Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MEDİA

Fondun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər mükafatlandırılıb

<font color=red><b>Fondun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər mükafatlandırılıb</b></font>

Dekabrın 26-da "Xəmsə" İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. 2017-ci ilin xalqımız və dövlətimiz üçün bir sıra tarixi hadisələrlə əlamətdar olduğunu xatırladan icraçı direktor bu ilin may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilini, sentyabr ayında "Əsrin müqaviləsi"nin yenilənməsi və vaxtının uzadılmasını, oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini xüsusi qeyd edib. Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə inşa edilmiş sayca ikinci yaşayış binasının bu il iyul ayının 20-də dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilməsini ölkə mediası üçün son dərəcə mühüm və əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. İcraçı direktor bildirib ki, dövlətimizin başçısının yüksək qayğısı və iştirakı ilə həmin gün üçüncü yaşayış binasının təməlqoyma mərasiminin keçirilməsi kütləvi informasiya vasitələri əməkdaşlarının yaddaşında unudulmaz təəssüratlar buraxıb.
Vüqar Səfərli azad sözün, müstəqil mətbuatın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların mənzil probleminin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Fondun və media ictimaiyyətinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
İcraçı direktor Fondun 2017-ci ildə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə çoxsaylı layihələri uğurla reallaşdırdığını vurğulayıb. Vüqar Səfərli həmçinin bildirib ki, 2017-ci ildə gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərilib, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazı dərc edilib.
Vüqar Səfərli bildirib ki, 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsi ilə bağlı Fond 2017-ci ilin aprel ayında Lənkəranda, sentyabr ayında Xaçmaz şəhərində regional konfranslar keçirib. İcraçı direktor bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Fond may ayında bir qrup media rəhbərinin Naxçıvan MR-ə, dekabr ayında isə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərinə işgüzar səfərləri təşkil edib.
Jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 3 müsabiqə təşkil edib.
Çıxışını davam etdirən Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 153 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini vurğulayıb. Ümumilikdə, müsabiqə iştirakçılarından 114 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib: "Bu gün müsabiqədə I yeri tutmuş jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur".
Sonra mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycanda medianın inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən söz açıb. 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu diqqətə çatdıran Əli Həsənov bildirib ki, başa çatmaqda olan ildə İslam ölkələri arasında həmrəyliyi gücləndirmək üçün Azərbaycan tərəfindən xaricdə və ölkə daxilində mühüm tədbirlər keçirilib. İslam Həmrəyliyi Oyunları ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bütün dünyada yaşayan soydaşlarımızın birliyinə nail olunması üçün mühüm amil kimi dəyərləndirib. Azərbaycanda dövlət ilə xalqın birliyinə nail olunmasında medianın rolundan danışan Əli Həsənov deyib ki, mətbuat dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır.
Yola saldığımız ilin jurnalistikamız üçün uğurlu il olduğunu vurğulayan Əli Həsənov deyib: "Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. 2017-ci ildə 255 jurnalist ailəsi yeni mənzillə təmin olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, jurnalistlərə qayğı davam etdiriləcək".
Əli Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən soyqırımları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması 2018-ci ildə də KİV-in diqqət mərkəzində olmalıdır.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək 2017-ci ildə Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını söyləyib. O, doğum günü münasibətilə dövlətimizin başçısına sosial şəbəkələr vasitəsilə səmimi təbriklərini çatdıran media nümayəndələrinin fəallığını və təşəbbüskarlığını yüksək dəyərləndirib. Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini xatırladan Ə.Amaşov yazıların keyfiyyətinin ildən-ilə yüksəldiyini, vətənpərvərlik hissinin gücləndiyini diqqətə çatdırıb: "2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. İnanıram ki, Prezident İlham Əliyev yenidən namizədliyini irəli sürəcək. Əminəm ki, Azərbaycan jurnalistləri mətbuatımızın dostu olan Prezident İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər".
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral 2017-ci ilin Azərbaycanın İslam həmrəyliyinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib. O, qarşıdan gələn ilin Azərbaycan üçün daha uğurlu olacağına inandığını deyib. Səfir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan jurnalistlərinə təbriklərini çatdırıb.
Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar təqdim edilib.
Sonda tədbir bədii hissə ilə davam etdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv