Son xəbərlər
24 NOYABR
23 NOYABR
22 NOYABR
21 NOYABR
MƏDƏNİYYƏT

Kaspi Liseyində “Bayraq vətəndir” tədbiri keçirildi

<font color=red><b>Kaspi Liseyində “Bayraq vətəndir” tədbiri keçirildi </b></font>

Sona Vəliyeva: “Bayraq millətin varlığı, siyasi, iqtisadi müstəqilliyi, canı-qanıdır”



"Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək, ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Mən sizə deyirəm, bunu bilin, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, onu əbədi etmək mənim üçün öz həyatımdan, canımdan artıqdır" - "Kaspi” Liseyinin Bakıxanov filialında Dövlət Bayrağı günü münasibəti ilə keçirilən "Bayraq vətəndir” adlı tədbir ulu öndər Heydər Əliyevin bu misraları ilə başladı.
Sonra tədbirin aparıcısı olan şagird əlamətdar günlə bağlı məlumat verdi, ardınca bayrağımızın daim zirvələrdə dalğalanması üçün canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya verildi.
S.Vəliyeva qonaqları salamlayaraq, Azərbaycan bayrağı, onun yaranması, daim zirvələrdə olması üçün keçilən yoldan, baş verən hadisələrdən danışdı: "Əziz şagirdlər, müəllimlər, valideynlər, hamımızın Bayraq bayramı mübarək olsun. Allah dövlətimizi həmişə güclü etsin, bayrağımız daim ucalarda dalğalansın. Tədbirin açılışında ulu öndərin səsini eşitdik. Böyük ilham mənbəyi, yaşam qidası kimi o səs bizə hələ çox kömək olacaq. Bayraq həqiqətən də millətin varlığı, siyasi, iqtisadi müstəqilliyi, canı-qanıdır. Bu azadlıq bizə birdən-birə verilməyib. O bayrağı meydana gətirməyin, dövlət səviyyəsinə qaldırmağın, eləcə də himnimiz və gerbimizin müəyyən bir tarixi var və bunu biz mütləq bilməliyik. Təsadüfi deyil ki, ulu öndər həm o tarixi ədalətin bərpası üçün, həm də Azərbaycan Xalq Cümhuriyyətini yaradanların ruhu qarşısında dərin ehtiram və hörmətini bildirmək naminə müstəqil Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Ulu öndər Naxçıvanda Ali Məclisdə işlədiyi vaxtlarda, 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, himn, gerb məsələsinin həllini tapması üçün çox çalışdı. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı, bu məsələyə baxılmasını gündəliyə sala bildi. Məhz tarixi ədalətin bərpası üçün bunları etdi”.
S.Vəliyeva qeyd etdi ki, bayrağımızın tarixən zirvələrdə dalğalanması üçün bu gün də xalqımız çalışır və bu sıradan şagirdlərin də üzərinə öhdəlik düşür: "2007-ci ildə prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının tikilməsi haqqında sərəncam imzaladı. Ölkə başçısının bayraqla bağlı dediyi sözlərə nəzər salaq. O deyir ki, bizim bayrağımız bu gün hər yerdə dalğalanır, gün gələcək, işğal olunmuş ərazilərdə də dalğalanacaq. Biz buna inanır və hər gördüyümüz əməli işimizdə buna yaxınlaşırıq. Şagirdlər, sizin də üzərinizə öhdəlik düşür. Siz dərslərdə öz intellektinizi, biliyinizi artırmaqla buna töhfələr verə bilərsiniz”.
Daha sonra "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, publisist Elçin Mirzəbəylinin sözlərinə bəstələnən "Azadlıq marşı” səsləndirildi. Ardınca çıxış üçüm söz E.Mirzəbəyliyə verildi. O qeyd etdi ki, sözlərinə bəstələnən mahnının səslənməsi onun üçün sürpriz olub: "Gənc olmasına baxmayaraq, Azərbaycan təhsil müəssisələrinin modern təmsilçilərindən biri olan, təhsilimizin gələcəyini müəyyənləşdirəcək bir yolla irəliləyən "Kaspi” Liseyində olmaqdan qürur duyuram. Eyni zamanda "Azadlıq marşı”mın burada səslənməsi mənim üçün çox böyük sürpriz oldu. Bu mahnıda mənim yox, millətimizin ruhu var. Burda olan hər kəsin gözündə Azərbaycan bayrağını görə bilirəm. O gözləri, bayrağı bağrıma basıram”.
E.Mirzəbəyli bayraqla bağlı yazdığı şeiri ilk dəfə tədbir iştirakçıları üçün səsləndirdi.
Millət vəkili Sahib Alıyev də tədbirdə iştirak edirdi. Onun "Dalğalan bayrağım” şeirinə bəstələnən musiqi şagirdlərin ifasında səsləndi. O, tədbirdə iştirakının təsadüf olduğunu vurğuladı, qeyd etdi ki, amma burada həm də bir zərurət var: "Bu tədbirə qatılmaq mənim üçün xoş oldu. Müşahidə etdim ki, burada təkcə təhsil yox, həm də tərbiyə verilir. Çağdaş dövrdə tərbiyənin məktəbdə verilməsi bəlkə də təhsilin verilməsindən daha önəmlidir. Çünki burda verilən tərbiyə evlərə, cəmiyyətə ötürülür. Bu da çox önəmlidir. Bu, dövlətçiliyi, azərbaycançılığı, vətəni, milləti, mənim məmləkətin materiallaşmış ruhu kimi baxdığım bayrağı sevmək tərbiyəsidir. Ulu öndərimizin dediyi kimi, müstəqilliyimiz əbədi və dönməzdir. Müstəqilliyimizin, dövlətimizin, millətimizin, vətənimizin materiallaşmış ruhu olan bu bayraq həmişə dalğalansın. Bayramınız mübarək”.
Sonda liseyin direktoru Tural Əliyev bayram münasibətilə qonaqları təbrik etdi və bildirdi ki, Azərbaycanın milli, tarixi yaddaşı ilə bağlı liseydə mütəmadi olaraq tədbirlər keçirilir.
Qeyd edək ki, tədbir çərçivəsində liseyin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi, səhnəciklər, video material da təqdim olundu.

Aygün Asimqızı
Kaspi.az









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv