Son xəbərlər
19 SENTYABR
18 SENTYABR
SOSİAL

Kim kəndə qayıdıb torpaq əkirsə… - Deputat

<b>Kim kəndə qayıdıb torpaq əkirsə… - Deputat</b>

Kənd təsərrüfatı dövlət dəstəyinə böyük ehtiyacı olan spesifik sahədir

Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər.
Bu sözləri millət vəkili Əli Məsimli “Yeni Müsavat” qəzetinə verdiyi geniş müsahibədə deputat həmkarı Ziyad Səmədzadənin kənd təsərrüfatı ilə məşğul olanların vergiyə cəlb edilməsi təklifinə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Bununla belə, bu sahənin potensialından layiqincə istifadə olunmur:
“Hazırkı reallıqlar şəraitində kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağıdır, xərclər, maya dəyəri yüksəkdir, bu sahədə istehsal olunan məhsulların əksəriyyəti yüksək rentabelli deyil. Kənd təsərrüfatı dövlət dəstəyinə böyük ehtiyacı olan spesifik sahədir. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər”.
Ə.Məsimli hesab edir ki, əslində hazırkı reallıqda bu məsələ ətrafında diskussiyaya yer yoxdur:
“Fermerlərə vergi güzəştlərinin edilməsi dövlətin aqrar siyasətinin mühüm tərkib hissəsidir. Ona görə də kənd təsərrüfatı sektorunda çalışanlara, xüsusən də kiçik və orta sahibkar kimi fəaliyyət göstərən fermerlərə vergi güzəştlərinin tətbiqi davam etdirilməlidir”.
Deputat kənddə qalmaq istəyənlərə dəstək verilməsinin vacib olduğunu bildirib. Əlavə edib ki, kəndə qayıdıb işləmək istəyən vətəndaşların uçotu aparılmalı, istifadəsiz torpaqların bir hissəsi onlara icarəyə verilməlidir:
“Eyni zamanda, Sahibkarlığa Milli Kömək Fondu və digər kanallarla onlara güzəştli kreditlər, eləcə də girov tələb olunmadan əlverişli şərtlərlə mikrokreditlər verilməlidir. Kənd təsərrüfatı sahəsində yüksək nəticə göstərənlərə növbəti ildən başlayaraq torpaq sahələsinin genişləndirilməsi, cins mal-qara ilə təminat, qrantların verilməsi və digər stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən zaman deyib ki, vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır: “Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv