Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MEDİA

“Bu gün din sahəsində təhdid cəhdləri mövcuddur“

<b>“Bu gün din sahəsində təhdid cəhdləri mövcuddur“</b>

Bu gün Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib

BayMedia.az xəbər verir ki, Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Qərb mediasında din və ifadə azadlığı məsələlərindən bəhs edib.
Sonra Komitənin sədr müavini Gündüz İsmayılov din və media münasibətlərinə toxunub.
G.İsmayılov çıxışında bildirib ki, din–media münasibətləri bütün dünyada aktual məsələdir. Onun sözlərinə görə, dinlə bağlı üzləşdiyimiz problemlərin həllində Azərbaycan mediasınınr rolu danılmazdır:
G.İsmayılov bildirib ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizmə qarşı mübarizədə və milli dəyərlərimizin təbliğində mətbuatın böyük rolu var.
Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanda din sahəsində təhdid cəhdləri var idi, bu cəhdlərin qarşısının alınmasında media da mühüm rol oynayıb: “Suriya və İraqda baş verən hadisələrin Azərbaycanda proyeksiyasına cəhdlər var idi. Media bu cəhdlərə qarşı ən mühüm sipərlərdən biri oldu və bu cəhdlər reallaşmadı. Təəssüf ki, bu gün din sahəsində təhdid cəhdləri mövcuddur”.
G.İsmayılovun sözlərinə görə, bu təhdidlərdən biri odur ki, bəzi dini dairələr Azərbaycanda Aşura mərasimlərini başqa ölkələrin, başqa xalqların ənənələrinə uyğun keçirməyə cəhd edirlər:
“Azərbaycanda Aşura mərasimlərinə siyasi elementləri qatmaq istəyən dairələr var. Hətta Azərbaycanda Aşura mərasimlərinin yarı hərbi formada keçirilməsinə cəhd edənlər var. Aşura məktəbi şəhadət məktəbidir, siyasət məktəbi deyil. Digər dini təhdidlərdən biri də odur ki, din pərdəsi altında Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyini qarşı-qarşıya qoymağa çalışırlar. İslamın azərbaycançılığa qarşı qoyulmasına cəhd edilir. Digər bir təhdid isə din pərdəsi altında dinin siyasiləşdirilməsinə cəhdlərin olmasıdır. Azərbaycan mətbuatı, ziyalıları həmişə dinin siyasiləşdirilməsinə qarşı olub. Həmçinin, din pərdəsi altında dünyəviliyə qarşı təbliğat aparılmasına cəhdlər göstərilir. Amma bunlar sağlam dindarlar deyil, bir qrup dindarlardır ki, onlar da İslamın adından çıxış edə bilməzlər. Bununla yanaşı, həm də Azərbaycanda məzhəbçiliyi yaymağa çalışan qüvvələr var. Azərbaycan cəmiyyəti bütün dövrlərdə bu qrupların qarşısına şiə, sünni deyil, müsəlman kimi çıxıblar. Bundan sonra da onların qarşısına müsəlman kimi çıxacağıq. Azərbaycan xalqı bütün dövrlərdə məzhəbçilikdən uzaq olub, məzhəbçiliyə qarşı ən böyük mübarizəni də mətbuat aparıb”.
G.İsmayılov vurğulayıb ki, Azərbaycan xalqı tarixən multikultural dəyərlər, tolerantlıq nümayiş etdirib: “Tarixən də buna qarşı din pərdəsi altında çıxan qruplar olub. Din pərdəsi altnda qadının sosiallaşmasına qarşı çıxanlar da var. Digər bir təhdid isə odur ki, bəzi dini qruplar məqsədli şəklidə dünyəvi təhsilə qarşı çıxırlar. Təəssüf ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə də öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük də əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu onu deməyə əsas verir ki, bu dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ media formalaşdırmağa çalışırlar və bu media qurumları da xaricdən idarə olunur. Biz həmişə bu cür xəbər portallarına qarşı mübarizə aparırıq. Qeyd etdiyim bütün bu dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə medianın dəstəyinə güvənirik”.
Daha sonra tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər təşkil edir.
Millət vəkili deyib ki, jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalıdır, ictimaiyyətə düzgün məlumat çatdırmalıdır: “Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan çoxkonfessiyalı bir ölkədir və konfessiyalar arasında münasibətlər çox yüksək səviyyədə qorunur. Biz bilməliyik ki, Azərbaycanda hansı dinin nümayəndələri yaşayır və hansı dini istiqamətlər var. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dini coğrafiyanı və dini prosesləri də bilməliyik ki, hansı proseslərin bizim üçün problem yaratdığını öyrənək”.
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda islami dəyərlərə həmişə önəm verilib: “Dini proseslərlə bağlı məsələlərin cəmiyyətə düzgün çatdırılması mətbuatın üzərinə düşür. Əgər dini proses bizi narahat edirsə, bunun səbəbini bilməli və cəmiyyətə düzgün informasiya çatdırmalıyıq”.
O bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpüdür: “Azərbaycan həm Avropa ölkələrinə, həm də İslam ölkələrinə nümunə ola bilər. Azərbaycan mətbuatı bütün bu məsələləri həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv