probeminin Azərbaycanın daxili işi olmaması ilə bağlı açıqlama vermişdi. Bütün bunlar ondan xəbər verir ki, əslində biz heç kimə güvənmədən, ümid etmədən, öz məsələmizi özümüz həll etməyə çalışmalı və işğalçıya təzyiqi artırmalıyıq”.
Politoloq ikili standartlara din amilinin əsas rol oynaması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Əslində, bu amil də müəyyən qədər rol oynayır. Amma sırf müsəlman ölkəsi olmağımıza görə bizə ikili yanaşma olduğunu deyə bilmərik. Bu məntiqlə düşünsək, İran da müsəlman ölkəsidir, ancaq bizə Qarabağ məsələsində real dəstək vermir, əksinə, Ermənistanla əlaqələrini inkişaf etdirir. Yəni bu baxımdan yanaşdıqda İran bizə tam dəstək verməlidir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev D-8 sammitində çıxışı zamanı məscidləri dağıdan ölkənin müsəlman ölkələrinin dostu ola bilməyəcəyini dedi. Bu, Ermənistanla münasibətləri, ticarət əlaqələri olan müsəlman dövlətlərinə çağırış idi. Belə müsəlman ölkələri, çox təəssüf ki, var. Hazırda bir çox xristian ölkələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox ciddi qəbul etdiyi sənədlər, qətnamələr mövcuddur. Ona görə də buna din deyil, geosiyasi maraqlar prizmasından yanaşmaq daha məntiqlidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv