Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MEDİA

Teleməkana baxış

<font color=red><b>Teleməkana baxış</b></font>

Yeni çağırışlara yeni müqavimət mexanizmlərinin yaradılması, informasiya məkanının “immun sistemi”nin möhkəmləndirilməsi ilə cavab vermək olar


Bu gün dünyanın bir çox ölkələrində, xüsusilə də Avropa İttifaqına üz olan dövlətlərdə ictimai yayımla bağlı məsələ diqqət mərkəzindədir.
İctimai yayımla məşğul olan kütləvi informasiya vasitələrinin gələcəyi ilə bağlı problemlər fəal şəkildə müzakirə olunur. Suallar açıq şəkildə qoyulur:
Dövlətin, yaxud vətəndaşların ictimai kütləvi informasiya vasitələrini maliyyələşdirməsinə ehtiyac varmı? Bu kütləvi informasiya vasitələri, xüsusi ilə də ictimai teleradio yayım qurumları müasir informasiya məkanının çağırışlarına necə cavab verirlər? Onları da kommersiya əsaslarıyla fəaliyyət göstərən teleradio şirkətləri kimi bazarın ixtiyarına buraxmaq mümkündürmü?
Dövlətin və vətəndaşın hər qəpiyinin dəyərinin bilindiyi cəmiyyətlərdə belə məsələlərin müzakirəsi təbii qəbul olunur. Buna görə kimsəni qərəzli olmaqda, hansısa maraqlardan çıxış etməkdə suçlamırlar. Əksinə belə məsələlərin müzakirəsi ictimai yayımla məşğul olan KİV-lərin məsuliyyətini daha da artırır, yaradıcılıq prosesinə yeni dinamika gətirir.
Mövzu ilə bağlı mənzərə aydın olsun deyə, həmçinin yaradıcı tənqiddə qərəz axratanları əndişələndirməmək üçün dünyanın müxtəlif ölkələrində mövcud olan ictimai teleradio yayımı ilə bağlı bəzi nümunələrə müraciət edəcəyəm:
İsveçrədə ictimai KİV anlayışı özünü “İsveçrə Televiziya və Radio Birliyi” formatında özünü büruzə verir. “İsveçrə Televiziya və Radio Birliyi”nin strukturu mülki hüquqa söykənir və nəinki vətəndaşlığı olan şəxslərin, hətta İsveçrə ərazisində yaşayan istənilən insanın üzv və hən də aksioner ola biləcəyi cəmiyyət tərəfindən idarə olunur.
Hazırda “İsveçrə Televiziya və Radio Birliyi” müxtəlif dillərdə yayım həyata keçirən 5 yaradıcılıq birliyindən ibarətdir.
İsveçrə Televiziya və Radio Birliyinin fəaliyyətinin hüquqi əsasları ölkə parlamenti tərəfindən müəyyənləşdirilir. İctimai teleradio yayımı üçün lisenziyanı Federal Şura verir. Nə nəzərə, nə də praktiki baxımdan İsveçrə Televiziya və Radio Birliyi birbaşa və ya dolayısıyla dövlət teleradio şirkəti hesab olunmur. Çünki İsveçrə qanunveriçilikdə belə hüquqi forma ümumiyyətlə nəzərdə tutulmayıb.
İsveçrə Televiziya və Radio Birliyinin büdcəsinin 70 faizi ölkə sakinlərinin üzvlük haqlarının, 30 faizi isə reklamlardan əldə olunan, həmçinin sponsorların ayırdığı vəsaitlərin hesabına formalaşır.
2015-ci ildə keçirilən referendumun nəticələrinə əsasən, İsveçrədə köhnə “media vergisi” “ümumictimai media həmrəyliyi yığımı” ilə əvəz olunub. Bu dəyişikliyə görə vizual və audio məzmunların internet də daxil olmaqla ictimai yayımı üçün yeni kanalların yaradılmasının və fəaliyyətinin maliyyələşdirilməsi nəzərdə tutulur.
2018-ci ildə keçirilməsi nəzərdə tutulan referendumda isə isveçrəlilər bütövlükdə ictimai yayımın vətəndaşların vergi və üzvlük haqları hesabına maliyyələşdirilməsi məsələsini müzakirəyə çıxaracaqlar. Nəticə isə müxtəlif ola bilər...
Almaniyada ictimai yayım vasitələri bir sıra inkişaf etmiş müstəqil KİV-lərlə yanaşı media sisteminin əsasını təşkil edir. Bu plkədə ictimai KİV-in mərkəzində ARD ictimai-milli teleradio şirkəti dayanır. ARD ilə yanaşı “İkinci Alman Televiziyası (ZDF) və «Deutschlandradio» radioşirkəti də iştimai yayım resursları hesab olunurlar. ARD xaricə yayımlanması nəzərdə tutulan “Alman dalğası” da daxil olmaqla 10 birgə teleradio layihəsindən ibarətdir. Bu lahiyələrin birgə işinə “Birinci Federal Kanal” və 50-dən artıq radiostansiyanın internet üzərindən yayımı daxildir. Digər istiqamətlərdə isə hər bir layihə ayrı-ayrılıqda müstəqil yayım həyata keçirir. ARD ictimai hüquq (mülkiyyət) təsisatıdır. Onun fəaliyyəti Fedarasiya subyektlərinin parlamentləri tərəfindən ratifikasiya olunan ARD haqqında müqavilə ilə tənzimlənir.
ARD-nin ali orqanı regional teleradio şirkətlərinin baş direktorlarının daxil olduğu İctimai Şuradan ibarətdir. ARD-nin ali səlahiyyətli şəxsi İctimai Şuranın bütün üzvlərinin iştirakı ilə, 1 il müddətinə seçilir. ARD və ZDF teleradio kanalları əsasən ictimai televiziya və radio yayımına görə müəyyənləşdirilmiş vergi hesabına maliyyələşir. Almaniyada ictimai televiziya və radio yayımına görə vergi hər ev (təsərrüfat) başına aylıq 17,5 avro təşkil edir. Reklamdan əldə olunan gəlir və federal ayırmalar o qədər cüzidir ki, bu haqda danışmağa belə dəyməz.
Dünyanın ən məşhur ictimai yayım şirkətlərindən biri Çinin Mərkəzi Televiziyasıdır (CCTV).
CCTV ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşmış 22 müstəqil yayım tezliyi olan telekanaldan ibarətdit.
İlkin mərhələdə Çin Mərkəzi Televiziyası yalnız dövlət büdcəsinin hesabına maliyyələçib. Lakin hazırda CCTV-nin fəaliyyəti əsasən reklamdan əldə olunan qazanc hesabına təmin edilir. Dövlət isə telekanallarda yayımlanan ayrı-ayrı sosial layihələrə dəstək verir. Bununla yanaşı, Çində hər ailə rəqəmsal telekanallara giriş üçün aylıq 18 yuan (4,65 manat) üzvlük haqqı ödəyir.
Rusiyaya gəldikdə isə, bu ölkənin digər sahələrdə olduğu kimi icyimai teleradio yayımında da öz analoqları var və təəssüf ki, bir çox hallarda bu “analoqlar” MDB məkanında əsas istinad və istifadə mənbəyi kimi təqdim olunur.
Rusiyada elektron KİV-lər şərti olaraq dövlət və kommersiya qurumlarına bölünürlər.
Nə üçün şərti? Ona görə ki, bu ölkədə dövlət televiziyaları da digər teleradio yayım şirkətləri kimi kommersiya fəaliyyəti ilə məşğul olurlar...
Rusida “Birinci kanal” dövlət televiziyası, “Rusiya 1” və “Rusiya K” kanallarını bitrləşdirən “Ümumrusiya Dövlət Teleradio Şirkəti” dövlət müəssisəsi hesab olunur. Bundan başqa qonşu ölkədə səhmlərinin 50 faizinə dövlətin nəzarət etdiyi “Qazprom” şirkətinin təsis etdiyi, “Qazprom-media” adı altında birləşən NTV, TNT, TV-3 və digər kanallar da yayımlanır ki, bu strukturun da analoquna çox nadir hallarda rast gəlinir...
Maraqlıdır ki, Rusiyada İctimai Televiziya tamamilə dövlətə məxsusdur...
Rusiyada bunu ictimayiət və dövlətlə bağlı sosiumdakı təsəvvürlərlə əlaqələndirirlər. Rusiyanın siyasi texnoloqlarının qənaətinə görə, ictimaiyyət dövlətdən ayrı inkişaf edə bilməz. Bəzi ekspertlər Rusiyadakı bu reallığı vətəndaşların həmişə pulsuz olan şeylərə görə pul ödəmək istəməmələri ilə əlaqələndirirlər.
Amma digər tərəfdən Rusiyada da bizdə olduğu kimi kabel televiziyaları fəlaiyyət göstərir və vətəndaşlar hər ay bu televiziyaları izləmək üçün təxminən 10 manat, bəzən daha artlq vəsait ödəyirlər. Deməli, məsələ heç də təqdim olunduğu kimi deyil...
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi, sosial şəbəkələrin hörümçək toru kimi şaxələndiyi bir zamanda informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət üçün həyati əhəmiyyət kəsb edir. İndi bu proseslə ayaqlaşmaq da yetərli deyil, prosesdən öndə olmalısan. Bunun üçün isə sosiumun dönyagörüşü, arzu və istəkləri obyektiv şəkildə öyrənilməli, təhlil olunmalı, ictimai və dövlət maraqları ilə uzlaşdırılaraq yüksək peşəkarlıqla tamaşaçıya, dinləyiciyə təqdim olunmalıdır.
Qeyd edim ki, bu məsələ artıq Rusiya teleradio yayımçılarının da diqqət mərkəzindədir. Bununla bağlı aparılan müzakirələrdə qeyd olunur ki, Rusiyada son dövrlərdə televiziya informasiya daşıyıcısı funksiyasını itirib. Bu ölkənin telekanallarında insanları narahat edən məsələlərdən maraqlı danışa bilmirlər. Bu səbəbdən də müxtəlif xarici dairələrin nəzarətində olan sosial şəbəkələr daha çox populyarlıq qazanır.
Bu səbəbdən də Kreml texnoloqları tele və internet məkanlarını yaxınlaşdırmaq, ictimai və dövlət maraqları ilə sosiumun dünyagörüşü, baxışları arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün yeni layihələrin üzərində çalışmağa başlayıblar.
Doğrusu, Rusiyada həyata keçirilməsi nəzərdə tutulan “postideologiya” layihələrinin necə nəticə verəcəyini öncədən söyləmək çox çətindir. Lakin teleradio yayımı sahəsindəki problemlərin açıq şəkildə müzakirəyə çıxarılmasının özü belə təqdirəlayiq hadisədir. Belə müzakirələrin Azərbaycanda da aparılması, ayrı-ayrı televiziya proqramlarının təhlil edilməsi, problemlərin aradan qaldırılmasına xidmət edən obyektiv və qərəzsiz tənqidin stimullaşdırılması yalnız və yalnız bu sahədə peşəkarlığın artırılmasına, teleradio məkanına yeni rəng və dinamika gətirilməsinə zəmin yarada bilər.
Daha öncə də qeyd etdiyim kimi, bu gün hər bir dövlət üçün informasiya məkanının təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət kəsb edir. Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı milli informasiya məkanları arasındakı sərhədləri aradan qaldırıb və çox ciddi, bəlkə də amansız rəqabətə yol açıb. Bu reallıqda yeganə çıxış yolu auditoriyanın diqqətini cəlb edə bilən, onun özünü daha rahat, daha güvənli hiss edə biləcəyi məkanın formalaşdırılmasından keçir. Yeni çağırışlara yeni müqavimət mexanizmlərinin yaradılması, informasiya məkanının “immun sistemi”nin möhkəmləndirilməsi ilə cavab vermək olar. Populizm, ritorika, fakta və analitik təhlilə söykənməyən, söz yığınından ibarət səthi mülahizələr, əslində vaxt və vəsait itkisindən başqa bir şey deyil. Təqdimat çox önəmlidir. Dövlətin, millətin strateji hədəflərini əks etdirən və bir çox hallarda ideoloji təbliğat tutumu informasiya yükündən dəfələrlə çox olan məsələlər ətrafında belə maraq oyatmaq mümkündür. Bunun üçün isə sadəcə daha yaradıcı olmaq lazımdır.

Elçin Mirzəbəyli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv