Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
İQTİSADİYYAT

Rubl və lirə ölür: manatı qoruyan amillər… - Ekspert

<b>Rubl və lirə ölür: manatı qoruyan amillər… - Ekspert</b>

Rubl və lirə son günlər dollar qarşısında dəyər itirərək bir qədər öncə nümayiş etdirdikləri sabitliyi pozublar

Bu haqda keçmiş maliyyə naziri, professor Fikrət Yusifov qeyd edib. İqtisadçı bildirib ki, türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb:
“Bu proseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi ABŞ-la münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarda nə Rusiyanın, nə də Türkiyənin iqtisadi durumunda ciddi dönüş baş verib ki, milli valyutaları bir neçə gün ərzində belə kəskin ucuzlaşsın. Üstəlik, nefin qiymətlərində də son aylar ərzində elə bir azalma olmayıb. Hər iki qonşu ölkənin milli valyutalarının birdən-birə kəskin ucuzlaşması yalnız siyasi motivlərlə bağlıdır. Lirəsinin ucuzlaşmasının səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində əməliyyatların davam etdiriləcəyinə dair verilən bəyanatlardır. Rusiyaya gəldikdə isə Yaxın Şərqdə baş verən münaqişələrdə dominantlıq cəhdləri və Ukrayna ilə münasibətlərindəki gərginlik artır. Bu fonda ABŞ tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə sərtləşməsi rubl ətrafında gərginliyi artırır”.
İqtisadçı hər iki ölkənin milli valyutalarının siyasi motivlər əsasında ABŞ-n istəyinə uyğun bir ssenari ilə ucuzlaşmasının səbəblərini bir qədər də açıb:
“Bu günlərdə Rusiya, İran və Türkiyə dollardan imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aparmağı təklif etdilər. Bu, nə qədər realdır? Əvvəla, bu, yeni təşəbbüs deyil, bundan öncə hətta BRİKS-ə daxil olan ölkələrdə bu təklifin reallaşdırılmasına cəhd edilmişdi. Lakin dolların bir saylı valyuta kimi onillər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegemonluq buna imkan vermədi. Təbii ki, nə vaxtsa dollardan imtina etmək mümkün olacaq, bunun əksini demək düzgün deyil. Lakin bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil. Çünki bu gün ABŞ-ın hərbi büdcəsi 700 milyard dolları ötürsə və bu zaman Rusiyanın hərbi büdcəsi cəmisi 45 milyard dollar ətrafındadırsa, Rusiya ABŞ-a qarşı hansı gücü nümayiş etdirə bilər?”
F.Yusifov bildirib ki, manatla bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək səbəb yoxdur:
“Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda, 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər əldə edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta da manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur”.
Ekspert son vaxtlar insanların manata güvəninin xeyli artdığını deyib:
“Bu güvənin artdığını nümayiş etdirən əsas göstərici banklarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir. Yəni Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv