Son xəbərlər
18 NOYABR
17 NOYABR
16 NOYABR
SİYASƏT

Putin razılaşdı: Türkiyə Qarabağ prosesinə qatıldı

<font color=red><b>Putin razılaşdı: Türkiyə Qarabağ prosesinə qatıldı</b></font>

Türkiyə və Rusiya rəhbərlərinin Soçi görüşünün yekun nəticəsi, bu görüşdən qısa müddət sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvana gözlənilən səfəri ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Soçi görüşündən sonra Ərdoğan və Putinin mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi ilə söz deyilməsə də, bu görüşün ardından Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya çağırılması, Rusiya XİN rəhbərinin Bakı və İrəvana planlaşdırılan səfəri əslində çox mətləblərdən xəbər verir. Soçidə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı bu konfidensiallığın səbəbi nədir?

- Ərdoğanla Putinin 13 noyabrda Soçidə baş tutan 4 saatlıq görüşündə Dağlıq Qarabağ mövzusunun müzakirə olunduğu şübhə doğurmur. Başa düşməliyik ki, Soçidə Dağlıq Qarabağ mövzusunun müzakirəsi barədə açıqlama verilməməsi çox yaxşı haldır. Əminəm ki, Rusiyada məsələ ətrafında hansısa müzakirələr gedib. O üzdən indidən buna dair açıqlamaların olmaması əslində təbii haldır. Çünki görüş zamanı bəyan olunan mövqelər ancaq tərəflərin müzakirəsindən sonra açıqlana bilər. Hesab edirəm ki, bu, prosesin başlağıcıdır və davam edəcək. Hər halda buna aid bəzi ümidləri istisna etmirəm.

- Tofiq müəllim, Rusiya Xarici İşlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu olmadığını bildirmişdi. Onun bu bəyanatı birbaşa Bakının maraqlarına zidd idi. Ümumiyyətlə, Lavrov münaqişəyə bitərəf mövqeyi olmayan şəxs kimi tanınır. Bu fonda, sizcə, Lavrovun Azərbaycana növbəti səfəri nə vəd edir?

- Lavrov Azərbaycanın Qarabağ üzərində suverenlik hüquqlarının məhdudlaşdığını bəyan edəndən bəri Azərbaycan ictimaiyyətində etimadını tamamilə itirib. Bu baxımdan da onun Bakıda vasitəçilik funksiyasını həyata keçirəcəyinə inanmıram. Hesab edirəm ki, Lavrovun Bakıya gəlişi birbaşa Rusiyanın vasitəçilik roluna ziyan gətirən bir səfərdir. Çoxdan planlaşdırılsa da, əslində Lavrovun Bakıya səfəri heç də təsadüfi deyil. Vasitəçilik rolunu oynamaq üçün həm həmin ölkənin siyasəti, həm də bu rolu həyata keçirən insanlar hansısa etimada malik olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan xalqı Lavrovu ümumiyyətlə qəbul etmir, onun vasitəçilik rolunun ədalətli olacağına da inanmır. Bu illər ərzində verdiyi bəyanatlar göstərir ki, Lavrovun fəaliyyətində təəssüflər olsun ki, sadəcə bir imitasiya mövcuddur. Bu baxımdan da hesab etmirəm ki, o vasitəçilik rolunu həyata keçirə bilsin. Bir müddət öncə həmin Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bəyan olunmuşdu ki, Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin böyük hissəsi Rusiya Xarici İşlər Nazirliyində cəmləşib. Bunu boşuna xatırlatmadım. Çünki indiki mərhələdə Lavrovun Bakıya səfəri sülh prosesinə yalnız ziyan gətirə bilər.

- Müəmmalı Soçi görüşündən sonra Türkiyənin artıq Dağlıq Qarabağ məsələsinin nizama salınması ilə bağlı sülh danışıqları prosesinə qatıldığını söyləmək mümkündürmü?

- Bəli, Türkiyə prosesə qatılıb və artıq Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq. Artıq Türkiyə sülh prosesinin bir iştirakçısıdır və bu, müsbət haldır. Bu, regionda olan təhlükəsizlik məsələsidir və Qarabağ konfliktinə bir növ yeni baxışdır. Hesab edirəm ki, Türkiyə bu sülh prosesində müsbət rol oynacaq. Bu müsbət rol ondan ibarətdir ki, prosesə regionda nüfuzlu ölkələr daxil olur. Əvvəllər prosesdə təkcə regiona yaxın olan Rusiya iştirak edirdi. Türkiyə uzun müddət Minsk Qrupunun üzvü kimi fəal deyildi, əslində isə əksinə olmalı idi. Çünki Türkiyə regionda böyük nüfuza malikdir. Türkiyənin Suriya və İraqda gedən proseslərdəki rolu onu göstərir ki, bu ölkə mühüm geosiyasi problemlərin həllində öz sözünü deyə bilir. Yəni Türkiyə bu kimi proseslərə qatıldıqda mütləq müsbət hadisələr əldə edilir. Bu üzdən Ankaranın eyni rolu Qarabağ məsələsinə də sərgiləməsi müsbət olardı. Hesab edirəm ki, bu, Putin-Ərdoğan görüşündən əldə olunan ən böyük nəticədir.




Xəbər - 23 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv