Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
İQTİSADİYYAT

Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib

<b>Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib</b>

Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri Yarub Qudah ilə görüşüb

Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə Şahin Mustafayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin və İordaniya Kralı II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi önəmini vurğulayıb. Bildirilib ki, bu il Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində qarşılıqlı münasibətlərin inkişafında çox işlər görülüb. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına stimul yaradır.
Şahin Mustafayev bildirib ki, İordaniyada sabitlik hökm sürür və sərmayə yatırılması üçün münbit şərait yaradılıb. Bunlara Kral II Abdullah bin Hüseynin siyasəti nəticəsində nail olmaq mümkün olub.
Ölkələrimiz arasında müxtəlif sahələrdə, eləcə də regionlar arasında əməkdaşlıq genişlənir, sosial layihələr həyata keçirilir. Qeyd olunub ki, Əmmanın Bədr rayonunda Ümummilli Lider Heydər Əliyevin adını daşıyan prospekt və meydan vardır. İordaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı 2013-cü ildə Bəyanat qəbul edib.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi inşa edilir. Azərbaycan bu dəhliz vasitəsi ilə Avropaya ildə 10 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Bundan başqa, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da yaxından iştirak edir. Bu dəhliz Avropa ilə Körfəz ölkələrini birləşdirəcək. İran və Azərbaycan ərazilərindən keçməklə Rusiya və Avropaya kimi uzanan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İordaniya üçün də əhəmiyyətli ola bilər.
Vurğulanıb ki, Azərbaycan-İordaniya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində 2007-ci ildə yaradılmış və səfər zamanı 3-cü iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. İndiyədək ölkələrimiz arasında investisiyaların təşviqi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər də daxil olmaqla ümumilikdə 42 sənəd imzalanıb. Azərbaycanda ticarət və xidmət sahələri üzrə 9 İordaniya şirkəti qeydiyyata alınıb. Nazir Şahin Mustafayev Azərbaycan və İordaniya arasında ticarət dövriyyəsində artımın müşahidə edildiyini, 2017-ci ildə ticarət dövriyyəsinin 37%, ixracın 52% artdığını vurğulayıb. Qeyd edilib ki, iş adamlarının əlaqələrinin genişləndirilməsi üçün AZPROMO və İordaniyanın aidiyyəti qurumu arasında əməkdaşlığın qurulması, ixrac missiyalarının təşkili, potensial ixrac məhsullarına dair qarşılıqlı məlumat mübadiləsinin aparılması məqsədəuyğundur.
Görüşdə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan İnvestisiya Şirkəti ilə əməkdaşlıq, Ələt Azad Ticarət Zonasında və Azərbaycanda yaradılan sənaye parklarında İordaniya şirkətlərinin investor kimi iştirakı imkanları diqqətə çatdırılıb. Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılması imkanlarını qeyd edən Şahin Mustafayev nəzərə çatdırıb ki, İordaniyadan Azərbaycana dərman preparatları ixrac edilir. Azərbaycan ilə birgə müəssisə yaradıldıqdan sonra isə istehsal olunan məhsulun çeşidi artar və bu əczaçılıq məhsullarının üçüncü ölkələrə ixracını da təşkil etmək olar. Bundan başqa, Azərbaycanda yaradılmış aqroparklarda İordaniya ilə birgə kənd təsərrüfatı avadanlıqları, aqrar və qida məhsulları istehsal oluna bilər. Nazir Şahin Mustafayev İordaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək "Caspian Agro" və "WorldFood Azerbaijan" Sərgilərinə dəvət edib. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq imkanları genişdir. Vurğulanıb ki, e-vizanın tətbiqi nəticəsində ötən il İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55% artıb. Turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər.
İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Yarub Qudah ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluğunu bildirib, Azərbaycan nümayəndə heyətinin Əmmana səfəri zamanı müzakirə ediləcək məsələlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb. Yarub Qudah bildirib ki, üç dəfə Bakıya səfər edib və hər dəfə də yeniliklərin şahidi olub. Azərbaycanın təbiətini və insanlarının qonaqpərvərliyini xüsusilə qeyd edən Y.Qudah görüşdə irəli sürülən təkliflərin qarşılıqlı faydalı olduğunu və diqqətlə nəzərdən keçiriləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Əmmanın Bədr rayonunda Ümummilli Lider Heydər Əliyev adını daşıyan meydanı ziyarət ediblər.
Əmmana səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi ilə görüşündə Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı vəziyyətə dair qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud vəziyyət barədə İordaniya tərəfini məlumatlandırıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya tərəfinə bir daha təşəkkür edib. İqtisadiyyat naziri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edib, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələri barədə məlumat verib.
İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv