Son xəbərlər
23 FEVRAL
22 FEVRAL
21 FEVRAL
20 FEVRAL
SİYASƏT

Biz bilirdik: nəyi, nə vaxt, necə... - Novruzov açıqladı

<b>Biz bilirdik: nəyi, nə vaxt, necə... - Novruzov açıqladı</b>

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun Musavat.com-a müsahibəsini təqdim edirik:

- Siyavuş bəy, növbədənkənar prezident seçkiləri ilə bağlı prezident sərəncamı yəqin sizin üçün də gözlənilməz oldu, eləmi?

- Yox, gözlənilməz olmadı. Mən sizə əvvəlki müsahibələrimdə də bildirmişdim ki, biz seçkiyə tam hazırıq. Lap günü bu gün də seçki keçirilsə, Yeni Azərbaycan Partiyası tam şəkildə hazırdır. Biz keçən il konfransları keçirtdik, yekunlaşdırdıq. Yəni artıq namizədliyin irəli sürülməsi üçün bizim nümayəndələr hazırdır. O cümlədən rayonlarda qərargahların texniki təchizat məsələləri və digər məsələlər tam həllini tapıb. Belə bir fikir əvvəllər də var idi ki, referendumdan dərhal sonra prezident seçkiləri keçirilsin. Çünki prezidentlik müddəti də dəyişmişdi, 5 ildən 7 ilə artırılmışdı. Həm də bunun hüquqi əsası var idi deyə, bu proses axıra çatdırıla bilərdi. Amma referendumda səlahiyyət verilmişdi ki, Azərbaycan Respublikasının prezidenti zərurət hesab etdikdə prezident seçkilərini təyin edə bilər. Cənab prezident də öz səlahiyyətlərindən istifadə edib. Yəni ölkədə keçiriləcək tədbirlərlə, dünyadakı proseslərlə əlaqədar olaraq, seçki vaxtını aprelə müəyyənləşdirdi.

- Təbii ki, konstitusiya düzəlişlərinə əsasən, bu, dövlət başçısının səlahiyyətlərinə daxil olan məsələdir. Lakin bir müddət öncə məsələn, deputat həmkarınız Zahid Oruc bu barədə təklif irəli sürəndə sizin kəskin reaksiyanız olmuşdu...

- Bu məsələ qanunla belədir. Biz qanundan kənara çıxıb prezidentin səlahiyyətlərinə qarışa bilməzdik. Mən o məsələni diqqətə çatdırmışdım. Səlahiyyət prezidentindir. Heç kəsə hüquq verilməyib ki, icra strukturunda kiminsə təyin olunması, kiminsə çıxarılması və yaxud kiminsə təltif ya əfv olunmasını götürsün, öz adından istifadə edərək bu barədə məsələ qaldırsın. Mən dəfələrlə Milli Məclisdəki çıxışlarımda da prezidentin səlahiyyətinə kimsə müdaxilə etmək istəyirsə, ona qarşı fikrimi demişəm. Xatırlayırsınızsa, biri deyirdi ki, 15 gündən sonra vitse-prezident təyin olunacaq. Yəni prezidentin səlahiyyəti var, prezident nəyi, nə vaxt etmək lazımdırsa, onu çox gözəl bilir. Bir məsələni də deyim. Prezidentin namizədliyi ilə onun partiyası bilavasitə məşğul olur. Biz bilirdik ki, nəyi, nə vaxt, necə etmək lazımdır. İndi hər şey mətbuat üçün deyil, başa düşürsünüz...

- Deməli, növbədənkənar seçkilərin keçiriləcəyini qabaqcadan bilirdiniz?

- (Gülür) Mən bir söz demirəm. Amma bu məsələlər başqa-başqa şeylərdir.

- Azərbaycandakı seçkilərin aprel ayına keçirilməsinin Rusiya və Ermənistandakı seçkilərlə hansısa əlaqəsi varmı? Bəziləri hesab edir ki, seçkidən sonra Qarabağla bağlı hansısa ciddi qərarlar veriləcək. Bu barədə nə deyə bilərsiniz?

- Ordakı seçkilərlə heç bir əlaqəsi yoxdur. Hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı seçir, xalq mövqeyini bildirir. Bəzən fikirlər səslənir ki, filan ölkə belə təsir edəcək, filan ölkədən filan namizəd gəlir və s. Bu, ancaq xalqın tələbi və istəyi olan bir şeydir. Xalq kimə səs verəcəksə, o, ölkənin rəhbəri olacaq. Digər tərəfdən, mən yenə demək istəyirəm ki, bu, bilavasitə cənab prezidentin səlahiyyətinə aiddir. Ölkədə seçki mühiti var, seçki qanunvericiliyi var, ictimai-siyasi sabitlik mövcuddur və hər bir şəxs öz namizədliyini, hər bir siyasi partiya öz namizədini azad şəkildə, qanunun tələbi ilə irəli sürə bilər. Yəni seçki mühiti tam təmin olunub. Nə bir fövqəladə vəziyyət var, nə də başqa vəziyyət. Bu baxımdan bu gün istənilən seçki azad şəkildə keçirilə bilər. Söhbət bundan gedir. Kifayət qədər zaman var ki, hər bir partiya, yaxud fərd öz namizədliyini irəli sürsün və seçki kampaniyasını aparsın.

- Hesab olunur ki, seçkilərin vaxtının dəyişdirilməsi müxalifətin seytnot vəziyyətinə düşməsinə səbəb olub. Bu kimi arqumenlərə cavabınız nədir?

- Müxalifətin bir hissəsi namizədini müəyyənləşdirib, mən mətbuatdan oxumuşam. Məsələn, Müsavat Partiyası hələ 3 il bundan qabaq qurultayda namizədini müəyyənləşdirib. Digər partiya rəhbərləri elan edib ki, biz namizəd kimi iştirak edəcəyik. Namizəd müəyyənləşdirilibsə, qalır digər məsələlər-işin təşkili. Əgər bu, ciddi partiyadırsa, o işi təşkil etmək o qədər də böyük problem deyil.

- Belə fikirlər var ki, seçkilərin önə çəkilməsi qərarı xarici ölkələrin prezident seçkilərinə hansısa sürprizlər hazırlanmasını əngəlləmək üçün də verilə bilər. Bu arqumentin əsası varmı?

- Qəti şəkildə. Azərbaycanda xalqla iqtidar birliyi var. Azərbaycan xalqı prezidentin həyata keçirdiyi siyasəti görür və dəstək verir. Dediyim kimi, lap günü bu gün seçki keçirsək, bizim namizəd ən yüksək səs toplayıb, yenidən ölkə rəhbəri seçiləcək. O baxımdan bizim belə bir problemimiz yoxdur.

- Yəni hakim partiyanın namizədinin dəyişməsi müzakirə mövzusu deyil?

- Bəli. Biz namizədimizi elan etmişik, yaxın günlərdə də rəsmi qaydada namizədimizi irəli sürəcəyik.

- YAP-ın qurultayı nə vaxt keçiriləcək?

- Yaxın günlərdə olacaq.

- Siyavuş bəy, parlamentin iclasında siz amnistiya təklifi ilə çıxış etdiniz. Necə bilirsiniz, təklifiniz nəzərə alınsa, amnistiya seçkilərdən əvvəl verilə bilər, yoxsa sonra?

- Mən təxminən may ayını nəzərdə tutmuşam. Bilirsiniz ki, bu il “Cümhuriyyət ili” elan olunub, Cümhuriyyətimizin 100 ili tamam olur. Həm ümummilli liderin 95 illiyi tamam olacaq. Bu baxımdan bu məsələni qaldırmışıq və xahiş etmişik ki, cənab prezidentin təşəbbüsü ilə olsun. Mən orda da qeyd etdim ki, bağışlamaq Allaha və cənab prezidentə məxsusdur. O baxımdan bu iki böyük bayramda, həm dövlətçiliyə xidmət edən bayramda, həm cəmiyyətimiz üçün vacib olan, dövlətçilik ənənələrini möhkəmləndirən proseslərdə bir belə hadisənin olması çox gözəl olardı. İnsanlar da gözləyirlər. Hər kəsin ümidi var. Törətdiyi əməllərdən peşman olan insanlar amnistiyanı ümidlə gözləyirlər. Söhbət burada hüquqdan getmir. Təbii ki, maddələr düşür. Ancaq maddələrlə yanaşı, hansısa məsələlərlə bağlı olan fərdlərə də tətbiq olunması vacibdir. Mən hüquqşünasam, amnistiyanın da, əfvin də nə olduğunu çox gözəl bilirəm. Amnistiyada bunun hər ikisini tətbiq etmək mümkündür.

- Sizin təklifiniz İlqar Məmmədov və digərlərinin azadlığa buraxılmasına gətirib çıxaracaqmı?

- Mən orda da dedim ki, bəzi insanlardan istifadə edib ölkə haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Çalışırlar ki, o adamları qabarıq şəkildə versinlər. Keçən seçkilərdə deyirdilər ki, İlqar Məmmədov ona görə tutulub ki, o, prezidentliyə ən real namizəddir. İlqar Məmmədov bir bələdiyyəyə seçilə bilməz, qaldı ki, prezident. Yəni istifadə edirlər. Bu bəhanələrin qarşısını almaq üçün təklif etdim ki, amnistiya hamıya tətbiq olunsun!

- Bu il həm də mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Hakimiyyətin bu barədə addımları olacaqmı?

- Elçibəyin siyasi partiyası, tərəfdarları var. Bir çoxları özlərini onun yolunun davamçıları elan edirlər. Onun varisi olmaqdan ötrü sinə cıranlar çoxdur, düşüblər ortaya. Amma dövlət tərəfindən müvafiq addımlar atılıb. Yəni eks-prezident statusu verilib, digər təminatlar həyata keçirilib və s.

- Onun adının əbədiləşdirilməsi ilə bağlı qərar verilə bilərmi?

- Təkliflər verilməlidir. Bundan sonra dövlət tərəfindən baxılacaq, müvafiq hesab olunsa, qərar qəbul olunacaq.

- Artıq bir neçə nəfərin namizəd olacağı bəllidir. Hakimiyyət özünə ən ciddi rəqib kimi görür?

- Kim gəlir-gəlsin, bizim üçün rəqib yoxdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv