Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub

<b>Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub</b>

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yüksək qiymətləndirilib

“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”. Bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Qeyd edək ki, tədbir İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilib. Çıxışında nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfərini məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib: “Azərbaycanın Çindən Avropa Birliyinə və əksinə tranzit imkanları genişdir. Trans-Xəzər nəqliyyat dəhlizi Çinlə Avropa arasında ən qısa dəhlizdir. Çindən Avropaya ənənəvi okean daşımaları 60 günə reallaşdığı halda, bu dəhliz vasitəsilə daşımalar 14 günə həyata keçiriləcək. Dəhliz iştirakçı ölkələrə fayda verəcək, regionda sabitliyi artıracaq və insanlar üçün bərabər imkanlar yaradacaq. Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilib, tranzit müddəti qısaldılıb, prosedurlar sadələşdirilib. Dəhlizin digər üstünlüyü 114 milyon əhalisi, 1,1 trilyon ABŞ dollarına yaxın ÜDM-yə malik Trans-Xəzər Tranzit Dəhlizinin iştirakçısı olan Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda siyasi stabillik hökm sürür, davamlı iqtisadi artım müşahidə olunur”.
Azərbaycan-Çin iqtisadi əlaqələri, ticarət və investisiya əməkdaşlığı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin investisiya cəlbediciliyi barədə danışıb, çinli iş adamlarını Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmaq üçün geniş imkanlardan bəhrələnməyə dəvət edib. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan siyasi baxımdan stabildir, güclü iqtisadi potensiala malikdir, Dünya İqtisadi Forumunun hesabatına əsasən, dünyada 36-cı ən təhlükəsiz ölkədir, əlverişli biznes və investisiya mühiti yaradılıb, Cənubi Qafqazın siyasi, iqtisadi, tranzit və mədəni mərkəzi, beynəlxalq tədbirlər məkanıdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 248 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun yarısından çoxu xarici investisiyalardır.
Şaansi Əyalətinin Kommersiya Departamentinin direktor müavini Tanq Yonqanq, Beynəlxalq Ticarət üzrə İpək Yolu Palatasının baş katibi Li Zhonqhanq və palatanın baş katibinin müavini Huanq Dahai çıxışlarında tarixi İpək Yolu, Çinin “Kəmər və Yol” təşəbbüsü və bu strategiyanın reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə danışıblar.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın nəqliyyat və tranzit potensialı, ölkəmizdə yaradılmış əlverişli və müasir infrastruktur barədə məlumat verib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı limanının birinci fazası isə yaxın aylarda istismara veriləcək.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib, həmçinin Azərbaycanın nəqliyyat potensialı və Bakının “EXPO 2025” Sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv