Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
MEDİA

Jurnalist adından sui-istifadəyə görə ağır cəza... - Ekspert

<b>Jurnalist adından sui-istifadəyə görə ağır cəza... - Ekspert</b>

İndiki şəraitdə bu qanuna əlavə və düzəliş etməyə ehtiyac yoxdur

Onsuz da son vaxtlar KİV haqqında qanunda maddələrin çoxu dəyişdirilib.
Bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə edən mətbu nəşrlərin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə qanun layihəsinin müzakirə olunmasına münasibət bildirərkən söyləyib. O vurğulayıb ki, media cəmiyyət adından ictimai nəzarəti həyata keçirdiyinə görə bu cür qanun layihələrinin təklif olunması media azadlığını müəyyən qədər məhdudlaşdırır:
“Mətbuat azadlığından sui-istifadə olunması bir az yayğın və mücərrəd məsələdir. Bu gün istənilən jurnalisti və ya media qurumunu mətbuat azadlığından sui-istifadə etməkdə günahlandırmaq olar. Media ona görə mövcuddur ki, o həm sosial məsuliyyətini dərk eləsin, həm də söz azadlığının verdiyi imkanlardan istifadə edə bilsin, cəmiyyətdəki problemləri işıqlandırsın, nöqsanları göstərsin. Ölkə prezidenti də dəfələrlə jurnalistlərlə görüşü zamanı medianın ictimai nəzarəti artırması məsələsini xüsusi vurğulayıb.
Etik hüdudları gözləyən, qanunlara əməl edən gerçək media heç vaxt mətbuat azadlığından sui-istfadə etmir. Əlbəttə, mətbuatın adından və onun verdiyi bir sıra imkanlardan sui-istifadə edənlər də çoxdur. Özü də bu şəxslər təkcə jurnalistlər deyil, jurnalist adı, jurnalist vəsiqəsi ilə həm ictimai qaydaları, həm də etik qanunları pozanlardır. Bu şəxslərə görə sözügedən qadağanı bütövlükdə mətbuata aid etmək olmaz. Biz əgər demokratik dövlət quruculuğu yolu ilə gediriksə, söz, mətbuat azadlığının hüdudsuz imkanlarını qəbul etməliyik. Əlbəttə, bu azadlıq bir çox halda məsuliyyətsizliklə müşayiət oluna bilər”.
Ekspert xarici mediada geniş istifadə olunan cəza növləri məsələsinə də toxunub. Onun sözlərinə görə, hər bir redaksiyada etik və hüquqi məsələləri tənzimləyən daxili nizamnamələr olmalıdır:
“Belə təcrübə CNN-də, BBC-də, “Vaşinqton post” qəzetində və bir sıra nüfuzlu mətbu orqanlarında mövcuddur. Bu redaksiyalarda işçilərlə bağlı konkret məhdudiyyətlər qoyulur. Həmin məhdudiyyətləri bilərəkdən və ya bilməyərəkdən pozan adamlar haqqında inzibati cəza növləri nəzərdə tutulub. Belə ki, daxili nizamnaməni pozan şəxslər işdən çıxarıla və ya müəyyən müddətə ödənişsiz olaraq işdən uzaqlaşdırıla bilər. Vaxtilə bu qayda bizdə də tətbiq olunub. Beləliklə, cəzalandırılan şəxs digər redaksiya işçiləri qarşısında örnək olur və onlar çalışırlar ki, bu normaları pozmasınlar”.
Qeyd edək ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu (Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi) maddəsinə əlavələr təklif edilir. Təklif olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv