Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
İQTİSADİYYAT

Məmməd Musayev CAR səfiri Pule İsaak Malefane ilə görüşüb

<b>Məmməd  Musayev CAR səfiri Pule İsaak Malefane ilə görüşüb</b>

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefaneni ilə görüşüb

Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti haqqında qonağa geniş məlumat verən Məmməd Musayev bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkədəki 800000-dən artıq sahibkarın maraqlarını müdafiə edir. Qeyd olunub ki, təşkilatın əsas məqsədi öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında iştirak etməkdir. Neft və qaz istehsalının Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil etdiyini deyən ASK-nın prezidenti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli iqtisadi islahatlar haqqında səfirə ətraflı məlumat verib. Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən, üzümçülük, pambıqçılıq, şərabçılıq, tütünçülük və digər sahələrin inkişafına verilən önəmi səfirin diqqətinə çatdırıb.
“Cənubi Afrika Respublikası Afrika qitəsində ən inkişaf etmiş ölkələrdən biridir. Ölkənizdə şərabçılıq, turizm və başqa sahələr inkişaf etdirilir. Biz CAR-da sahibkarları təmsil edən analoji təşkilatla əməkdaşlıq etməyə, birgə biznes-forumlar təşkil etməyə və ölkənizin iş adamlarını Azərbaycanda keçirilən sərgilərə, forumlara qatılmağa dəvət edə bilərik”, -dəyə Məmməd Musayev bildirib.
İqamətgahı Ankarada yerləşən CAR-ın Azərbaycandakı səfiri Pule İsaak Malefani bildirib ki, ölkəmizə səfəri çərçivəsində maraqlarından biri sahibkarları təmsil edən ASK kimi təşkilatlarla əməkdaşlıq qurmaq yollarını müzakirə etməkdir.
“Tutduğu coğrafi mövqeyinə görə Azərbaycan ilə əlaqələrimizi genişləndirmək bizim üçün önəm daşıyır. Hazırda CAR və Azərbaycan arasında olan ticarət dövriyyəsi iki ölkə arasında mövcud olan potensiala cavab vermir. Ölkələrimiz arasında diplomatik münasibətlərin mövcudluğunu nəzərə alaraq, ticarət əlaqələrimizin də inkişaf etdirilməsini məqsədəuyğun hesab edirik. Birgə layihələr, səfərlər, tədbirlər vasitəsilə iki ölkənin işgüzar dairələrini məlumatlandıra bilərik. Biz səfirlik olaraq CAR-da sahibkarları təmsil edən oxşar təşkilatla əlaqələr qurmaq üçün sizin istənilən təşəbbüsünüzü dəstəkləməyə hazırıq. Bundan başqa, bu il Nelson Mandelanın 100 illik yubileyi münasibətilə silsilə xatirə tədbirlərimiz nəzərdə tutulur. Mən artıq Bakı Dövlət Universitetində tələbər qarşısında Nelson Mandelanın həyatı ilə bağlı məruzə ilə çıxış etmişəm. Üzvlərinizi bir araya gətirmək imkanı yaranarsa biz həm Cənubi Afrikada olan biznes imkanları, həm də Nelson Mandelanın keçdiyi həyat yolu haqqında biznes icmasına böyük məmnuniyyətlə məlumat verə bilərik,”- səfir bildirib.
Cənubi Afrikada aparteid rejim əleyhinə hərəkata rəhbərlik etmiş və buna görə çox çətin sınaqlardan keçmiş Nelson Madelanın həyatı haqqında məlumatlı olduğunu deyən Məmməd Musayev onun dünya miqyasında məşhur bir insan olduğunu bildirib:
“Mən onun həyatı haqqında çox oxumuşam. O, doğrudan da insanlığa nümunə olan dahi bir şəxsiyyət olub. Onunla bağlı diqqətimi çəkən məqamlardan biri də o olmuşdur ki, Mandela prezident olduqdan sonra onu mühakimə etmiş prokuroru iqamətgahında nahara dəvət etmişdi. Mandelanın sərgilədiyi humanizm və barışıq bəşəriyyət üçün bir örnəkdir. Onun şəxsiyyətinə hörmət edən biri kimi biz böyük məmnuniyyətlə təklif etdiyiniz tədbirin keçirilməsinə dəstək göstərməyə hazırıq”, - deyə Məmməd Musayev bildirib.
Sonda qonaqla xatirə fotosu çəkilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv