Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
DÜNYA

Türkiyə Bərzanini hakimiyyətə gətirmək istəyir -Politoloq

<b>Türkiyə Bərzanini hakimiyyətə gətirmək istəyir -Politoloq</b>

İraq ordusunun İranın dəstəyi ilə Kərkük şəhərini və kürd muxtariyyətinin inzibati ərazisinə aid olmadığı halda peşmərgənin nəzarət edilən əraziləri azad etməsi bölgədə yeni situasiyanın yaranmasına səbəb olub

Bərzaninin müstəqillik referendumunu keçirməkdə israr etməsi onun ciddi strateji xətaya yol verdiyini qısa müddətdə ortaya çıxardı. İndi kürd muxtariyyətinin özünün gələcəyi ilə bağlı müəyyən suallar yaranıb.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli deyib. Politoloq hesab edir ki, təşəbbüs Bağdadın əlinə keçdiyindən kürdlər artıq mərkəzi hökumətə əvvəlki kimi şərt diktə edə bilməyəcəklər:
“Halbuki referendumdan imtina edilsəydi, kürd tərəfi Bağdadla dialoqda daha çox güzəşt qoparacaqdı, böyük ehtimalla, muxtariyyətin səlahiyyət çərçivəsi daha da genişləndiriləcəkdi və neft gəlirlərindən kürdlərə daha çox pay veriləcəkdi. Lakin vəziyyət kürdlərin əleyhinə dəyişdi. Belə bir durumda seçkilərin təxirə salınmasını anlamaq olar, çünki qeyri-müəyyənliklər çoxdur və gərginlik var. Yəni seçkiləri təxirə salmaq üçün obyektiv səbəblər mövcuddur. Lakin burada subyektiv amillərin də rol oynadığını düşünürəm. Məsələ burasındadır ki, Məsud Bərzaninin səlahiyyət müddəti növbəti dəfə başa çatıb və yeni seçki keçirilməlidir. Əslində, Bərzaninin səlahiyyət müddəti 2015-ci ildə yekunlaşmışdı, lakin seçki keçirilmədən onun səlahiyyətləri 2 il uzadıldı. Artıq bu müddət də bitib. İndi seçkiləri təxirə salmaqla Bərzani öz səlahiyyət müddətini qeyri-qanuni olaraq uzatmış oldu. O, bölgə parlamentinin fəaliyyətini də faktiki olaraq dayandıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirib. Bərzani hazırda qeyri-legitim rəhbərdir və öz avtoritarizmini möhkəmləndirməyə çalışır”.
Politoloqun fikrincə, İraq hökuməti bu duruma hüquqi yolla müdaxilə edə bilər:
“Bağdad seçkinin keçirilməsində, Məsud Bərzaninin iqtidardan getməsində və yerinə daha loyal, dialoqa meyilli şəxsin gəlməsində maraqlıdır. Bu məsələdə Türkiyənin mövqeyi İraqla müəyyən qədər üst-üstə düşür. Ankara qoca Bərzaninin təqaüdə çıxmasını və yerinə muxtariyyətin hazırkı baş naziri Nəçirvan Bərzaninin keçməsini arzulayır. Çünki Nəçirvan Bərzaninin Türkiyə rəhbərliyi ilə çox yaxın əlaqələri var. İran isə özünə yaxın Kürdüstan Vətənpərvərlər İttifaqının liderlərinin, yəni Tələbani ailəsinin mövqelərinin möhkəmlənməsində maraqlıdır. Məhz bu qüvvələr, yəni Tələbanilərə bağlı olan dəstələr İranla separat danışıqlara gedərək Kərkük ətrafındakı mövqelərini İraq ordusuna və Haşdi-Şabiyə təhvil vermişdilər. Belə görünür ki, Məsud Bərzani suların durulmasını gözləyəcək və özü üçün əlverişli situasiya yarandıqda seçkiyə gedəcək”.
ABŞ-a gəldikdə isə Ş.Cəfərli qeyd edib ki, Qərb üçün məqbul fiqur İraqın Baş naziri Heydər Abadidir:
“Vaşinqton hazırda İranın bölgədə təsirinin artmasından narahatdır. Əslində, ABŞ İraq hökumətinin Kərkük əməliyyatına dəstək verdi. Bunun əsas səbəbi odur ki, Vaşinqton Abadinin mövqelərinin güclənməsini istəyir. Heydər Abadi Qərb üçün məqbul fiqur sayılır, əgər onun dayaqları zəifləyərsə, İrana daha yaxın bir fiqurun hakimiyyətə gəlmək şansı yarana bilər ki, bu da ABŞ üçün təhlükəli variantdır. Hazırda Vaşinqton İranın təsirini zəiflətmək üçün Səudiyyə Ərəbistanı faktorundan yararlanmağa çalışır. Amerikalılar ciddi cəhdlə çalışır ki, Səudiyyə ilə İraq arasında yaxınlaşma baş versin, çünki bu, avtomatik olaraq İranın geriləməsi demək olacaq. Artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. İki gün öncə Baş nazir Abadi ABŞ-ın tövsiyəsi ilə yaradılmış İraq-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının toplantısına qatılmaq üçün Ər-Riyada səfər edib. İki ölkə arasında bir sıra razılaşmalar imzalanıb. ABŞ-ın bu siyasətinin nəticə verib-verməyəcəyini zaman göstərəcək”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv