Son xəbərlər
15 DEKABR
14 DEKABR
13 DEKABR
SİYASƏT

“Qarabağ Azərbaycanın ərazisi sayılır”

<font color=red><b>“Qarabağ Azərbaycanın ərazisi sayılır”</b></font>

Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət çəkir: Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi; Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana gəldi; Ermənistan mediası Lavrovun özü ilə Qarabağ planını gətirdiyini və İrəvandan işğal olunmuş rayonların bir neçəsinin qaytarmaq tələb olunduğunu yazdı; Sarkisyan Brüsseldə Avropa İttifaqı ilə saziş imzalayaraq, Moskvanın qarşısında mərkəzdənqaçma addımı atdı.
Bu hadisələr fonunda Sarkisyanın bir müddət əvvəl “Qarabağla bağlı Ermənistanı ağrılı qərar gözləyir” açıqlaması yada düşür. Bu baxımdan, Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə iki rakursdan baxmaq olar:
Birinci: ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün Qarabağda separatçılarla bir araya gəlir. Lakin hadisələrin inkişafı səfərə ikinci rakursdan baxmağı zəruri edir.
İkinci: Ermənistan həll variantına yox, təxribata hazırlaşır. Ermənistan mediasının Sarkisyanın Qarabağa “hərbi formada” səfər etməsinə diqqət çəkməsi də bu ehtimalı önə çıxarır. Hesab etmək olar ki, Sarkisyan Qarabağda generallarla qapalı toplantıda münaqişənin həlli istiqamətində müzakirələrin pozulması üçün cəbhədə yeni təxribatların törədilməsi planını müzakirə edib. Burada İrəvanın Lavrovun özü ilə Qarabağ planı gətirməsindən sonra Moskvanın siyasətinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzalanması yada düşür. Görünür, Avropada alternativ tapan Sarkisyan Qarabağda yeni təxribat hücumlarını həyata keçirməklə həm də ruslara mesaj verəcək.
Ruslara verilən digər mesaj isə Ermənistana rəhbərliyin kimin edəcəyi ilə bağlıdır. Ermənistan mediası Sarkisyanın səfərini “2018-ci il əməliyyatı” olaraq qiymətləndirib.
“Sarkisyan “2018-ci il əməliyyatı”na Qarabağdan strat verdi. Bu, sinvolik start nöqtəsidir. Bununla o, hərbi və təhlükəsizlik amilini qabardır və bu sferalarda özünə alternativin olmadığını nümayiş etdirir”, - deyə “1in.am” saytı yazır.
Söhbət 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın baş nazir olaraq Ermənistana rəhbərlik etmək planından gedir. Oktyabrın 16-da Cenevrədə keçirilən Qarabağ görüşündən qayıdandan sonra Sarkisyanın baş nazir Karapetyanla razılaşdığı haqda məlumat yayıldı. Razılaşmaya görə, Sarkisyan baş nazir olur və xarici siyasət, təhlükəsizlik kimi məsələlərə nəzarət edir. Karapetyan isə baş nazirin birinci müavini olaraq, hökumətə rəhbərlik edir. O da deyilirdi ki, Karapetyan məhz Azərbaycan lideri İlham Əliyevlə Qarabağ danışıqlarını apara bilməyəcəyi qoruxusuna görə bu təkliflə razılaşıb. Hətta Sarkisyanla Karapetyanın yeni sistemdə kimin hansı qərargahda əyləşəcəyinə qədər razılaşdığı deyilirdi. Lakin ötən həftə “Qraparak” qəzeti mənbələrə istinadən Karapetyanın baş nazir postunu saxlamaq üçün təbliğat kampaniyasına start verdiyi haqda məlumat yaydı. Sarkisyanın Brüsseldə Avropa İttifaqı ilə saziş imzalamasından sonra vaxtilə “Qazprom”da işləyən və Ermənistana məhz Putin tərəfindən baş nazir göndərilən Karapetyanın hərəkətə keçməsi Moskvanın planı olaraq qiymətləndirilə bilər. Görünür, Rusiya Sarkisyanın 2018-ci ildə səlahiyyətlərini təhvil verəndən sonra təqaüdə çıxmasını istəyir. Lakin getmək niyyətində olmayan Sarkisyan məhz erməni ictimaiyyətindən dəstək almaq üçün Qarabağa gəldi.
Politoloq Elxan Şahinoğlu Ermənistan Prezidenti Serj Sərkisyanın işğal altında olan bölgələrə səfərinin səbəblərini şərh edərkən deyib ki, İspaniyada Kataloniya hadisələri baş verəndən sonra Avropada ərazi bütövlüyü məsələsi ön planda dayanır və buna həssaslıqla yanaşılır. Bu da Ermənistan hakimiyyətini ciddi narahat edir.
O bildirib ki, bu səfərin məqsədi erməni tərəfinin keçirdiyi narahatlıqdan qaynaqlanır:
“Çünki son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Bunlardan biri Avropa İttifaqının Şərq Tərəfdaşlıq üzrə sammiti idi. Hansı ki, Ermənistan Prezidenti Serj Sərkisyan da burada iştirak edirdi. Bu sammitdə üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü məsələsi birmənalı olaraq vurğulandı və Ermənistan prezidenti də burada qəbul olunan bəyənnaməyə imza atdı. Onun bu bəyənnaməyə imza atmamaq şansı yox idi. Çünki Ermənistan Avropa Birliyi ilə həmin gün saziş imzalamalı idi. Ermənistan bəyənnaməyə imza atmasa idi, böyük ehtimalla, Brüssel də İrəvanla imzalayacağı sazişdən imtina edə bilərdi”.
Politoloq qeyd edib ki, Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assemblyasının konfransı zamanı da Azərbaycanın və digər üzv dövlətlərin ərazi bütövlüyü birmənalı olaraq qəbul edildi:
“Bu isə Rusiya və Ermənistanda böyük qıcıq yaratdı. Rusiya ümumiyyətlə bu tədbirə dəvət olunmamışdı. Ermənistan isə tədbiri yarımçıq tərk etmişdi. Ona görə, o, provakasiya xarakterli addımlar atır, işğal altında olan bölgələrdə keçirilən təlimlərdə iştirak edir”.
Politoloq vurğulayıb ki, bu səfərlər zamanı Ermənistan prezidenti Azərbaycan sərhədlərini pozur:
“Sülh danışıqları artıq dalana dirənib. Status-kvonu uzatmaq üçün Ermənistan Rusiyadan dəstək alır. Ona görə bölgədə hərbi toqquşma ehtimalının artacağını düşünürəm. Əgər sülh danışıqlarında nəticə yoxdursa, biz öz gücümüzü göstərmək məcburiyyətində qalacağıq”.
Siyasi şərhçi Azər Həsrətin fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi qanunsuzdur. Çünki Dağlıq Qarabağ nə qədər işğal altında olsa belə Azərbaycan torpağıdır və o torpağa səfər edən istənilən xarici vətəndaş, o cümlədən də Serj Sarkisyan Azərbaycan dövlətindən icazə almalıdır. Amma o bunu etmir.
Onun sözlərinə görə, Sarkisyanın təcili Dağlıq Qarabağa səfər etməsi son baş verməkdə olan hadisələr fonunda təbii ki, diqqət çəkəndir: “Bildiyiniz kimi Dağlıq Qarabağın statusu və bütövlükdə münaqişənin həlli ilə bağlı müəyyən hərəkətlənmələr var. Eyni zamanda da Ermənistana Rusiyanın münasibətində müəyyən dəyişikliklər edilməkdədir. Yəni işğalçı ölkə hər zaman olduğu kimi özünün etibarlı tərəfdaş olmadığını bir daha göstərdiyinə görə, Rusiya çox ciddi narahatlıq keçirir. Əlbəttə ki, bu da münaqişənin həlli və bütövlükdə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi baxımından diqqət çəkəndir. Ona görə də Sarkisyan təcili Dağlıq Qarabağa səfər edib.
Düşünürəm ki, orada Dağlıq Qarabağda qurduqları oyuncaq qurumların rəhbərləri ilə müəyyən müzakirələr aparıb. Yəni onlar artıq narahatdırlar ki, Rusiya Azərbaycana münaqişənin həlli məsələsində dəstək verə bilər və yaxud da loyal yanaşa bilər. Ən azından loyal yanaşsa belə biz artıq münaqişəni bir neçə gün içində həll edə bilərik. Təbii ki, öz gücümüzlə. Amma istənilən halda onun səfəri oldu-olmadı Azərbaycan heç kimə deyil məhz öz gücünə güvənir. Yəqin ki, Sarkisyan da bunun çox ciddi şəkildə fərqindədir”.
Politoloq Məhəmmdə Əsədullazadə isə bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi provakasiya, aparılan danışıqlar prosesini fiaskoya uğratmaqdır: “Qeyd edim ki, Ermənistan Silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdamın Uzundərə adlanan ərazisində ağır artilleriya vasitələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Bu təlimlər və erməni ordusunun son günlərdə hərbi hərəkətliliyi cəbhədə müdafiə xəttini gücləndirməsindən irəli gəlir. Bundan əlavə, növbəti aylarda Serj Sarkisyan daxili narazlıqları səngitmək üçün cəbhdə təxribata əl ata bilər.
Ermənistan prezidentinin hərbiçilərlə müşavirəsi, əsasən son aylarda Qarabağda erməni ordusunun daxilində artan ölüm halları, fərarilik, ərzaq qıtlığı Ermənistan tərəfdən gələn hərbiçilərlə Qarabağdakı ermənilər arasında getdikcə silahlı insidentin artması və s. ciddi problemlərə aydınlıq gətirmək və qanunsuzluqlara son qoymaqdır. Hazırda Azərbaycanın artan hərbi təzyiqləri fonunda erməni hərbiçisi səngərdə xidmətdən yayınır”.
Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenko “Youtube”da yeni yerləşdirdiyi video müraciətində bildirib ki, bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır: “Qarabağ ermənilərlə yanaşı, həmişə orada yaşamış və indi oradan qovulmuş azərbaycanlılara məxsusdur”.
“Mən düşünürəm ki, azərbaycanlılar Qarabağa geri qaytarılmalıdır”,- deyə Maksim Şevçenko erməni mənşəli Rusiya mediamaqnatı Aram Qabrelyanova ünvanladığı video müraciətində bildirib.
Söhbət Rusiyanın Birinci kanalında gedən tok-şouda Maksim Şevçenkonun polşalı millətçi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu vurğulamasından sonra başlayıb. Polşa millətçisi Avropa Birliyinin adından danışdığını və Qarabağın Ermənistana verilməsinin tərəfdarı olduğunu iddia edib. Maksim Şevçenko isə onun sözünü kəsərək Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.
Video müraciətdən belə görünür ki, mediamaqnat Aram Qabrelyanov Maksim Şevçenkonun bu ifadələrindən incidiyini ifadə edib. Maksim Şevçenko isə ona video ilə müraciət edərək fikrini daha geniş izah edib: “Hüquqi olaraq Qarabağ Azərbaycanındır. Bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır”,- deyə Maksim Şevçenko bildirib.
Cavid









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv