Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Prezidentin yeni komandasında kimlər olmayacaq?

<b>Prezidentin yeni komandasında kimlər olmayacaq?</b>

Azərbaycan hökuməti prezident seçkilərindən sonra yenidən formalaşdırılacaq

Aparılan müzakirələr göstərir ki, bu proses konstitusiya tələbi ilə formal xarakter daşımayacaq, komandada ciddi bir yenilənmələrlə yadda qalacaq.
Onu da qeyd edək ki, bu barədə danışan prezidentliyə namizəd, Milli Məclisin üzvü Zahid Oruc ciddi məqamlara toxunub, bəzi mesajlar verib. İqtidar mətbəxinə bələd olan namizəd bildirib ki, yeni hökumətin formalaşmasına isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə qərar veriləcək:
“Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və bu tələblərə cavab verən şəxslər komandada yer alacaq”.
YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov da Yeni Müsavat-a müsahibəsində kabinetin yenidən formalaşdırılacağını deyib:
“Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq. Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq”.
Maraqlıdır ki, hökumətin yeni tərkibində olmayacaq məmurlar sırasında daha çox ölkənin maliyyə-bank sektorunu idarə edən qurumların rəhbərlərinin adları çəkilir. Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlıya prezident tərəfindən yenidən etimad göstərilməyəcəyi bildirilir. Hər üç şəxsin barəsində son aylarda ölkə mətbuatında silsilə materiallar dərc olunmaqdadır. Xüsusilə ölkənin bank sektorunda yaranmış problemlərin aradan qaldırılmaması, problemli kreditlərlə bağlı məsələnin böyüyərək dövlətin üzərində ağır yükə çevrilməsi bu sahəyə nəzarət edən məsul şəxslərin fəaliyyətinin yarıtmazlığını gündəmə gətirib.
Elə Milli Məclisin dünənki iclasında hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı çıxışında R.Aslanlını sərt tənqid edib:
“Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.
Siyasi blokdan isə hələlik yalnız iki nəfərin adı çəkilməkdədir. Bunlardan biri Xarici İşlər naziri Elmar Məmmədyarovdur. Xatırladaq ki, deputat F.Ağamalı bir neçə gün öncə Milli Məclisdəki çıxışında onu açıq şəkildə istefaya çağırıb. Bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir. Qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu, olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.
Xarici işlər nazirinin fəaliyyətindən narazılıqlar cəmiyyətin müxtəlif təbəqələrindən də səsləndirilməkdədir.
Siyasi blokdan fəaliyyəti narazılıq doğuran daha bir məmur Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Son zamanlar Avropada yaşayan mühacirlərin sərt, bir çox hallarda isə təhqiramiz çıxışlarının artması, bu fonda xaricdəki diaspora təşkilatlarının fəaliyyətinin hiss olunmaması N.İbrahimovla bağlı narazılıqları daha da artırıb. Elə xarici işlər nazirinin fəaliyyətindən narazılıqların artmasında da bu amil əsas yerlərdən birini tutur. Böyük ehtimalla, bu amil də hər iki məmurun vəzifəsi ilə vidalaşmasına gətirib çıxaracaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv