Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
SOSİAL

Narkomanla qeyri-adi söhbət

<font color=red><b>Narkomanla qeyri-adi söhbət </b></font>

“Düz 10 ildir “prob“ edirəm, hər dəfə də elə bilirəm ki, axırıncıdır”

Söhbətləşəcəyimiz narkomanla tanışlığımız təsadüfən oldu. Bakı - Yalama elektrik qatarında mənimlə üzbəüz bir nəfər oturmuşdu. 30 - 35 yaşlarında olardı. Bizdən arxadakı oturacaqda isə bir qız əyləşdi.
Həmin qızı nişanlısı rayona yola salırdı və vaqona mindirib getdi. Bundan sonra isə qonşu oturacaqlarda əyləşmiş 3 - 4 nəfər cavan oğlan ona söz atmağa başladı... Bu vəziyyətin mənimlə üzbəüz əyləşənə də pis təsir etdiyi hiss olunurdu. Nəhayət, o, mənə tərəf əyilərək dedi:

- Həbsdə belələrinə pis baxırlar, orada bunların yeri yoxdur. Aqibətləri çox pis olur. Allah uzaq eləsin!
Onunla razılaşdığımı bildirdim və beləliklə də söhbətimiz alındı. Həbsdə olub-olmadığını soruşdum.

- Bəli, olmuşam.

- Nə üstündə tutulmusan?

- Narkotikə görə.

- Satırdın?

- Xeyr. Özüm istifadə edirdim.

- İndi etmirsən?

- Edirəm, amma əvvəlki kimi yox. Ayda 1 dəfə və ya 2 ayda 1 dəfə. O da düşəndən-düşənə.

- İlk dəfə nə vaxt narkotikdən istfadə etmisən?

- 10 il bundan qabaq.

- Necə oldu ki, səndə narkotiklərə həvəs yarandı?

- Məndə narkotiklərə həvəs yaranmayıb. Sadəcə, bəxtim belə gətirib. Rayonda balaca bir dükanımız var idi. Pis də dolanmırdıq. Alverim yaxşı gedir və xeyli gəlirim olurdu. Bir dəfə bərk soyuqladım. Tanış uşaqlardan soruşdum ki, nə edim ki, soyuqdəymə canımdan çıxsın. Araqla istiotu qarışdırıb içməyimi məsləhət gördülər. Amma mən bundan imtina etdim. Çünki heç arağı düz-əməlli içə bilmirdim, nəinki istiotla birlikdə. Onda dedilər ki, axşam bir yerə yığışarıq, sənə dərman verərik. Axşam bir evdə yığışdıq. Təqribən 6-7 nəfər olardıq. Onların içərisində tanımadığım uşaqlar da var idi. Masanın üstündə nazik şprislər yığılmışdı. Mənə təklif etdilər ki, damarıma iynə vurum. Mən bundan imtina etdim. Bildirdilər ki, soyuqdəyməni canından çıxaracaq. Öyrəşməkdən qorxduğumu bildirəndə dedilər ki, bir dəfə ilə heç nə olmaz.

- Özün öz damarına necə iynə vurdun?

- Doğrusu, ilk dəfə özüm vurmadım. Həmin uşaqlardan biri bunu etdi. Beləliklə də “damarımı deşdilər“.

- Bundan sonra nə hiss etdin?

- Elə bilirdim ki, bütün bədənim keyiyib. Bundan başqa heç nə hiss etmədim. Amma mənə tapşırmışdılar ki, nə qədər susuzlasam da, soyuq su içməyim. Nə isə, uşaqlardan ayrılıb evə getməyə başldım. Susuzluqdan dil-dodağım qurumuşdu. Evə çatmağa az qalsa da, dözə bilmədim. Dükanların birindən buz kimi “kola“ alıb başıma çəkdim. Heç bir dəqiqə keçmədi ki, məni əsməcə tutdu. Titrətməyə başladım. Bədənim o qədər güclü əsirdi ki, dişlərim bir-birinə dəyəndə şaqqıltı qopurdu. Beləliklə də özümü evə çatdırdım. Evdə heç kim narkotikdən istifadə etdiyimi bilmədi. Çünki birinci dəfəydi. Elə bildilər ki, güclü soyuq dəyib. Üstümə 2 yorğan da örtsələr, heç bir xeyri olmadı. Titrətmə təqribən 10 dəqiqədən sonra kəsdi. Səhər uşaqlar mənə dedilər ki, yaxşı ki, ölməmisən. Ümumiyyətlə, heç bir həzz yox idi. Mən indi də narkotikdən həzz almıram.

- Bəs onda nə üçün istifadə edirsən?

- Sadəcə, məni keyləşdirir və heç nə düşünmürəm. Bundan sonra bir-iki dəfə də bir yerə yığışdıq, sonra bu əməllərimin sayı çoxaldı. Axırda da ilişdim. Mənə 3 il 6 ay həbs cəzası kəsdilər. Narkomanın türmədə yaşaması da çətindir. Orada hər şey üçün əl açana pis baxırlar. Narkomanın isə əl açmaması mümkün deyil. Türmədən çıxandan sonra özümə iş tapa bilmədim. Əvvəlki dükanımı yenidən işlətməyə başladım. Atam köməklik üçün mənə 1000 manat pul verdi. Amma həmin pulları “mal“a sərf edirdim. Yəni alverdən əldə edilən gəlirdən əlavə, mayanı da xərcləyirdim. Buna görə də “bankrot“ oldum.

- İndi nə işlə məşğulsan?

- İndi heç bir işim yoxdur. Hərdən gəlib Bakıda fəhləlik edirəm. Amma 2 - 3 gündən artıq işləyə bilmirəm. Təzədən rayona qayıdıram.

- Bəs müalicə olunmadın?

- Əlbəttə olunurdum. Amma ev şəraitində. Həkim müalicə yazmışdı. Tanış tibb bacısı gəlib evdə mənə iynə vurur və sistem qoşurdu.

- Müalicənin köməyi dəymədi?

- Günah özümdə oldu. Mənə sistem qoşulandan sonra hamının çölə çıxmasını tələb edir və evdə tək qalırdım. Ev boşalan kimi iynəni çıxarırdım. Sonra sistemə narkotik vururdum və təzədən qoluma qoşurdum. Beləliklə də “müalicə“ adı altında vəziyyətim “düzəlirdi“.

- Bəs bunu hiss etmirdilər?

- Əvvəlcə heç kim başa düşmürdü. Sonra tibb bacısı şübhələndi və məndən soruşanda dedim ki, heç bir şey etməmişəm. Amma rəngimdən və davranışımdan hər şey bəlli oldu. Beləliklə də tibb bacısı da müalicədən imtina etdi. Onsuz da xeyri olmayacaqdı. Atam isə bu qədər pulun heyif olmasına görə məni danladı. Sonra isə təzədən ilişdim.

- Yenidən həbs etdilər?

- Xeyr. Atam məni həbsə girməyə qoymadı.

- Ümumiyyətlə, narkotikdən birdəfəlik imtina edə bilərsən?

- Bəli.

- Elə isə niyə imtina etmirsən?
- Bəzən olur ki, 2-3 ay narkotikdən istifadə etmirəm. Heç yadıma da düşmür. Amma yenə başlayıram.

- Deməli, tələbat var...

- Belə deməzdim. Mühit buna şərait yaradır. Köhnə dostlar bir yerə yığışanda mənə də təklif edirlər və imtina edə bilmirəm.

- Nəyə görə imtina etmirsən?

- Üzüm gəlmir. Həm də fikirləşirəm ki, bir dəfə də “prob“ edim, daha istifadə etmərəm. Beləliklə də belə “prob“ların sayı çoxalır. Düz 10 ildir “prob“ edirəm. Hər dəfə də elə bilirəm ki, axırıncıdır.

- Deməli, aludəsən...

- Başqa narkomanların necə olduğunu deyə bilmərəm, amma mən istəsəm ataram.

- Gəl razılaşaq ki, bu bəhanədir. Yəni mühitdən yox, hər şey özündən asılıdır…

- (Çiyinlərini çəkir) Bəlkə də belədir.

- Ailəlisən?

- Bəli, 3 uşağım var: 2 qız, 1 oğlan.

- Evdə sənə münasibət necədir?

- Əvvəllər narkoman deyildim və evdə heç bir problemim yox idi. Amma narkotikdən istifadəyə başlayandan 1 - 2 il sonra pis vəziyyətə düşdüm, evdə söz-söhbətlər yarandı. Hətta az qaldı ki, ailəm dağılsın. Sonra tutuldum. Çıxandan sonra isə əvvəlki kimi pis rəftar etmirdim. İndi də həyata qayıtmağa çalışıram. Ailəmə minnətdaram ki, məni atmadı. Hamımız bir evdə yaşayırıq. Bizi atam dolandırır. Uşaqlarla təsəlli tapıram. Çünki adam hər şeydən məhrum olur, ailəsinin, uşaqlarının üzünə baxa bilmir. İnsan mənən alçalır, hörmətdən düşür. Belə həyatı heç kimə arzulamıram...

Əli Zülfüqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv