Son xəbərlər
20 APREL
19 APREL
18 APREL
İQTİSADİYYAT

“Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib

<b>“Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib</b>

20 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib

Tədbirdə aidiyyəti dövlət qurumlarının, lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri portalına inteqrasiya edilən təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bildirilib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 4832 lisenziya verilib ki, bunun da 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.
Nazir müavini Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 21 yanvar 2017-ci il tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalının hazırlandığını diqqətə çatdırıb, portalın məqsədləri barədə məlumat verib.
Qeyd olunub ki, bu gün keçirilən tədbirin məqsədi lisenziyalar və icazələr portalının fəaliyyətə başlamasından sonra portalın sahibkarlar üçün yaradacağı imkanlar haqqında onların məlumatlandırılması, sahibkarların gələcəkdə portalın çoxsaylı xidmətlərindən istifadə etmək bacarıqlarının artırılması, portalın daha da təkmilləşdirilməsi üçün sahibkarların rəy və təkliflərinin öyrənilməsindən ibarətdir. Sahibkarlar 2018-ci ildən istifadəyə veriləcək portala daxil olmaqla fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə, lisenziyanı və ya icazəni elektron qaydada ala biləcək, lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov son illər dövlət xidmətlərinin göstərilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyi və bu islahatların vətəndaşların xidmətlərə əlyetərliyinin artmasında əhəmiyyətindən danışıb, dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in dövlət və özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəni vurğulayıb.
“Lisenziyalar və icazələr” portalına dair təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsinin müdiri İlqar Poladov portalın funksiyaları, lisenziyaların və icazələrin elektron qaydada verilməsi prosedurları barədə məlumat verib. Qeyd olunub ki, “Lisenziyalar və icazələr” portalı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və icazələrin verilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı müraciətlərin qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin elektron qaydada aparılmasını, portala inteqrasiya olunacaq informasiya sistemlərindən məlumatların real vaxt rejimində əldə olunmasını təmin edəcəkdir. Vurğulanıb ki, lisenziya və icazə verən aidiyyəti orqanların portala qoşulması və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı texniki işlər başa çatdırıldıqdan sonra lisenziyalar və icazələr portalı fəaliyyətə başlayacaqdır.
Tədbirdə çıxış edən sahibkarlar müasir texnologiyaları tətbiq etməklə lisenziya və icazələrin elektron qaydada verilməsinin sahibkarların işini daha da asanlaşdıracağını, əlavə vaxt itkisinin qarşısını alacağını qeyd edib, lisenziya alınması prosesinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə və lisenziyaların verilməsi prosesinin şəffaf və operativ həyata keçirilməsinə, sahibkarlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda lisenziya və icazə verən qurumların nümayəndələrinin və sahibkarların sualları cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv