Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
SİYASƏT

Moskvanın Bakıya göndərdiyi yeni səfir kimdir?

<b>Moskvanın Bakıya göndərdiyi yeni səfir kimdir?</b>

Rusiya Duması dünən Azərbaycana göndəriləcək yeni səfirin namizədliyini təsdiqləyib. Bu, Mixail Boçarnikovdur

Boçarnikovun hazırda 70 yaşı var və diplomat kimi kifayət qədər böyük təcrübəyə sahibdir.
Mixail Nikolayeviç Boçarnikov 1948-ci ilin 6 martında anadan olub. O, 1971-ci ildə Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunu bitirib. Boçarnikov elə həmin il SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. O, buradakı fəaliyyətini 1977-ci ildə başa vurub və Moskvaya geri çağırılıb.
Boçarnikov 1982-ci ildə yenidən Efiopiyaya eyni vəzifəyə göndərilib və sonrakı 5 ilini burada keçirib. Efiopiyadan sonra Boçarnikov 1990-cı ildə Zimbabvedə çalışıb.
Boçarnikov ilk dəfə səfir vəzifəsinə 1992-ci ildə yüksəlib. O, Zambiyaya səfir təyin edilib və bu vəzifədə 1996-cı ilə qədər işləyib. 1996-cı ildə Moskvaya qayıdan diplomat burada Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edilib. Boçarnikov 1999-cu ildə Yunanıstana səfir olaraq göndərilib. Yeni səfir burada gələcəkdə Federasiya Şurasının rəhbəri olacaq Valentina Matviyenkonu əvəz edib. Əsasən Afrika ilə iş üzrə ixtisaslaşan diplomatın fəaliyyət yönünü dəyişdirməsi də bu tarixdən başlayıb.
Yunanıstanda 4 il işləyən Boçarnikov 2003-cü ildə yenidən Moskvaya çağırılıb və bu dəfə ona Rusiyanın Qafqaz siyasəti istiqamətində önəmli vəzifə verilib. Belə ki, o, Rusiyanın Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfiri olub. 2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub. Boçarnikov Astanada Moskvanın rəsmi nümayəndəsi kimi 12 il qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Qazaxıstanda səfir üçün ən çətin məqamlar isə Qazaxıstanın kiril qrafikalı əlifbadan imtina etməsi zamanı olub. Bu zaman səfir Rusiyanın bu qərara hörmətlə yanaşdığını deməklə münasibətlərin gərginləşməsinə imkan verməyib. Daha bir çətin məqam isə Rusiya siyasətçilərinin Qazaxıstanla bağlı səsləndirdikləri fikirlərlə bağlı yaşanıb. Bu, xüsusilə Donbas hadisələrindən sonra Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Qazaxıstanın şimalının Rusiyaya birləşdirməsiylə bağlı səsləndirdiyi iddialar zamanı olub. Qazaxıstan ictimaiyyətinin kəskin etirazı ilə üz-üzə qalan səfir bunun Moskvanın mövqeyini əks etdirmədiyini bəyan edib.
Rusiya Prezidenti Vladimir Putinin isə Qazaxıstanın dövləti olmadığını və Nazarbayevin sıfırdan dövlət yaratması ifadəsindən sonra ictimaiyyətdə yaranan gərginliyin aradan qaldırılmasında da Boçarnikov müəyyən uğurlar qazana bilib.
Boçarnikov NATO əleyhdarı kimi tanınır. O, xüsusilə NATO-nun Mərkəzi Asiyaya daxil olmaq cəhdlərini regionda stabilliyin pozulması kimi dəyərləndirir. Belə ki, Boçarnikova görə, bu regionun təhlükəsizliyinin təminatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mühüm rol oynayır və alternativ gücə ehtiyac yoxdur.
Boçarnikov ailəlidir. Onun bir qız övladı var. Diplomat üç dil - ingilis, fransız və amxar (Efiopiyada geniş yayılıb – red.) - dillərini bilir.
Qeyd edək ki, Dumanın təsdiqindən sonra bütün səlahiyyət artıq Putindədir. Onun Bakıya gəlməsi üçün Putin sərəncam verməlidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv