Son xəbərlər
23 NOYABR
22 NOYABR
21 NOYABR
20 NOYABR
HADİSƏ

“Vətəndaşların bələdiyyələrə inamını artırmaq lazımdır“

<b>“Vətəndaşların bələdiyyələrə inamını artırmaq lazımdır“</b>

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 918 saylı 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Biləcəri bələdiyyəsinin mülkiyyətinə bələdiyyənin inzibati ərazisi daxilində 750,56 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbədə daimi yaşayan sakinlərin sayı 39000(48500) nəfərdir. Bundan əlavə qəsəbə ərazisində 35 minə yaxın qeydiyyatsız vətəndaş və 16823 nəfər məcburi köçkün məskunlaşmışdır.
Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilmişdir.
Yerli demokratiya həftəsi bələdiyyələrin inkişafında, vətəndaşlar arasında onların nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Həftə ərzində bələdiyyələr tərəfindən yerli əhali ilə təmaslar daha da intensivləşməli, təşkil ediləcək görüşlərdə vətəndaşların fəal iştirakı təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin möhkəmləndirilməsinə xüsusi önəm verilməlidir. Bələdiyyələr həftə ərzində görülmüş işlərlə öz vəzifələrini bitmiş hesab etməməli, qazanılmış təcrübədən daim faydalanmağa çalışmalıdırlar.
Bildiymiz kimi bu ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək Binəqədi rayon bələdiyyələri, o cümlədən Biləcəri bələdiyyəsi ərazisində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində qəsəbənin ayrı-ayrı yerlərində - məhəllə 5057/68 11 saylı binanın qarşısında, X.Məlikaslanov küçəsi, döngə 4-də, , Biləcəri Mədəniyyət və İstirahət parkında, T.Yaqubov küçəsi 22-də, N.Həşimi küçəsi 31-33-də, A.Zeynallı küçəsi 37A-da “Vətəndaşların Yerli özünüidarəetmədə iştirakını təmin etmək”, “Bələdiyyə-vətəndaş, Vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Bir bələdiyyə-azı bir layihə”, “Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır”, “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir”, “Yerli özünüidarəetmədə vətəndaşların rolu” mövzularında görüşlər keçirilməsi nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Yerli Demokratiya həftəsi 2 mərhələni - əvvəlcə hazırlıq tədbirlərini, ikinci mərhələdə isə görüləcək işlər və yekun mərhələsini əhatə etməlidir. “Açıq qapı” günlərinin, vətəndaşlarla görüşlərin, açıq müzakirələrin təşkili, irəli sürülən təkliflərin qeydiyyatının aparılması, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi, “qaynar telefon” xətlərinin yaradılması, “bələdiyyə poçtu”nun qurulması, fəaliyyətin nəticələrini əks etdirən lövhənin hazırlanması, bələdiyyələrin fəaliyyəti haqqında məlumatların aşkar şəkildə əhaliyə çatdırılması və digər məsələlər öz əksini tapmalıdır.
Biz də Biləcəri bələdiyyəsi olaraq bunları diqqətdə saxlayıb, həftə ərzində bələdiyyədə “Açıq qapı” günü elan edərək bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilib onların müraciətlərinə baxılmasını təmin edir, bələdiyyənin inzibati binasında və əhalinin toplaşdığı sıx yerlərdə “bələdiyyə poçt qutusu”nun qoyulmasını təşkil edirik. Vətəndaşlarla operativ əlaqələrin saxlanılması məqsədilə bələdiyyədə (012)401-37-64, (077) 228-37-64 telefon nömrəli “Qaynar xətt”lərin fəaliyyətini diqqətdə saxlayırıq. Qəsəbədə əhalinin gediş-gəlişli və sıx toplandığı ictimai yerlərdə “Açıq qapı” günü ilə bağlı elanlar yapışdırır sakinlərin “Açıq qapı” günündə iştirak etməsinə şərait yaradırıq.
Məlumat üçün bildirirəm ki, cari il ərzində qəsəbə sakinləri ilə 12 səyyari görüş keçirilmiş, o cümlədən problemi daha çox məhəllələr olan Yeni yaşayış massivi Ordubadi və M.Abdin küçələri, X.Məlikaslanov küçəsi, DYP-nin ətrafında səyyari görüşlər keçirilmiş bələdiyyənin fəaliyyəti barədə sakinlərə geniş hesabatlar verilmişdir.
Keçirilmiş görüşlərdə 385 nəfər sakin iştirak etmiş, həlli vacib olan 421 məsələ barədə təkliflər verilmiş, məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi müəyyənləşdirilmişdir.
Bunu da qeyd etmək istəyirəm ki, ötən aylarda yağan davamlı və güclü yağışlar zamanı sakinlərin təsərrüfatlarına ciddi maddi ziyan dəyməsinin qarşısı alınmış həmin günlərdə kollektivimizlə birlikdə sakinlərimizin yanında olmuşuq. Bu da onlarda bələdiyyəyə olan inamın artmasının bariz nümunəsidir.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir çox hallarda vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən tam məlumatlı deyillər, ona görə də həftənin təşkilində məqsəd məhz bələdiyyə sədrlərinin birbaşa xalqla təmasa cəlb edilməsi, yerli özünüidarəetmə orqanı üzvlərinin daim vətəndaşların arasında olması, görülmüş işlər barədə əhalinin məlumatlandırılmasıdır. Həftə ərzində tövsiyə edilən tədbirlərin lazımi səviyyədə təşkili vətəndaşların bələdiyyələrə inamını, onların işində fəallığını artırır. Buna görə də vətəndaşların keçiriləcək tədbirlərə kütləvi şəkildə cəlb edilməsini təmin etməliyik.
Digər tərəfdən səyyari görüşlərin keçirilməsində məqsədimiz sakinlərin məişət və sosial problemləri ilə yaxından tanış olmaq, araşdırmaq və məsələlərin həlli istiqamətdə müvafiq tədbirlərin görülməsindən ibarətdir. Mövcud problemlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı bələdiyyə tərəfindən bələdiyyənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülür, digər məsələlərin həlli istiqamətində isə aidiyyatı qurumlar qarşısında məsələlər qaldırılır. Səyyar görüşlərdə irəli sürülmüş tövsiyələrin də icra edilməsini hər zaman diqqətdə saxlamalıyıq.
Vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində təsbit olunmuş, bu sahəni tənzimləyən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu təkmilləşdirilərək yeni redaksiyada qəbul olunmuşdur və biz də bələdiyyəyə edilən vətəndaş müraciətlərinə baxılması işimizi bu qaydalara riayət etməklə aparmağa çalışırıq.
Səyyar görüşlərlə yanaşı bələdiyyənin inzibati binasında sakinlərin müraciəti onlara baxılması barədə də qısa məlumatı diqqətinizə çatdırmaq istəyərdim. Belə ki, 2017-ci üçün Biləcəri bələdiyyəsinə vətəndaşlardan həm icma həm də fərdi şəkildə ümumilikdə 278 müraciət daxil olmuşdur.
Hesabat dövrü ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətlərindən 272-si ərizə (daxil olmuş müraciətlərin 97,8%-i) və 6-si (daxil olmuş müraciətlərin 2,1%-i) şikayət olmuşdur.
Ümumilikdə cari il ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətləri tərəfimizdən araşdırılaraq 75,1%-i və ya 209-u müsbət həll edilmiş, 17,9%-nə və ya 50-nə müvafiq izahat verilmiş, 4,3% və ya 12-i isə aidiyyatı üzrə müvafiq qurumlara göndərilmişdir.
Biləcəri bələdiyyəsində vətəndaşların qəbuluna da xüsusi diqqət yetirilir, belə ki, 2017-ci il ərzində bələdiyyənin məsul şəxsləri tərəfindən ümumilikdə 1223 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 267 nəfəri bələdiyyə sədri tərəfindən qəbul edilmişdir.

Hikmət Quliyev
Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv