Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Bərzanini niyə bitirdilər?

<b>Bərzanini niyə bitirdilər?</b>

Şimali İraq Kürd Muxtariyyatı sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır

Bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib. Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir. M.Bərzani deyib ki, Ərbil sülh tərəfdarıdır və regionda hərbi fəaliyyətin davam etdirilməsini istəmir.
...Təbii ki, Bərzani sülh tərəfdarı filan olduğuna görə bu addımı atmadı. Bərzani bu prosesi başladanda silahlı qarşıdurma ehtimalının yüksək olduğunu bilirdi və buna rəğmən bu oyuna getdi. Nəticədə İraq, İran və Türkiyə tərəfindən küncə sıxışdırıldı. Daxildə etirazlar başladı. Proseslərin daha çətin vəziyyət vəd etdiyini görən Bərzani geri çəkilməyə məcbur oldu.
Təbii ki, bu məsələnin görünən tərəfidir, ilk baxışdan yalnız bu səbəblərlə kifayətlənmək olar.
Belə olan halda maraqlı bir vəziyyət yaranır. Əcəba, Bərzani bütün bunları hesablamamışdımı?
Muxtariyyətin yerləşdiyi coğrafi məkana baxdıqda və Bərzaninin addımlarının regional təsirinə nəzər saldıqda prosesin bu formada bitəcəyini proqnozlaşdırmaq elə də çətin deyildi.
Belə olan halda Bərzaninin bu addımı atmasının daha ilginc səbəblərinin olduğu ehtimalları meydana çıxır.
Yaxın Şərqdə hazırki durumun yaranması ssenarisini müəyyənləşdirən güclərin Bərzanini oyuna gətirməsi ehtimalı daha inandırıcı faktora çevrilir.
Təbii ki, Bərzani oyun qurucusu deyil, son proseslər də göstərdi ki, o bir “kukla”dır və istifadə edilərək bir kənara atıldı.
Türkiyə ilə normal iqtisadi, siyasi münasibətləri olan muxtariyyət lideri Ankaranın istəyinə qarşı heç bir addım atmamışdı. PKK-nı qəbul etmirdi və Türkiyə ilə münasibətlərin inkişafında maraqlı idi.
Görünən odur ki, bu siyasi mənzərə kimlərəsə sərf etmədi və Bərzaniyə alternativ qüvvələrin bölgədə hakim rolunda çıxış etməsini istədilər. Bunun üçün muxtariyyət liderinin hakimiyyətinə son qoyulması və nüfuzdan düşməsi lazım idi. Bərzaniyə referendum göstərişi verən ABŞ gizli, İsrail isə açıq formada “dəstək” nümayiş etdirdi. Arxasında bu güclərin olduğunu düşünən Bərzani tarixi şans yarandığını düşündü və kürdlərin müstəqil dövlət qurmasının bunun adı ilə bağlı olacağı düşüncəsi ilə tarixə keçmək istədi və nəticədə biabırçı duruma düşdü.
Sonradan gizli “dəstəkçi” Amerika və İngiltərə prosesdən xəbərsiz kimi davranmağa başladı. Ərbildə dalğalanan İsrail bayraqları isə yoxa çıxdı. İran, İraq və Türkiyə tərəfindən sıxışdırılan Bərzani çıxılmaz bir mənzərə ilə üzləşdiyindən “sülh göyərçini”nə çevrildi.
Burada bir maraqlı məqamı xatırlamamaq olmaz. İran və Türkiyə millli maraqlarına zidd olduğu üçün ciddi təpki göstərməyə məcbur idilər.
Bəs Amerikanın istəyi ilə hakimiyyətə gələn və Vaşionqtonun dəstəyi ilə iqtidarda qalan İraq hökuməti bu cəsarəti hardan alırdı? Hamını bir sual düşündürürdü. İraq hökumətini də, Bərzanini də dəstəkləyən Amerikadır. Yaxşı, belə olan halda Amerika nədən İraq hökumətinin Bərzaninin üzərinə ordu yeritməsinə açıq və ya gizli şəkildə mane olmur? Deməli İraqın kukla hökumətinin də bu prosesin içərisində olması ehtimalı çox yüksəkdir.
Bərzani hakimiyyətdən getməli, bölgədə təsir imkanları sıfıra enməli, onun hakimiyyəti alternativ kürd qruplaşmalarının nəzarətinə keçməlidir. Alternativ kürd qruplaşmaları isə artıq müharibə etməyə kifayət edəcək qədər silah susratla təmin olunublar. Bunlar PKK terror təşkilatı və onun digər adlarla fəaliyyət göstərən qanadlarıdır.
Bərzani artıq oyuna gətirildiyini anladı və geri çəkilmək məcburiyyətindədir. Amma çəkilmək üçün yer yoxdur. İraq hökuməti Bərzanini bitirən qüvvələrin əlində kukla rolunda çıxış edir, yəni tətikçidir. Daim normal münasibətdə olduğu Türkiyəyə isə xəyanət etdiyindən, İrana qarşı ərazi iddiaları üzündən gedəcək yer qalmadı, dirənmək isə intihar deməkdir.
Belə nəticə çıxır ki, Şimali İraqda hazırki İraq hökumətinin də dəstəyi ilə Bərzaniyə alternativ qüvvə – PKK terror təşkilatı bölgədə hakim qüvvə roluna gətiriləcək. Bununla da bölgə dövlətləri üçün separatizm təhlükəsindən daha ciddi problemlər meydana çıxacaq. Bu, içərisində separatizm də olmaqla etnik qarşıdurmalar fonunda daha qanlı ssenari deməkdir. Bu dəfə oyunu pozmaq Türkiyə ilə yanaşı İran üçün də həlledici əhəmiyyət kəsb edir...

Əli Zülfüqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv