Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
HADİSƏ

Usubovdan yol polisinə göstəriş: Nöqsanlar

<b>Usubovdan yol polisinə göstəriş: Nöqsanlar</b>

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

DİN-dən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib.
Reqlament təsdiq edildikdən sonra Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.
O, deyib ki, maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində avtomobil yollarında bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.
Məruzəçi qeyd edib ki, insanları narahat edən məsələlərin həllinə xüsusi həssaslıqla yanaşılması barədə DİN rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ərizə və şikayətlərin obyektiv araşdırılması, qəbulların müntəzəm keçirilməsi diqqət mərkəzində saxlanılıb, Baş idarədə 700-dən çox vətəndaş qəbul edilib, daxil olmuş 90 minə yaxın sorğu və müraciət operativ qaydada cavablandırılıb.
Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, bu gün ən müasir keşik avtomobillərinin, digər zəruri texnika və avadanlıqların imkanlarından yararlanan Dövlət Yol Polisi tərəfindən il ərzində 3,3 milyondan çox yol hərəkəti qayda pozuntusu, o cümlədən 9,4 minə yaxın nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1,7 milyondan çox sürət həddinin aşılması, 140,5 min ötmə, manevr və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma qaydalarının pozulması, 135 minə yaxın yolayrıcını keçmə qaydalarının pozulması ilə bağlı fakt qeydə alınıb.
Qayda pozuntularına görə 10 min 996 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. Həmin inzibati xətaların 63,3 faizi xüsusi texniki vasitələrin köməyi ilə, qalanları isə “İ-patrul” sistemi vasitəsilə və əməkdaşlar tərəfindən aşkarlanıb.
Polis general-mayoru Ramiz Zeynalov bildirib ki, həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Belə ki, son 5 ildə nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı azalıb. Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir.
O da qeyd olunub ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlərlə” tapılması təmin edilib.
Baş idarə rəisi əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib, onların üzərində ətraflı dayanıb.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri R.Usubov DYP xidmətinin ötənilki fəaliyyətinin nəticələrini yüksək qiymətləndirib, qarşıda çox mühüm vəzifələrin durduğunu bildirib, onların həlli üçün konkret tapşırıq və tövsiyələrini verib, hər bir əməkdaşın vəzifə borcunun öz xidməti funksiyalarını layiqincə yerinə yetirmək, fəaliyyətin bütün sahələrində işlərin uğurlu getməsi üçün peşəkarlığın ən vacib amil olduğunu xatırladıb, eyni zamanda, əldə edilmiş müsbət nəticələrdən arxayınlaşmamağı, daha məsuliyyətlə xidmət aparılmasını tələb edib.
Cənab Ramil Usubov müasir dövrdə qanunvericilik aktlarının çox dinamik olduğunu, yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından vaxtaşırı dəyişikliyə məruz qaldığını xatırladaraq, onların dərindən öyrənilməsinin, praktikada düzgün tətbiq etməyin vacibliyini və zəruri hallarda vətəndaşlara izah etmək bacarığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O, qeyd edib ki, əməkdaşlar hərəkət iştirakçıları ilə ünsiyyətdə etik davranış qaydalarına daim ciddi riayət etməli, sürücülərə törətdikləri inzibati xətanın yarada biləcəyi mənfi nəticələr izah olunmalı, onlarla lüzumsuz dialoq aparılmasına, kobudluğa və mübahisə yarada biləcək digər hallara yol verilməməlidir.
Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri 2018-ci ili yol-patrul xidmətinin əməkdaşları üçün “Etik-davranış ili” elan etdiyini bildirib, vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. Nazir yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib. Nazir yol hərəkətinin bütün iştirakçılarına müraciət edərək onları qaydalara ciddi riayət etməyə, bununla da həyat və sağlamlıqlarını qorumağa çağırıb.
Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür şərait yaradıldığını, şəxsi heyətin dövlətin qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri ölkə başçısının bu ali diqqətinə və etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, xidmətdə və xidmətdənkənar vaxtlarda başqalarına nümunə göstərəcəyinə əmin olduğunu bildirib.
Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup yol polisi əməkdaşının təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv