Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

BAXCP-nin növbəti qurultayı keçirilib

<font color=red><b>BAXCP-nin növbəti qurultayı keçirilib</b></font>

Qüdrət Həsənquliyev yenidən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilib

Aprelin 7-də Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) V Qurultayı keçirilib.
Qurultaydan öncə BAXCP rəhbərliyi milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib, məzarı önünə əklil qoyulub.
Qeyd edək ki, BAXCP-nin qurultayın keçirilməsi üçün daha geniş zalın ayrılmasıyla bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab olaraq Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Mədəniyyət mərkəzi təklif edilmişdi.
Partiya bunu məqsədəuyğun saymadı və razılıq əsasında qurultayı BMM-də keçirməyə qərar verdi.
Qurultaya 59 rayon təşkilatından seçilmiş 280 qurultay nümayəndəsi qeydiyyatdan keçib və yetərsay olduğundan qurultay Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
Partiya sıralarından dünyasını dəyişənlərin, həmçinin Azərbayacan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra 6 nəfərdən ibarət sədarət, həmçinin, katiblik, say və mandat komissiyaları seçilib.
Qurultayda BAXCP sədri görülən işlər, qarşıda duran vəzifələr barədə hesabat xarakterli çıxış edib.
Qüdrət Həsənquliyev BAXCP-nin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etdiyini qeyd edib.
O qeyd edib ki, qurultaylararası dövrdə partiya Avropa Mühahafizəkarlar və İslahatçılar Alyansının Tunisdə keçirilən iclasında qurumun tamhüquqlu üzvü seçilib: “Bu ilin iyun ayında alyansın Bakıda müşavirəsinin keçirilməsi gözlənilir. Əgər müvafiq razılıq əldə edə bilsək, bu iclas paytaxtımızda baş tutacaq”.
Qüdrət Həsənquliyev ötən dövrdə partiya yeni üzvlərin cəlb edilməsi istiqamətində iş aparıldığını, 3 rayonda yeni təşkilat yarandığını vurğulayıb. Qarşımızda duran vəzifə Azərbaycanın hər bir rayonunda partiyanın rayon təşkilatlarının olması ilə bağlıdır”.
Millət vəkili çoxpartiyalı sistemin inkişaf etdirilməsinin partiyanın başlıca vəzifələrindən olduğunu vurğulayıb:”Biz bu məqsədlə bütün seçkilərə qatılırıq”.
Qüdrət Həsənquliyev Azərbaycanda qanun aliliyinin qorunması, demokratik bir cəmiyyətin qurulmasının vacibliyini qeyd edib. O, Azərbaycanda parlamentli idarəetmə üsuluna keçməyin zəruri olduğunu da vurğulayıb: “Azərbaycan Şərq və müsəlman ölkəsidir. Bizdə demokratik ənənələrin yaranması üçün parlamentli respublika ən yaxşı modeldir. Azərbaycanda bu modelə keçmək lazımdır. Biz bu məsələni qaldıranda Gürcüstan və Ermənistanda həmin modelə keçməklə bağlı müzakirələr yox idi. Lakin Gürcüstan artıq bu modeli seçib. Ermənistan da yaxın günlərdə bu sistemə keçəcək”.

“Proporsional seçki sistemi partiyaların təmərküzləşməsinə yol aça bilər”

Partiya sədri əlavə edib ki, BAXCP ölkədə proporsional seçki sistemi yaradılmasının tərəfdarıdır. O, bu sistemin yaradılacağı təqdirdə seçicilər fərdlərə deyil, partiyalara və ideyalara səs verəcəyini deyib: “Biz bu seçki sisteminin bərpa edilməsini istəyirik və bu istiqamətdə iş aparırıq. Bu seçki sistemi partiyaların təmərküzləşməsinə yol aça bilər”.
Partiya sədi ölkədə mövcud problemlərin həllinə də toxunub. Bildirib ki, problemlər müxalifətin zəif olmasından qaynaqlanır. Onun fikrincə, müxalifət hökumətin fəliyyətinə nəzarət edə bilmir: “Müxtəlif dövlət orqanları yanında yaradılan Müşahidə Şuralarında müxalifətin nümayəndələri təmsil olunmursa, hakim partiya öz-özünə nəzarət edirsə o zaman problemlərin həllində söhbət gedə bilməz”. Millət vəkili əlavə edib ki, inkişaf etmiş ölkələrin parlamentlərində büdcəyə nəzarət komitələri var və onun da rəhbəri müxalifət nümayəndəsidir. Azərbaycanda isə bütün sahələrə bir partiya nəzarət edir.
Müstəqil məhkəmə hakimiyyətinin olmamasına da toxunub. Məhkəmə-Hüququ Şurasına da icra hakimiyyəti təmsilçisinin rəhbərlik etdiyini bildirib.

“Xaricdə təhsil alan gənclərimzin sayını artırmalıyıq”

Partiya sədri elm və təhsil, səhiyyə sistemindəki vəziyyətin də ürəkaçan olmadığını vurğulayıb. Bildirib ki, elmə, təhsilə investisiya qoyulmalıdır, təhsil dövlətin nəzarətindən tam çıxarılmalıdır. Barmaqla sayılacaq özəl universitetlər var, yeni universitetlər acılmalıdır. Həmin universitetləri açan sahibkarlar 10 il vergidən azad edilməlidirlər, sonrakı illərdə onlara güzəştli vergi tətbiq edilməlidir. Təhsil sahəsinə də dövlət tərəfindən ayrılan vəsaitin həcmi artırılmalıdır: “Təhsil müəssisələrində xarici dillərin öyrənilməsi prosesini gücləndirməliyik. Bununla bağlı xüsusi dövlət proqramı yaradılmalıdır. Dövlət hesabına xaricdə təhsil alan gənclərimzin sayını artırmalıyıq. 2008-2015-ci illər ərzində dövlət proqramında xaricə 5 min tələbənin xaricdə oxunması planlanmışdı. Amma 3700 tələbəni göndərə bildik. Vətənə qayıtdıqdan sonra onların burada işlə təmin olunmasına da diqqət yetirilməlidir. Bizə lazım olan kadrlarımız işsizlikdən yenidən xaricə üz tutmaq məcburiyyətində qalırlar, bunun qarşısını almaq lazımdır. Yüksək ixtisaslı kadrlara ehtiyacımız var. Xarici kadrları ölkəmizə dəvət edirik onlara yüksək maaş veririk. Halbuki, bu kadrları özümüz burada hazırlaya bilərik”.
BAXCP sədri dövlət xəstəxanalarının özəlləşdirilmədiyini, icbari tibbi sığortanın tətbiq edilmədiyindən, tibbi personalın maaşlarının artırılmamasından səhiyyədə də acınacaqlı vəziyyətin yarandığını önə çəkib: “Həkimlərin və müəllimlərin maaşı minimum 1000 manat artırılmalıdır ki, bu sahələrdə vəziyyət yaxşılaşsın, Azərbaycandan beyin axının qarşısını almalıyıq”.
Qüdrət Həsənquliyev məmur özbaşınalığı və rüşvətxorluqa da toxunub. Bildirib ki, dövlət orqanlarında çalışan məmurlar, hüquq-mühafizə orqanları işçilərinin də maaşları azından 2-3 dəfə artırılmalıdır ki, rüşvətin kökü kəsilsin.
Partiya sədri Qarabağ əllilərinin, qaçqın və köçkünlərin sosial problemlərinin həllinin də diqqətdən kənarda qaldığını söyləyib. Onun sözlərinə görə, dövlət bu təbəqənin sosial problemlərinin həllinə diqqətini artırmalı və onların sosil rifahın yaxşılaşdırılması istiqamıətində əlavə dövlət proqramları hazırlamalı, büdcədən ayrılan vəsaitin həcmini çoxaltmalıdır.

“İqtisadiyyatın bütün sahələrində islahatlar aparmalıyıq”

Azərbaycanda iqtisadi islahatların da aparılmasının vacibliyini deyən millət vəkili dünyada tanınmış bankların ölkəmizə gətirilməsini və onların yerli sahibkarlara az faizlə kreditlər vermələrinin iqtisadiyyatımızın inkişafına böyük təkan verəcəyini deyib. Qüdrət Həsənquliyev bildirib ki, ölkəyə kreditorlar cəlb etməliyik, iş yerləri acmalıyıq ki, azərbaycanlılar xaricdə özlərinə iş axtarmağa getməsinlər: “İqtisadiyyatın bütün sahələrində islahatlar aparmalıyıq. ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayev Anadolu Agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, neft emalı müəssisələri tikmək ücün Türkiyəyə 20 milyard dollara yaxın investisiya qoymuşuq. Məgər bu investisiyanı Azərbaycana yatırıb ölkəmizdə zavodlar tikə, işə sala bilmərik. Azərbaycan dünyay neft ixra edir, həmin neftdən müxtəlif məhsullar istehsal edib özümüzə satırlar. Adi bir avtomobil yağını belə xaricdən alırıq. Olmazmı ki, neft emalı, neftayırma zavodlarını elə Azərbaycanda inşa edək. Həm iqtisadiyyatımız inkişaf edər, həm yeni iş yerləri açılar, həm gəlirimiz cibimizdə qalar, həm də xaricə məhsul ixrac edərik. Türkiyə bizim müttəfiqimiz, qan, can qardaş ölkəmizdir. Amma əvvəlcə öz iqtisadiyyatımızın güclənməsinə, əhalinin sosial rifahının yaxşılaşmasına sərmayə qoyaq, sonra müttəfiqlərimizi düşünək”. Deputat qeyd edib ki, Neft Fondunun vəsaitləri düzgün istiqamətə xərclənməli, sərf olunmalıdır.
Qüdrət Həsənquliyev onu da vurğulayıb ki, qeyri-neft sektorundan əldə olunan gəlirlərlə bu gün kifayətlənmək də olmaz. Sənaye sahəsini də inkişaf etdirmək lazımdır: “ Naxcıvanda Çindən gətirilən avtomobil hissələri yığılır. Ad da qoymuşdular ki, Azərbaycanda avtomobil istehsal edən zavod fəaliyyətdədir. Bu sadəcə hazır avtomobil hissələrini yığan bir sexdir. Şamaxıda iranlılar da belə bir iş görmüşdülər, effekt vermədi. Bu günlərdə isə İranla Azərbaycanın birgə “Xəzər” avtomobil zavodunun açılışı olub. İran nə zamandan avtomobil istehsalı ilə dünyada ad çıxarıb. Koreya, Almaniya, Yaponiya kimi ölkələrin şirkətlərini bu işə cəlb etməkdənsə iranlılarla işləməyə üstünlük veririk. Bu gün Avropada elektriklə işləyən avtomobillər buraxılır, bunun üzərində işləmək lazımdır”.
Qüdrət Həsənquliyev bank sektorunun əhaliyə xidmətindən də narazılığını bildirib. Millət vəkili qeyd edib ki, bankların sahibkarlara kredit faizlərini qaldırması düzgün deyil. Halbuki, Avropa ölkələrində 2-5 faizlə verilən kreditlər Azərbaycanda sahibkarlara 26-28 faiz göstəricisidir. Orta sahibkarlıq inkişaf etdirilməlidir, açağı faizlərlə onlara kredit verilməlidir: “Bunun nəticəsidir ki, azərbaycanlılar xarici ölkələrə pul yatırırlar, amma Azərbaycana yox. Səbəb onlara dövlət təminatının verilməməsidir. Azərbaycanda əksər hallarda sahibkarın mülkiyyət hüququ qorunmur və məhkəmələrdə də bu müdafiə olunmur”.

“Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq”

Qüdrət Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub. O, bildirib ki, biz Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiyaya açıq şəkildə deməliyik, sən Azərbaycandan nə istəyirsən ki, bu məsələ həllini tapsın?!
O əlavə edib ki, əgər Rusiya bu problemin həllinə razılıq verərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının və Gömrük İttifaqınının üzvü ola bilər: “Biz bu fikri səsləndirəndə bizi çox naşı şəkildə ittiham edirlər. Amma tərəzinin bir gözünə Azərbaycan ərazilərinin 20 faizini, digərinə bu təşkilatlara üzvlüyü qoyun, görün hansı ağır gəlir? Yox, əgər Rusiya bu siyasətini davam etdirəcəksə, biz Rusiya ilə dost-qardaş olaraq qala bilmərik”.
Qüdrət Həsənquliyev əlavə edib ki, Rusiya ilə razılığa gələ bilməsək, Vətən müharibəsinə başlamalıyıq: “Bu məqsədlə 60 min nəfərlik ordu quracağıq. Biz ya torpaqlarımızı azad etməli, ya da ərazilərimizin işğalı ilə barışmalıyıq”.
Partiya sədri balanslaşdırılmış siyasətindən imtina etməyə çağırıb, Qoşulmama Hərəkatı kimi təşkilatlara üzvlüyün Qarabağ münaqişəsinin həllinə aparmadığını vurğulayıb: "Biz hakimiyyətə gəlsək, 1 il danışıqlar aparacağıq. Əgər bu danışıqlar uğursuzluqla nəticələnsə, dünya birliyinə müraciətimizi göndərəcək və istəniləın an torpaqlarımızın azadlığı əməliyyatına başlayacağımızı bildirəcəyik. Əgər xalq bizim siyasətimizi dəstəkləsə, 2020-ci ilin yayı Azərbaycan torpaqlarının işğaldan azadlığı ili olacaq".

“Reallığa uyğun addımlar atmalıyıq”

BAXCP sədri seçkinin ertələnməsi məsələsinə də toxunub. Qüdrət Həsənquliyev regional siyasi hadisələrin də Azərbaycanda növbədənkənar prezident seçkisinin ertələnməsinə zəmin yaratdığını bildirib. Partiya sədri qeyd edib ki, Rusiyanın Suriyadakı yürütdüyü siyasətin iflasa uğraması, üstəlik regionda və dünyada mövqeyi ölkədə vəziyyəti gərginləşib. ABŞ-ın Rusiyanın iş adamlarına, ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyaların ölkə iqtisadiyyatına böyük zərbə ola biləcəyini deyən millət vəkili bildirib ki, bu daxildə parçalanmaya və vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq. Türkiyənin bölgədə apardığı hərbi əməliyyatlar, İrandakı mövcud ictimai-siyasi vəziyyət Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsini zərurətə çevirib: “Ona görə də hər bir baş verəcək siyasi prosesin nəticəsini proqnozlaşdırıb ona hazır olmalıyıq və reallığa uyğun addımlar atmalıyıq”
Qüdrət Həsənquliyev radikal müxalifətin prezident seçkilərini aşağılayan fikirlərinə də münasibətini açıqlayıb. Bildirib ki, bəzi müxalifət partiyaları bəyan etmişdilər ki, seçkiyə altı ay qalmış ölkədə Secki Məcəlləsinin dəyişdirilməsiylə bağlı böyük kampaniya aparacaqlar və oktyabrda seçkilərə yeni Seçki Məcəlləsi ilə gedəcəklər: “Milli Şuranın ötən il payızda keçirdiyi mitinqində hər şeydən danışıldı, Seçki Məcəlləsinə əlavə və dəyişikliyin edilməsindən başqa. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi təklifini etmək istəyən qüvvə bunu seçki bitəndən sonra gündəmə gətirərdi. Dörd il altı ay bu məsələyə toxunmayan radikal müxalifət hansı məntiqə əsaslanıb deyə bilər ki, seçkiyə altı ay qalmış Seçki Məcəlləsinə əlavə və dəyişiklikliyə nail olduqdan sonra prosesə qatılacaqdıq”.

“Söyüş acizlik və qorxaqlıq əlamətidir”

BAXCP sədri Əli Kərimli başda olmaqla radikal müxalifətin seçkini aşağılayan, Azərbaycan prezidenti, hakimiyyətin digər yüksək ranqlı məmurlarına qarşı siyasi etikadan, mədəniyyətdən uzaq mövqe tutmalarını, Avropadan sifarişli söyüş kampaniyasını aparmalarını acizlik və qorxaqlıq əlaməti kimi qiymətləndirib.
Qüdrət Həsənquliyev çıxışında qarşıda bir neçə önəmli tədbirlərin - eks prezidentlər Heydər Əliyevin anadan olmasının 95, Əbülfəz Elçibəyin 80, AXC-nin yaranmasının 100 illiyi qeyd olunacağını , bu münasibətlə əfv fərmanının və aministiya aktının qəbul edilməsinin vacibliyini də vurğulayıb: “Beynəlxaq təşkilatlar tərəfində siyasi məhbus hesab edilən bütün şəxslər azad edilməlidir. Şəxsiyyət və dövlət əleyhinə cinayətlər törədənlərdən başqa digərləri ya azad edilməlidir, ya da cəzaları yüngülləşdirilməlidir. Milli və vətəndaş birliyinə nail olmalıyıq”.
Partiya sədri qeyd edib ki, işğal edilən torpaqlarımızın azad edilməsi üçün vətən müharibəsinin başlanması zəruruliyinə də toxunub. Onun sözlərinə görə, müharibənin başlanacağı ölkədə qarşıdurma və prezidentə qarşı xəyanətin edilə biləcəyini göz önünə almalıyıq. Vətən müharibəsi başlayarsa bütün siyasi partiyalar fəaliyyətlərini dayandıracaq. Cinayət Məcəlləsində müvafiq dəyişikliklər ediləcək, siyasi xəyanət dövləti xəyanətlə əvəzlənəcək. Bilirsiniz ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına qoşulduğundan ölkəmizdə ölüm hökmü ləğv edilib. Amma konvensiyanın 5-ci maddəsinə görə müharibə gedən ölkədə ölüm cəzası bərpa oluna bilər. Müharibədən öncə müharibə qanunlarına dəyişikliklər edilməlidir. Ölüm cəzasının bərpa etməliyik. Bu, bizə ona görə lazım olacaq ki, Ali baş komandana qarşı edilən bütün təxribatlar dövlətə qarşı xəyanət hesab olunacaq və onlar ölüm cəzasına məhkum ediləcəklər”. BAXCP sədri buna məlum Gəncə qiyamını və o zaman hakimiyyətdə təmsil olan bir neçə şəxsin prezident olmuş Əbülfəz Elçibəyə edilən xəyanəti misal çəkib.
BAXCP sədri çıxışının sonunda məqsədin Azərbaycanda hüququ, demokratik, ədalətli bir cəmiyyətin qurulmasının vacibliyini, bu istiqamətdə bütün qüvvələrin səfərbər olunmasının, ölkənin bütün sahələrində demokratik islahatların aparılmasının vacibliyini vurğulayıb və qurultay iştirakçılarına bu yolda mübarizələrini davam etdirmələrini tövsiyyə edib.
Fasilədən sonra BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli, həmçinin Kəlbəcər, Gəncə və Lerik təşkilatlarının sədrləri çıxış ediblər. Çıxış edənlər bir sıra digər məsələlərlə yanaşı partiya sədri postuna Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər.
Çıxışlardan sonra Elçin Mirzəbəyli BAXCP-nin V qurultayının Azərbaycan xalqına müraciətini səsləndirib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
Bu gün Azərbaycan cəmiyyətinin demokratik inkişaf səviyyəsinin dövlətimizin iqtisadi imkanlarına, xalqımızın mədəni və intellektual potensialına cavab vermədiyi, demokratik təsisastların bütün istiqamətlərdə təşəkkül tapması üçün mümkün vasitələrdən istifadə olunmadığı, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda əsas şərt hesab olunan qanununun aliliyinin tam təmin edilmədiyi gündəlik həyatımızın hər addımında hiss olunur.
BAXCP dəfələrlə bəyan edib ki, Azərbaycanın inkişafı çoxpartiyalı sistemin cəmiyyətə real təsir mexanizmlərinə malik olmasından, ölkə həyatının bütün sahələri üzrə ardıcıl islahatların həyata keçirilməsindən, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsindən keçir.
Hesab edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü tarixi dövlətçilik ənənələrimizə yenidən nəzər salmaq üçün vəsilə olmalıdır. Bu baxımdan, Azərbaycanda köklü Konstitusiya islahatlarının həyata keçirilməsini, proporsional seçki sisteminin bərpa olunmasını, parlament idarəçilik modelinin tətbiqini Azərbaycan Respublikasının demokratik inkişafı, xalqımızın gələcəyi, strateji hədəflərimizin həyata keçirilməsi üçün ən önəmli amil kimi dəyərləndiririk.
Bəyan edirik ki, xalqımızın xoşbəxtliyi, rifahı naminə həyata keçirilən iqtisadi-sosial inkişaf layihələrinin mənəvi-siyasi əsasında insan amili və hüquqi dövlət quruculuğu dayanmalıdır.
Əziz həmvətənlər,
Bu gün qarşımızda dayanan ən böyük problemlərdən biri və bəlkə də birincisi torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında olmasıdır. Atəşkəs elan olunduğu gündən 24 il keçməsinə baxmayaraq, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə verməyib. BAXCP dəfələrlə bəyan edib ki, münaqişənin həll olunmamasının əsas səbəbkarı işğal faktorundan istifadə etməklə regionu öz təsir dairəsində saxlamaq istəyən Rusiyadır. Məhz bu səbəbdən Ermənistanla aparılan danışıqların heç bir nəticəsi yoxdur. BAXCP hesab edir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı danışıqlar Rusiya ilə aparılmalıdır. Bu müddət ərzində Azərbaycanda 60 min nəfərlik peşəkar ordu yaradılmalı, Rusiya ilə aparılan danışıqlar nəticə vermədiyi, yaxud suverenliyimizi təhdid etdiyi təqdirdə torpaqlarımızın hərb yolu ilə azad edilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.
Əziz həmvətənlər,
Bildiyiniz ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki kampaniyası ərzində ölkənin siyasi səhnəsində özünütəcrid siyasəti yürüdən, Azərbaycanın deyil, ölkəmizin milli maraqlarına, dünyəvi dövlət quruluşuna qənim kəsilmiş dairələrin maraqlarını ifadə edən, Milli Azadlıq Hərəkatından başlayaraq ölkəmizdə siyasi mədəniyyətin, rasional siyasi düşüncənin təşəkkül tapmasına ciddi ziyan vuran bəzi qruplar yenidən sizi seçkiləri boykot etməyə çağırırlar. BAXCP hesab edir ki, Azərbaycanın inkişafı islahatlardan və bu islahatlara verilən fəal vətəndaş dəstəyindən keçir.
Sizi prezident seçkilərində fəal iştirak etməyə, islahatlara və inkişafa səs verməyə çağırırıq”.
Daha sonra BAXCP sədri postuna seçki keçirlib. Açıq keçirilən səsvermə nəticəsində Qüdrət Həsənquliyev yenidən BAXCP sədri seçilib.
Qüdrət Həsənquliyev qurultay nümayəndələrinə təşəkkür edərək qarşıdakı dövrdə ona göstərilən etimadı doğruldacağını, partiyanın gücləndirilməsi, nüfuzunun möhkəmləndirilməsi istiqamətində çalışacağını bildirib.
Beləliklə, BAXCP-nin V Qurultayı öz işini başa vurub.
Qurultaydan sonra BAXCP Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Nizamnaməyə əsasən Ali Məclisə BAXCP sədrinin təqdimatı ilə Məclis üzvlərinin sayının 1/3-i qədər yeni üzvlər seçilib.
Vaqif Abışov Ali Məclisin sədri, Faiq İsmayılov və Bəhruz Cabbarlı sədr müavinləri, Yeganə Dilbazi Ali Məclisin katibi seçiliblər.
Ali Məclisin iclasında BAXCP İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. BAXCP sədrinin təqdimatına əsasən Yaşar Kələntərlinin baş katib postuna təyinatı təsdiqlənib.

Cavid


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv