Son xəbərlər
21 AVQUST
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

<b>Azərbaycan nümayəndə heyəti Çində səfərdədir</b>

İqtisadi- ticarət və tranzit əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib.
Çinin Nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Çinə 5 səfər edib, dövlət başçısının səfərləri zamanı mühüm razılaşmalar əldə olunub, 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair sənəd imzalanıb. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdəndir.
Nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələri barədə məlumat verib, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əməkdaşlıq etdiyini, Çin şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakını diqqətə çatdırıb. Azərbaycanın böyük nəqliyyat-tranzit potensialına malik olduğunu qeyd edən Şahin Mustafayev ölkəmizdə enerji resurslarının daşınması üçün müvafiq infrastrukturun yaradıldığını, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyət göstərdiyini, Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan TANAP və TAP layihələrinin icrasının davam etdirildiyini bildirib. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ötən il Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın hava, avtomobil və dəniz nəqliyyatı barədə danışan iqtisadiyyat naziri ölkəmizdə 6 beynəlxalq müasir hava limanının fəaliyyət göstərdiyini, Azərbaycanın Xəzər dənizində ən böyük donanmaya sahib olduğunu, Ələt Limanının tikintisinin davam etdirildiyini qeyd edib. “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin üstünlüklərini diqqətə çatdıran Şahin Mustafayev bu dəhlizin coğrafi-iqtisadi, məsafənin və müddətin qısa olması, müvafiq infrastrukturun mövcudluğu baxımından əlverişli olduğunu deyib. İqtisadiyyat naziri Azərbaycan nümayəndə heyətinin sabah Pekində təşkil olunan “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Nəqliyyat Dəhlizinin rolu”na həsr edilən Beynəlxalq Konfransda iştirak edəcəyini bildirib.
Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan “Trans-Xəzər Nəqliyyat Dəhlizi”nin Çinin “Kəmər və Yol” təşəbbüsünün tərkib hissəsi olaraq dəstəklənməsində maraqlıdır. Bundan başqa, “Kəmər-Yol” təşviqinə dair Azərbaycanda tədbir keçirilə, Çin şirkətləri Ələt azad ticarət zonasına cəlb oluna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə konteyner terminalının tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq həyata keçirilə bilər.
Çinin Nəqliyyat naziri Li Siaopan Azərbaycan ilə Çin arasında əlaqələrin qədim tarixi olduğunu, son illər əməkdaşlığın bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə rəsmi səfəri zamanı imzalanan sənədlər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın genişlənməsinə yeni imkanlar açıb. Azərbaycana Çin ilə əlaqələrin inkişafına və “Kəmər və yol” strategiyasının həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edən Li Siaopan ölkəmizin tarixən Avropa ilə Asiya arasında dəhliz rolunu oynadığını, Çin ilə Avropa arasında dəmir yolu əlaqəsində vacib tranzit ölkə olduğunu diqqətə çatdırıb. Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin Çinin “Kəmər və yol” strategiyası ilə üst-üstə düşdüyünü bildirən Çinli nazir Azərbaycanın İpək Yolunun bərpasına, bu istiqamətdə Transxəzər dəhlizinin yaranmasına yönəlmiş səylərini dəstəklədiyini, ölkəmizlə bundan sonra da tranzit sahəsində əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Çinin Kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin ilə keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi-ticarət sahəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 43% artdığını, ölkəmizdə 100-dən çox Çin şirkətinin fəaliyyət göstərdiyini, 2016-cı və 2017-ci illərdə Çinin Honq Konq, Quancou və Şanxay şəhərlərinə Azərbaycanın ixrac missiyalarının təşkil edildiyini, şərablarımızın vahid ölkə stendi ilə nümayiş olunduğunu qeyd edib. Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Bu tədbirlərin nəticəsi olaraq, Çinə şərab ixracına dair müqavilə imzalanıb, Azərbaycan şərabı mükafat alıb.
Bildirilib ki, Çinlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan şirkətləri öz məhsulları ilə bu il Çində “Sial China 2018”, “Çin-Avrasiya” və “China Internatıonal Import Expo” sərgilərində iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində fevralın 6-da növbəti biznes forum keçiriləcək. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi”nin açılmasına dair danışıqlar aparılır. Bütün bunlar, eləcə də bu gün rəsmi açılışı olan Azərbaycanın Çində Ticarət Nümayəndəliyi əlaqələrin inkişafında önəmli olacaqdır.
Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanın bir sıra kənd təsərrüfatı və emalı, sənaye məhsullarının Çinə ixracı üçün böyük potensialı var və bu məhsulların ixracına dair müvafiq icazələrin verilməsinə Çin tərəfinin dəstəyi əhəmiyyətlidir. Bildirilib ki, Çin iş adamlarının Azərbaycanda yaradılan sənaye parklarında və aqroparklarda, tikinti sektorunda reallaşdırılan layihələrdə iştirakı, birgə müəssisələrin yaradılması, xüsusilə kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə, pambıqçılıq, qida sənayesi məhsullarının birgə istehsalı, İKT, Çinin “Huavey” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi, turizm sahəsində əməkdaşlıq imkanları genişdir.
Çinin Kommersiya nazirinin müavini, Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi Fu Ciyin bir neçə il əvvəl Azərbaycana səfərini məmnunluqla xatırlayıb, Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarının münasibətlərimizin inkişafına diqqəti sayəsində əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Azərbaycanın "Kəmər və yol” strategiyasına böyük dəstək verdiyini bildirən Çinli nazir ölkəsinin Azərbaycanla bu istiqamətdə əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək istədiyini diqqətə çatdırıb. Azərbaycanın qədimdən tranzit ölkə olduğunu, ölkəmizin səyləri ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini bildirən Fu Ciyin Transxəzər nəqliyyat dəhlizinin artıq bütün infrastruktur imkanlarına malik olduğunu deyib. Vurğulanıb ki, Çinin Kommersiya Nazirliyi müvafiq dövlət qurumları və özəl sektor təmsilçiləri ilə Transxəzər nəqliyyat dəhlizinin imkanlarından istifadə ilə bağlı müzakirələr aparacaq. Fu Ciyin ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasının müşahidə olunduğunu, Çinin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün hər cür dəstək göstərməyə hazır olduğunu deyib. Bundan başqa, Çin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində yeni sərmayə imkanlarını araşdırır. Üçüncü ölkələrdə birgə sərmayə layihələrinin həyata keçirilməsi üçün də imkanlar var. Fu Ciyin Azərbaycan şirkətlərini Çində keçirilən sərgilərdə fəal iştiraka dəvət edib, Çin bazarında daha çox Azərbaycan məhsulları görəcəklərinə ümidvar olduqlarını vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası və Çin Dəmir Yolunun XIX Bürosunun nümayəndələri ilə görüşündə Şenjen Şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının fəaliyyəti barədə Azərbaycan tərəfinə məlumat verilib, qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə sənaye sahəsində əməkdaşlıq, eləcə də 2017-ci ildə Qaradağ Rayon İcra Hakimiyyəti ilə Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında Ələt qəsəbəsində Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyinin yaradılmasına dair imzalanmış Saziş barədə müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv