Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
İQTİSADİYYAT

Neftin sürətlə bahalaşmasının səbəbləri

<b>Neftin sürətlə bahalaşmasının səbəbləri</b>

Neftin qiymətinin dünya bazarında yüksəlməsi daha çox Suriya konflikti ətrafında baş verənlərlə bağlıdır

Bu sözləri Axar.az-a neftin dünya bazar qiymətindəki artımının səbəblərini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, son 4 ildə ilk dəfədir ki, “Brent” markalı xam neftin qiyməti 72 dolları keçir:
“Suriyada kimyəvi silah istifadə edildikdən sonra ABŞ Prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi ilə bağlı tvit paylaşıb. Trampın paylaşdığı tvit neftin dünya bazar qiymətinə birbaşa təsir göstərir və qiymət artımları müşahidə olunur. Xüsusilə hazırkı dövrdə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı narahatlıqlar var. Bu narahatlıq neftin dünya bazar qiymətinə birbaşa təsir göstərməkdədir. Nəzərə almalıyıq ki, Suriya ətrafı olan ölkələr neft istehsal edən ölkələrdir. Əgər Suriyada ABŞ və Rusiya qarşıdurması yeni mərhələyə qədəm qoyarsa və ABŞ yenidən Suriyanın bombalanmasını həyata keçirərsə, bu neft nəqli ilə bağlı çətinliklərin yaranmasına və dünya bazarında neftin qiymətinin daha yüksəlməsinə gətirib çıxara bilər”.
V.Bayramovun sözlərinə görə, neftə tələbin artması da neftin dünya bazar qiymətinin yüksəlməsinə təsir göstərən faktorlardan biridir:
“Yaxın vaxtlarda Beynəlxalq Enerji Akademiyası şist neft hasilatı, o cümlədən ABŞ-dakı şist neft hasil edən quyuların sayı ilə bağlı açıqlama verəcək. Şist neft hasilatı artarsa, o cümlədən ABŞ-da istifadə edilən quyuların sayında artma baş verərsə, güman olunur ki, neftin dünya bazar qiymətindəki artımlarının qarşısı alınacaq. Bu halda neftin bazar qiymətində azalmalar müşahidə edə bilərik”.
V.Bayramov vurğulayıb ki, eyni zamanda, neftin dünya bazar qiymətinə Suriyadakı vəziyyət birbaşa təsir göstərəcək:
“Yəni Suriyada tərəflər razılıq əldə edərsə və konflikt həll olunarsa, bu da neftin dünya bazar qiymətinin stabilləşməsinə gətirib çıxaracaq. Amma hələlik Suriya ətrafında konflikt dərinləşdiyi, eləcə də neftə tələb artdığı üçün neftin dünya bazar qiymətində artımların olacağını proqnozlaşdırmaq olar”.
Qeyd edək ki, hazırda “Brent” markalı 72.22, VTİ 67.07 dollara satılır. Bakı nefti isə artıq 75 dollara yaxındır. Bu, son 4 ilin rekordu hesab edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv