Son xəbərlər
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
İQTİSADİYYAT

Çində Azərbaycanın ticarət nümayəndəliyinin ofisi açılıb

<b>Çində Azərbaycanın ticarət nümayəndəliyinin ofisi açılıb </b>

Fevralın 5-də Çinin Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olub

Bununla bağlı keçirilmiş mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti və Çin rəsmiləri iştirak edib.
Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişaf etdiyini, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 1,2 mlrd. ABŞ dolları olmaqla, 43% artdığını vurğulayıb. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir. Azərbaycanda Çin kapitallı 100-dən çox şirkət fəaliyyət göstərir, bu şirkətlər müxtəlif layihələrdə uğurla iştirak edirlər. Ölkəmiz Çin Xalq Respublikası ilə investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. 2016-cı və 2017-ci illərdə Çinə 3 ixrac missiyası təşkil edilib, Azərbaycan məhsulları Çində keçirilmiş 2 sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan bu il Çində keçiriləcək daha 3 sərgidə iştirak edəcək. İndiyədək Azərbaycan və Çin iş adamlarının iştirakı ilə 8 biznes forum keçirilib. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində növbəti biznes forum fevralın 6-da təşkil olunacaq. Hazırda Şanxay Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində “Azərbaycan Şərab Evi”nin açılmasına dair danışıqlar aparılır. Bununla belə, Azərbaycan-Çin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün potensial böyükdür.
Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında önəmli olacaqdır. Bildirilib ki, nümayəndəlik ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması, habelə Azərbaycan şirkətlərinin Çində iqtisadi maraqlarının qorunması və müxtəlif məsələlərlə bağlı Azərbaycan sahibkarlarına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanına uyğun olaraq, ötən il Azərbaycanın Çində Ticarət Nümayəndəliyi yaradılıb və Teymur Nadiroğlu ölkəmizin Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.
Ümumiyyətlə, Azərbaycanın Çin Xalq Respublikası ilə yanaşı, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələri fəaliyyət göstərir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv