Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

Bələdiyyələr yeni elektron sistemlərin tətbiqinə başlayacaq

<b>Bələdiyyələr yeni elektron sistemlərin tətbiqinə başlayacaq</b>

Bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etmək üçün yerli özünüidarəetmə orqanları yarandığı dövrdən indiyədək həm qanunvericilik aktlarında, həm də bununla bağlı müvafiq qaydalarda xeyli dəyişikliklər olunub. Bələdiyyələrdə şəffaflığın təmin edilməsi bir neçə istiqamətdə təmin edilir ki, bunlardan biri də yerli vergilərin toplanması ilə bağlıdır. Belə ki, əvvəllər bələdiyyələrin topladığı əmlak və torpaq vergisi vətəndaşlardan fərdi qaydada toplanırdı. Bu da bir çox hallarda vətəndaşların haqlı narazılığına səbəb olurdu. Lakin parlament tərəfindən bu sahədə qanunvericiliyə edilən dəyişikliklərdən sonra konkret olaraq vergilər poçt və bank tərəfindən toplanmağa başlanıldı. Onu da qeyd edək ki, əvvəllər əmlak və ya torpaq vergisinin hesablanması qaydaları da artıq müəyyənləşib. Vətəndaşlar özləri də bu qaydalara uyğun olaraq hesablamaları apara bilərlər. Amma qanundan irəli gələrək bələdiyyə qulluqçuları tərəfindən vətəndaşlara əmlak və ya torpaq vergisinin ödənilməsi ilə bağlı iki dəfə xəbərdarlıq edir.
Onu da qeyd edək ki, vergilərin toplanması ilə bağlı vətəndaşların işlərini asanlaşdıracaq yeni bir sistemin yaradılması təşəbbüsü də irəli sürüldü. Məhz bu məsələ “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında öz əksini tapıb. Belə ki, bu sənədə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Mərkəzi Bankın Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş informasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsinin təmin edilməsi tövsiyə edilib.
Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədilə 2016-cı ilin əvvəlindən başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb. Ötən ilin oktyabr ayından, bu sistem bələdiyyələrdə uğurla tətbiq edilməyə başlanılıb. Milli Assosiasiyaların əməkdaşları respublikanın 8 şəhərində zona seminarları keçirib. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirib, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılmasına imkan yaradıb. Ölkə üzrə 750 minə yaxın vergi ödəyici və vergitutma obyektləri barədə məlumatlar Avtomatlaşdırılmış Məlumat Sisteminin bazasına daxil edilib və bu proses davam etdirilir. Proqram, ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq imkanı yaradır.
Eyni zamanda vergi odəyicilər üşün ödəniş etmək imkanları artırılıb, mümkün olan bütün vasitələrlə ödənişlə bağlı prosedurlar sakinlər üçün asanlaşdırılıb. Milli Assosiasiyaların metodiki və texniki dəstəyi ilə ölkə bələdiyyələrinin bir qismində bank və poçtlarla yanaşı, vergi ödəyicilərdən ödənişlərin elektron informasiya sistemləri (onlayn) və elektron terminallar vasitəsi ilə ödənilməsini təmin edilib. Regiondakı bələdiyyələr bu yeniliklərə hazırdılarmı?
Məsələ ilə bağlı açıqlamasında Şamaxı bələdiyyəsinin sədri Mürvət Zeynalov bildirib ki, şəffaflığın təmin edilməsi üçün yeni qaydalara yerli bələdiyyələr tərəfindən tam riayət olunur: “Hazırda vətəndaşlar yerli, yəni torpaq və əmlak vergisini poçt və bank vasitəsilə həyata keçirirlər. Əvvəllər isə bələdiyyə əməkdaşları nağd şəkildə ödənişləri qəbul edirdi. Amma onu da qeyd edim ki, bu sahədə çətinliyimiz də var. Belə ki, vətəndaşlar tərəfindən ödənişlər gecikdirilir, bəzən heç ödənilmir. Bu səbəbdən də bələdiyyənin büdcəsində az maliyyə vəsaiti toplanır ki, bu da bizim işimizə maneə törədir. Çünki bələdiyyələr fəaliyyətini əsasən büdcəyə yığılan vəsait hesabına həyata keçirir. Bu səbəbdən də hələ ki, onlayn və terminallar vasitəsilə ödənişləri həyata keçirmək üçün müvafiq şərait yaranmayıb”.
M.Zeynalov əlavə etdi ki, qanun vericiliyin tələblərinə olaraq, bələdiyyənin internet resursu yaradılıb: “Burada bələdiyyənin hesabatları ilə yanaşı, vətəndaşların maarifləndirilməsinə yönəlik məlumatlar yer alıb”.
Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin sədri Musa Musayev isə qeyd edib ki, hazırda vətəndaşlar poçt və iki ayrı-ayrı bank vasitəsilə ödənişləri həyata keçirir: “Bəlkə də Şamaxıda yeganə bələdiyyəyik ki, əmlak və torpaq vergiləri ilə bağlı ödənişləri 100 faizə yaxın toplaya bilirik. Bir məqamı da qeyd edim ki, bələdiyyənin iki bankda hesabı olsa da, onlardan biri ödənişlər zamanı vətəndaşlardan əlavə xidmət haqqı alır. Ona görə də biz Şəhriyar bələdiyyəsi olaraq, belə nəzərdə tutmuşuq ki, tezliklə onlayn və elektron terminallar vasitəsilə ödənişlərin keçirilməsinə nail olaq. Çünki bu həm bələdiyyənin, həm də vətəndaşın işini asanlaşdıracaq. Əlbəttə ki, yeni ödəniş sistemlərin tətbiqi ilə bağlı region bələdiyyəsi olaraq bizə müəyyən köməkliklər lazım olacaq. Əminəm ki, tezliklə buna nail olacağıq”.
M.Musayev onu da vurğulayıb ki, hazırda təmir işləri ilə əlaqədar olaraq bələdiyyənin internet resursu müvəqqəti fəaliyyət göstərmir: “Əminəm ki, tezliklə biz bu çətinliyi aradan qaldıracağıq. Onu qeyd edim ki, bələdiyyənin internet resursunda görülən işlər, müvafiq dövrləri əhatə edən hesabatlar, qanunvericilik aktları öz əksini tapıb”.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Bələdiyyərin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən həyata keçirilən "Region bələdiyyələrinin fəaliyyətində şəffaflığın artırılması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv