Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
MEDİA

Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

<b>Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib</b>


Dünən Beynəlxalq Mətbuat Mərkəzində tanınmış veteran jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, M.Süleymanzadənin ömür yolu zəngindir. Bu zənginlikdə əsas pay jurnalistikaya məxsusdur. «Məzahir Süleymanzadə nümunə kimi göstəriləcək qələm sahiblərimizdəndir. Azərbaycan ictimaiyyəti onu məhz jurnalist kimi tanıyır və qəbul edir. Bu yüksək statusa yiyələnmək sıradan məsələ deyil, gərgin əməyin, axtarışların nəticəsidir. Məzahir müəllim Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunudur. Dövrünün tanınmış mətbuat orqanlarında çalışıb. «Xalq qəzeti»ndə baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. Azərbaycan cəmiyyəti M.Süleymanzadə imzasını həm də ona görə tanıyır və qəbul edir ki, yubilyar həm də fədakarlığı ilə örnək olan, peşəkarlığı vətənpərvərliklə vəhdətdə tutan qələm sahibidir. O, ən çətin dövrdə müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından olan «Səhər» qəzetində fəaliyyət göstərib. Bu nəşrdə 20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olub», - deyən Ə.Amaşov yubilyarın ölkəmizdə idman jurnalistikasının inkişafına da mühüm töhfələr verdiyini xatırladıb, onu gözəl publisist, yazıçı, şair və pedaqoq kimi xarakterizə edib.

Deputat onu da bildirib ki, M.Süleymanzadə Mətbuat Şurasının təşkilatlanmasında da fəal rol oynayıb. Belə ki ömrünü-gününü jurnalistika peşəsinə qurban vermiş veteran jurnalistlərin əməyinin qiymətləndirilməsinin, mövcud xüsusda Şuranın tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradılmasının ideya müəlliflərindən biri məhz Məzahir Süleymanzadədir. Bütün bunlara görə MŞ sədri yubilyarı rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib.

Toplantıda çıxış edən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov M.Süleymanzadənin Azərbaycanda idman jurnalistikasının inkişafındakı, eyni zamanda idmanın kütləviləşməsindəki xidmətlərindən söz açıb.

Yubilyarın tələbə yoldaşı, «Zaqatala» qəzetinin baş redaktor müavini Elmira Mehdiyeva M.Süleymanzadəni istedadlı və bacarıqlı jurnalist, səmimi və qayğıkeş dost kimi qiymətləndirib.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, M.Süleymanzadə həmkarlarına münasibətdə diqqət və qayğısı ilə seçilib. Hər zaman çalışıb ki, qursun, yaratsın. Bu mənada yubilyarın əməyi jurnalistika sahəsindəki fədakarlıq nümunəsidir.

Çıxış edənlərdən qocaman şair Oqtay Rza, «Assa irada» İnformasiya Agentliyinin direktoru Fazil Abbasov, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yubilyarın sənət dostlarından Hidayət Elvüsal, Eldost Bayram, Aqşin Ağakərimli, Giya Paçxataşvili, Azadə Taleh, Cəfər Əzizoğlu və başqaları M.Süleymanzadə ilə bağlı xatirələrini bölüşüblər. Onlar yubilyarın Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərini konkret nümunələrlə əsaslandırıblar.

Sonda çıxış edən M.Süleymanzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.
Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.
1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb.
1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir.
Veteran jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.


photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv