Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

BMT TŞ tarixində ilk: hamı ABŞ-a qarşı… - Təhlil

<b>BMT TŞ tarixində ilk: hamı ABŞ-a qarşı… - Təhlil</b>

Qüds problemi çox həssas məsələdir. Trampın təxribatı da məhz bu həssaslığa hesablanıb

Yaxın Şərqdəki bəzi problemlərin həlli ilə bağlı əksər müsəlman ölkələri arasında konsalidasiyanın əldə olunduğu, İŞİD kimi müsəlmanların vəhşi obrazını yaradan terror qruplarının sıradan çıxarıldığı bir vaxtda prosesi geriyə qaytarmaq üçün bundan böyük və təhlükəli təxribat ola bilməzdi.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, görünür, ABŞ-a Yaxın Şərq kampaniyasını davam etdirmək, Avropa İttifaqının Vaşinqtonun nəzarətindən çıxmağa çalışan bəzi dövlətlərini yenidən miqrant və terrorizm təhlükəsi ilə qarşı-qarşıya qoymaq üçün islamafob təbliğatın gücləndirilməsinə ehtiyac duyur:
“BMT Təhlükəsizlik Şurasının mövcud strukturu bu məsələdə ortaq məxrəcə gəlməyə imkan vermir. TŞ-nin daimi üzvlərindən hər hansı birinin qərara veto qoyması onun qəbul olunmaması üçün yetərlidir. Ədalətsizdir, amma reallıq belədir. Digər tərəfdən, ABŞ-ın Qüdslə bağlı qərarını BMT TŞ-nin digər 4 daimi üzvü dəstəkləmir. BMT Təhlükəsizlik Şurasının tarixində ABŞ-ın təşəbbüslərinin qəbul edilməməsi ilə bağlı oxşar faktlar olub. SSRİ-nin süqutundan öncə adətən Moskva, bəzi hallarda isə Pekin ABŞ-ın təxribat xarakterli qərarlarının əleyhinə çıxış edirdi. ABŞ və müttəfiqlərinin mövqelərində ilk çat İraq kampaniyasında baş verdi. O zaman Fransa da ABŞ-ın ənənəvi rəqibləri - Rusiya və Çinlə eyni mövqe sərgilədi. İraq kampaniyasında ABŞ-a yalnız Böyük Britaniya dəstək verirdi. İndi Böyük Britaniya da Trampın qərarını dəstəkləmir. Bu isə BMT TŞ-nin tarixində yeganə faktdır”.
Analitik bu baxımdan Qüdslə bağlı qərarın hələlik yürüməyəcəyini düşünür:
“Vaşinqton isə məsələyə, şübhəsiz, ən müxtəlif kontekslərdən yanaşmağa, ənənəvi müttəfiqlərinin mövqelərində dəyişiklik əldə etmək üçün stimullaşdırıcı və ya qıcıqlandırıcı addımlar atmağa çalışacaq.
Qüdslə bağlı məsələnin hüquqi tərəfləri Birləşmiş Ştatların xeyrinə deyil. BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli, 181 saylı qətnaməsinə əsasən, Fələstin ərazisi ərəb və yəhudi dövlətinə bölünüb.
Fələstinin müstəqlilliyini BMT üzvü olan 193 dövlətdən 136-ı tanıyır. Lakin BMT TŞ-nin 5 daimi üzvündən 3-ü - ABŞ, Böyük Britaniya və Fransa 1993-cü ildə Osloda imzalanmış razılaşmaya əsasən Fələstini yalnız Müvəqqəti Özünüidarə Administrasiyası kimi tanıdıqları üçün Fələstin BMT üzvü ola bilməyib. BMT Baş Assambleyasının 29 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən, Fələstin BMT-də müşahidəçi dövlət statusu qazanıb. Fələstinin müstəqilliyini tanıyan dövlətlər arasında Vatikan da var. Fələstin ərazisi BMT Baş Assambleyasının 1947-ci ildə qəbul etdiyi qətnaməyə əsasən müəyyənləşib və bu qətnaməyə görə Şərqi Qüds Fələstin ərazisi hesab olunur”.
E.Mirzəbəyli bildirib ki, Qüdslə bağlı məsələdə Fələstini dəstəkləyənlər Baş Assambleyanın qətnaməsinə əsaslanırlar:
“Bu qətnaməyə əsasən Qərbi Qüds İsrail ərazisi sayılır. Bu baxımdan Qüdsün bütövlükdə İsrailin paytaxtı kimi tanınması nə dərəcədə beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddirsə, 3 böyük dinin mərkəzi olan bu şəhərin tam şəkildə Fələstinin paytaxtı kimi tanınması da adıçəkilən qətnamələrə ziddir. Yaranmış vəziyyətdə ən doğru seçim BMT qətnamələrinin, xüsusilə də BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli, 181 saylı qətnaməsinin dəstəklənməsidir”.
Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Qüdslə bağlı qətnamə layihəsinin BMT TŞ-da müzakirəsinə veto qoymuşdu.
ABŞ-ın BMT-də Qüds vetosuna Rusiya və Türkiyə sərt reaksiya verib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv