Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

Dünyada bu sahə üzrə kadrlara ehtiyac sürətlə artır

<b>Dünyada bu sahə üzrə kadrlara ehtiyac sürətlə artır</b>

Hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsində, xüsusən də kibertəhlükəsizliklə bağlı mütəxəssis çatışmazlığı var

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. Onun sözlərinə görə, elektronlaşma prosesinin sürətlənməsi İT-də mütəxəssislərə olan ehtiyacı artırır:
“Dünyanın yeni inkişaf istiqamətləri bütün sahələrdə avtomatlaşmanı tələb edir. Yəni müxtəlif sahələrə robotlar tətbiq olunur. Bütün sahələrdə rəqəmsallıq artdıqca, İT tətbiqi yüksəldikcə, kibertəhlükəsizliklə bağlı mütəxəssislərə ehtiyac artır. İnkişafın özü bunu diqtə edir. Düşünürəm ki, Azərbaycanda da bu sahədə müəyyən qədər işlər aparılır. Yəni dövlət qurumlarında elektronlaşma gedir, bu qurumların özünün müxtəlif informasiya sistemləri yaranır və s.
Son dövrlərdə kredit kartlarına, banklara müdaxilə və s. ilə bağlı olan cinayətlər günü-gündən artmaqdadır. İT sahəsində baş verən cinayətlərin xarakteri bir daha göstərir ki, ölkəmizdə kibertəhlükəsizlik mütəxəssislərinə kifayət qədər ehtiyac var.
Bir sıra qurumlar informasiya təhlükəsizliyi ilə bağlı yaranan problemləri gizlətməyə çalışır. Çünki onlar düşünürlər ki, problemlərin ictimaiyyətə açıqlanması müştərilərlə olan münasibətlərə zərər vura və imici zədələyə bilər. İstənilən halda bu cür təhdidlər artmağa davam edir. Buna görə də müvafiq dövlət qurumları sözügedən problemləri nəzərə almalı və İT mütəxəssislərin hazırlanması üçün addımlar atılmalıdır”.
Ekspert bildirib ki, İT sahəsində mütəxəssis hazırlamaq üçün ilk növbədə təhsil ocaqlarında maarifçilik işi aparılmalı, müvafiq ixtisaslar hazırlanmalıdır:
“Ali təhsil müəssisələrində İT sahəsi ilə bağlı ixtisaslar yaradılmalı, xaricdən bura mütəxəssislər dəvət olunmalıdır ki, həmin ixtisaslar üzrə kadrlar yetişdirilsin. Bundan əlavə, dövlət qurumları öz növbəsində kibertəhlükəsizliklə bağlı kadrlar yetişdirməli və ya xaricdən mütəxəssis çağırmalıdırlar. Bunun üçün xarici ölkələrdə İT sahəsində ixtisaslaşmış bir sıra qurumlar mövcuddur.
Ümumiyyətlə, İT sahəsində çalışan və çalışmayan bütün vətəndaşlar informasiya təhlükəsizliyi ilə bağlı elementar biliklərə yiyələnməlidirlər”.
O.Gündüz qeyd edib ki, bu sahədəki mövcud kadrları da qorumağa ehtiyac var:
“Son dövrlərdə, devalvasiyadan sonra təəssüf ki, Azərbaycanda İT sektorunda xeyli geriləmə müşahidə olundu. Dövlət sifarişləri üzrə çalışan bir sıra İT şirkətlər gəlir qazanmaq üçün əlavə xidmətlər göstərmədiyindən dövlər sifarişlərinin azalması nəticəsində müflis oldular. Nəticədə bu profilli şirkətlərin çoxunda ixtisarlar başladı və işsiz qalan mütəxəssislər xaricə üz tutdular.
Bu gün Azərbaycanda İT sahəsinə maraq olsa da, əmək haqqının xeyli aşağı olması kibertəhlükəsizlik mütəxəssislərinin ölkədən getməsinə gətirib çıxarır. Buna görə də hökumət müəyyən addımlar atmalıdır ki, uzun illər ərzində yetişən İT mütəxəssislər ölkədə qalsın. Belə mütəxəssisləri yetişdirmək heç də asan başa gəlmədiyindən dövlət kibertəhlükəsizlik işi ilə məşğul olan şəxslərə şərait yaratmalıdır. Çünki bir neçə il sonra avtomatlaşdırma prosesinin daha kütləvi hal aldığı bir zamanda mütəxəssislərə tələbat artacaq”.
Qeyd edək ki, Türkiyə Prezident Adminstrasiyası yaxın 5 il ərzində dünyada 1.5 milyon kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac olacağını bildirib. Onun sözlərinə görə, Türkiyə üçün bu rəqəm 30 min təşkil edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv