Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
HADİSƏ

70 yaşın mübarək, Cavanşir ata!

<b>70 yaşın mübarək, Cavanşir ata!</b>

Bəzən elə olur ki, işimin çoxluğundan ən dəyər verdiyim, bizə əziz, sevdiyim bir insanın ad gününü unuduram. Bunu nəzərə alaraq yadımda ikən və hamıdan öncə bu kiçik yazımla onu təbrik etmək qərarına gəldim. Dünya yaxşıların çiyinləri üstündədir- deyir müdriklər. Xeyirxah insanların əməlləri sayəsində həyat gözəlləşir, ömür şirinləşir. Belə insanlar haqqında düşünəndə gözlərim önünə bir nəfər də gəlir. Dövlətçiliyə xidməti, ağsaqqal müdrikliyi, xeyriyyəçi mənəviyyatı ilə el içində böyük hörmət, nüfuz sahibi olan dəyərli ağsaqqalımız Cavanşir Qurbanov. İnsan oğlunun adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik- deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Cavanşir Qurbanov bu ucalıq zirvəsindədir. Onun adı çəkildikdə, ilk növbədə klassik, qarapapaq, zəhimli bir kişi obrazı canlanır göz önündə. Qısa bir arayış verim. İnsan ömrü qısa tərcümeyi-halına sığmaz əlbət ki. O, 06 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Güləş Federasiyasının I vitse prezidenti vəzifəsində işləyib uzun illər. Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Bütün ömrünü dövlətçiliyə xidmətə həsr edib. Yetərincə tanınmış, cəmiyyətdə özünü təsdiqetmiş bir insan kimi qəlblərdə ehtiramlı yer tutub. Mən bu dəfə işindən, fəaliyyətindən deyil, rəsmiyyətdən kənar, gözəl bir ata barədə söhbət açacam. O ata ki, şaxəli, möhkəm kökləri ilə nəslinin sağlam gövdəli ağacını böyüdüb. Oğlu, sevimli dostumuz, gözəl nəğməkar şairimiz Cəlalın təbiriylə desək, qoca, qollu-budaqlı çinar ağacı kimi. “Allahım, sən hər bir evi, yuvanı, ocağı, körpə balaları, qız övladlarını bu uca boylu, qollu-budaqlı ağacın kölgəsində sevinc və gülüş səsləri ilə böyüt! Mənim saf, kövrək qəlbli atamı qoru!” . Nə gözəl övlad, nə gözəl mövqe, nə gözəl dua... Məncə valideyn üçün ən böyük mükafat gözəl əxlaqlı övladdır ki, Cavanşir müəllim bu mükafatı qazanıb. Allah hər bir valideynə bu əxlaqda övlad nəsib etsin!
Cavanşir Qurbanovun ömrü buz kimi sərin çeşmələri, kəhrizləri, təmiz dağ havası, bol məhsullu meyvə bağları ilə məhşur olan qədim-qayım, doğma yurd yerinə bənzəyir. O, öz həyatında ən xarakterik, sayılıb-seçilən, bütün insanlara örnək olası cizgilərini ömür xəritəsində cəm eləyib. Onun ağır-batmanlığında özünü bənzətdiyi aşırımlı qayaların vüqarı, qoca çinarların müdrikliyi qəlbinin saflığında torpağın yüz yerindən büllurlanan bulaqların səsi var. Ömür kitabının hər səhifəsi xeyirxah, nəcib əməllərlə doludur. Bəzən olub ki, ətrafındakılar ona ümid yeri kimi baxıblar. Çünki onların neçə-neçə probleminin həlli üçün bir ağsaqqal kimi qabağa düşüb, müvafiq orqanlar qarşısında məsələ qaldırıb, həllinə nail olub. Neçə-neçə tələbənin, idmançının, kimsəsizin pənah yeri olub. O, elin ağsaqqallığından əvvəl, bir ailənin başçısı, başbiləni, böyüyüdür. Övladlarına yüksək əxlaq verib. Ədəb-ərkanlı böyüdüb. Bilikli, dünyagörüşlü olmaları, cəmiyyətdə mövqe tutmaları üçün bir ata kimi məsuliyyəti ilə çox çalışıb. Deyir, cəmiyyətdə nüfuzli yer tutmaq üçün öncə övlada nümunə olmağı bacarmalıdır insan. Cavanşir kişi də bunu bacarıb ki, bu gün övladları atalarının yolu ilə mətin addımlayıb cəmiyyətdə nüfuzlu yer tutmağa çalışıblar. Övladın ən gözəli-ailənin iftixarı ola biləndir. Ümumiyyətlə, bu ailənin bütün üzvləri xeyirxahlığı özlərində ehtiva edirlər. Müdrik, tədbirli, xeyirxah qəlbə sahib olduqları üçün neçə-neçə ehtiyaclı ailənin, kimsəsizin pənah yeridir bu ailə. Cavanşir kişinin övladlarına ən böyük əmanəti də elə onlara bu nəcibliyi öyrətməsidir. Bir söz də dilindən düşmür Cavanşir kişinin. Deyir, həyat xeyirxah əməllərlə gözəldir, mən halal yaşadım, halal süfrənin bin-bərəkəti əksilməz. Fransız yazıçısı Alfonse Karr deyir ki, hər kəsin üç şəxsiyyəti vardır; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. Bu özəllikləri özündə birləşdirən Cavanşir Qurbanov qəlbən Allaha bağlı olduğu kimi, gözəlliyə ayna tutan yaşıllığa, İlahinin inayəti ilə insan oğlunu yaşadan torpağa, suya, havaya, günəşə də çox bağlıdır ki, m’rh’m’tinin mwkafat; olaraq Allah ömrünə böyük Həcc ziyarətini də nəsib etdi. Bu yaxınlarda xanımı ilə bu müqəddəs ada sahib oldu. Onunla bir dəfə də müsahib olmuşdum. Maraqlı, şirin söhbətləri var. Deyir, necə ki, torpaq insanın zəhməti ilə nəfəs alır, alın təri torpaqla zərə dönür, insan əkdiyi hər fidana doğmaca balası, övladı kimi baxıb, onun qayğısını çəkməkdən, qulluğunda durmaqdan usanmırsa mən də övladlarımdan, nəvələrimdən, tələbələrimdən yaşam zövqü alıram. Nəvələri onun ən böyük sərvətidir. Başına cəm olanda bütün yorğunluğu, üzləşdiyi çətinliklərin qəlbinə yük olan ağrı-acılarını bircə anın içində unudur. Hansısa nəvəsinin yeni çəkdiyi rəsmə baxmaq, birinin şıltaqlığı, o birisinin uşaq dilində lətif mahnısı ona dünyalar qədər şirin gəlir. Nə gözəl, örnək bir ömür, örnək bir ailə! Maşallah olsun!
Bu yazıda gözəl bir ailə başçısından, atadan yaza-yaza düşündüm ki, paralığa yol verirəm və haqsızlıq edirəm. Evin dirəyi atadısa, evin istisi, nuru da anadır
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.

ABŞ-ın 16-cı prezidenti olmuş Avraam Linkolnun gözəl bir sözü var. Deyir, mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır! Anadan danışarkən sanki cənnətin qapıları açılır insanın üzünə. Ana elə bir varlıqdı ki, hətta ən qoca insan belə dara düşdüyü anda, dünyanı tərk etdiyi anda ananı səsləyir. Yadımda deyil harda oxumuşdum. Deyir, gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir: “Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim da yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam... Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim...” . Müqəddəslik təcəssümü! Cavanşir Qurbanov ailəsinə qarşı diqqətli və mehriban bir insandı. Xatunu ilə qarşılıqlı ehtiram və məhəbbətlə qurulmuş bu yuvanın körpələri də şəfqətlə böyüyüblər. Övladlara tərbiyə yükünün daha çox ağırlığı ananın çiyninə düşür. Cavanşir müəllimin xanımının bu ailənin örnək olmasında payı böyükdür! Şeyx Şamildən soruşurlar ki, sən necə güclü, cəmiyyətdə seçilən biri oldun? Cavab verib ki, mənə birinci öz xanımım hörmət qoydu, ona da baxıb övladlarım və cəmiyyət. Eşq olsun bu möhtəşəmliyə və mən Cəlal kimi əxlaqlı, tərbiyəli, cəmiyyətə yararlı övlad böyüdən o ananın əllərindən öpürəm.
İnsan özü öz tarixini yaradır, əməli, əqidəsi, həyat yolları ilə. Cavanşir Qurbanovun da ömür tarixi olduqca zəngin və dolğundur. Bu tarixdən öyrəniləsi çox şey var: gözəl ailə başçısı, qayğıkeş insan olmaq, el-obanın xeyir-şərinə yaramaq, torpağını sevmək, haqqı üstün tutmaq və s...İnsanlığın yaşaması üçün insanlar humanizm kimi ali dəyərlər yaradıblar. Bir insanı tanımaq üçün mütləq deyil ki, gərək həmin insanla ünsiyyətdə olasan. Onun cəmiyyətdəki davranış mədəniyyətinə nəzər salmaq yetərlidir. Mənim fikrimcə, yaxşı insanlar o insanlardı ki, düşüncə tərzləri humanizmə və ləyaqətə söykənir. Cavanşir Qurbanovda olduğu kimi!
Əzizimiz Cavanşir müəllim!
Mən bu kiçik yazımla insanlara ailənin klassik modelini göstərməklə yanaşı, gənc ailələrə mental dəyərlərə köklənən böyük bir əxlaq məktəbini də göstərmiş oldum! Siz əsl ziyalı kimi mənəvi zənginliyinizdən, humanistlik və xeyirxahlığınızdan insanlara həmişə pay ayırmısız. Hər zaman ziyalı insanlara dəyər verib və fəaliyyətinizlə millətimizi, dövlətimizi sevdiyinizi göstərmisiz!
70 illik yubileyinizə cəmi bir ay var. Bu müddətdə çox adamdan ad günü təbrikləri, hədiyyələr, mükafatlar alacaqsız. Amma bunların heç biri sizin ailənizin sizə verdiyi dəyər və qiymət qədər bahalı deyildir! Övladların, nəvələrin sizə verdiyi sevinc qədər sevincli deyildir! Mən öz adımdan, təmsil etdiyim şuranın və qəzetimizin adından sizin 70 yaşınızı təbrik edir, sizə uzun ömür, can sağlığı arzulayıram. Gələn hər iliniz çinar gövdənizin bir pöhrəsi olan nəvə, nəticə, kötücə, iticə artımı ilə sevinc dolu keçsin! 100 yaşayın! Mənim də bu yazımı ad günü hədiyyəsi kimi qəbul edin!

Hörmət və ehtiramla,
Şərafət Şəfa









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv