Son xəbərlər
22 İYUN
21 İYUN
20 İYUN
MƏDƏNİYYƏT

Bu xəbər şimşək kimi çaxdı...

<b>Bu xəbər şimşək kimi çaxdı...</b>

Xəbər var adamın üzünə gün kimi doğur...

Xəbər var şimşək kimi çaxır...

Bu səhər Fuad Poladovun xərçəng xəstəliyinə tutulması xəbəri beynimdə şimşək effekti yaratdı...

Adamın hətta haqqında belə düşünmək istəmədiyi xəstəlik və sevimli Aktyor! Yaraşdıra bilmirsən. Düşünmək belə istəmirsən...

Xərçəng xəstəliyinə tutulan adamların gözləri - fərqi yoxdu doğmandı, yoxsa yaddı - adamı odsuz-ocaqsız yandırır.

Bilənlər bilir, bilməyənlər heç ömürlərinin sonuna kimi bilməsinlər...

Bu gün Feysbukda görmək və duymaq istəmədiyim o Yanğı vardı. O Yanğının bir adı Sevgiydisə, bir adı da Qorxuydu.

Bu dünyada hər kəsin etiraf etmək istəmədiyi bir xərçəng qorxusu var...

Biz həmişə sevdiklərimizin fiziki yoxluğuna “vaxtsız ölüm, vaxtsız ayrılıq” deyirik. Məncə, indi Fuad Poladovda tapılan bu xəstəliyin adı da “vaxtsız xəstəlik”di.

69 yaşı var. Amma o, bəlkə də istədiyi, arzuladığı, yaxud bizim istədiyimiz, arzuladığımız obrazların heç 10 faizini yaratmayıb. Kinoda və teatrda onun oynamadığı rollar oynadıqlarından daha çoxdu.

Çox qəribədi, bu ölkədə istedadlı adamlarının bəxti gətirmir – nadir istisnalarla. İstedadsızlar istedadlıları yeyir! İstedadla xoşbəxtlik tərs mütənasibdi burda. Tanınacaqsan, məşhurlaşaqsan, amma... xoşbəxt olmayacaqsan. İstedadsızlar səni hər gün bir az öldürməyə, zəiflətməyə can atacaq. Bu qovğada həmişə onlar qalib çıxacaq: hər gün bir az öldürəcəklər...

Amansız taledi... Həm də çox qəribədi: o savaş səhnənin arxasındadı. Görünən yalnız səhnədi: populyarsan, parlayırsan, tamaşaçı, pərəstişkar sevgisi projektor kimi gözləri qamaşdırır... Amma... Sənin Həyatdan istədiyin budurmu? Sən illərlə bunun üçünmü çalışıb-çabalamısan? Səhnədəki xoşbəxtliyi hər axşam portfelinə qoyub evinə daşıya bilirsənmi? O kədərli baxışlar illərdi nə demək istəyir?

Məşhurlarımızdan birinin xatirələrindən oxumuşdum. Aktrisa Vəfa Fətullayevanın ölüm xəbərinə həmkarlarının necə kədərləndiyini yazmışdı. Məzmun təxminən beləydi: “Ölüm xəbəri hamımızı sarsıtmışdı. Hamı heyfsilənirdi. Fuad (Poladov – red.) üzüdivara dayanmışdı. Çiyinlərinin aramsız tərpənməsindən bilinirdi ki, ağlayır...”

Vəfa Fətullayeva xərçəng xəstəliyindən dünyasını dəyişəndə daha gənc idi...

Bir dəfə müsahibə alanda bu epizodu Fuad Poladova xatırlatmışdım. Cavab verməmişdi...

Bilmirəm...

İndi Fuad Poladovun nə düşündüyünü də bilmirəm... Bildiyim odur ki, bu xəstəlik sanki cəmiyyətin ən saglamlarını alır... Hansı ki, bəlkə də nə o, nə də biz fərqindəyik. Onun nə qədər nəhəng bir aktyor olduğunu, qəlbləri necə aydınlatdığını, toplumu necə ayaqda saxladığını...

Dəyərlər, dəyərlərə münasibət dəyişir. Teatr aktuallığını sürətlə itirir, tamaşalar – istisnalarla – anşlaqla keçmir, teatrsevərlər barmaqla sayılacaq qədərdir... Ancaq O, yenə də nəhəngdi. O özü bir Teatrdi, Kinodu... Sadəcə, Adamın bəxti gətirməyib ki, Azərbaycanda doğulub! Dünyanın başqa bir ölkəsində doğulsaydı, dünyanın başqa bir xalqına mənsub olsaydı, bu Aktyoru sadəcə, alqışlamazdılar, sadəcə, ayaq üstə alqışlamazdılar, qarşısında təzim edərdilər...

Başqa bir ölkədə doğulsaydı, “Azərbaycan SSR-in xalq artisti” yox, dünyanın sevilən və qəbul olunan Artisti olardı...

Sizi bilmirəm, mən Hollivud filmlərinə baxanda dəfələrlə olub ki, baş rolun ifaçısını – dünyaca ünlü aktyorları Fuad Poladovla müqayisə etmişəm və üstünlüyü birmənalı Bizim Fuada vermişəm. “Əgər Fuad Poladov bu rolu oynasaydı, daha səmimi, daha təbii, daha möhtəşəm olardı” deyə düşünmüşəm...

15 ilin söhbətidi, bir jurnalist həmkarım danışmışdı ki, Fuad Poladovun çox sadə həyat tərzi var. Yaxşı atadır, yaxşı həyat yoldaşıdır. Hər səhər yaşadığı binanın blokundan əlində zibil sellofanı ilə çıxdığını da ondan eşitmişdim. Zibili atan və işə getmək üçün avtobus dayanacağına yollanan Nəhəng Aktyor...

Bəli, kədərli, hətta bəlkə ironikdir...

Hollivud aktyorlarının illik gəliri bəzi xırda ölkələrin bir illik büdcəsindən daha çoxdu... Bizdə isə dünyanın gəlirləri milyardlarla ölçülən nəhəng kino industriyası hələ də xülyadır. Teatr da, kino da, aktyor da dövlətinin büdcəsini öz gəlirlərinin vergisi ilə zənginləşdirmək əvəzinə, o büdcədən asılı vəziyyətdədi...

Bunları niyə məhz indi yazıram?

Kədərimi ifadə etməyə çalışıram...

Sadəcə, sakitləşmək üçün yazıram... İndi bunları müzakirə etmək ya çox gecdi, ya da... bəlkə yersizdi...

Elə insanlar var ki, təbii olaraq, sən onları hər gün görmürsən. Bəlkə də yalnız tədbirlərdə, toplantılarda görəndən-görənə xatırlayırsan, gülümsəyirsən, xəfifcə salamlaşırsan, ancaq bilirsən ki, bu əsalət, bu duruş, bu baxış... tamam fərqlidi. Bu işıq tamam başqa işıqdı. Bu səssizlik tamam fərqli bir Səsdi. Bu, tamam başqa bir şeydi. Sözlə ifadə edilməsi mümkünsüz... Fərqli və Gözəl... Hər şeydi!

Bütün xalqlarda belə insanlar olur. Sayca az... Həm də çox... Lap çox...

Bizim təsəvvür və ifadə edə biləcəyimizdən qat-qat çox...

İndi bu Səssizliyin tam fərqli bir Səsinin xərçəng olduğunu bir sabah eşidirsənsə...

İndi bu illər öncə Sevgisi üçün göz yaşı tökən, Sevgisi üçün ölməyi deyil, Yaşamağı bacaran məğrur Obrazın Sevgisi üçün günlərin birində xərçəngi öz üstündə sınadığını öyrənirsənsə...

İndi hər zaman varlığında yaşatdığı Sevgi üçün bu Vəfalı Obrazın illərlə axtardığı xərçəngi bu yaşda tapdığını görürsənsə...

...

...Mən Qarabağ haqqında çəkilən filmlərə baxa bilmirəm. Ürəyim dözmür, nəfəsim çatmır, boğuluram. Amma inanıram ki, daha gözəl filmlər olacaq! Ürəyimizi partlatmayacaq, nəfəsimizi çatlatmayacaq filmlər... Şuşa kimi, Nəfəs kimi içimizə çəkəcəyimiz, qürur mənbəyimiz, Qürurumuzun və Şərəfimizin ekran nümunəsi mütləq olacaq!

O əsərdə çox sevdiyim, çox bəyəndiyim, çox hörmət etdiyim Fuad Poladovu da görmək istərdim...

Çünki Fuad Poladovun özü bir Obrazdır, Xarakterdir – məğrur, mərd, prinsipial, kimsəyə əyilməyən, kaloritli, ağırtaxta, sadə... Çoxları bu obrazı oynamaq istəyir, amma heç bir aktyora Fuad Poladov obrazını oynamaq nəsib olmur və olmayacaq.

Çünki Fuad Poladov Fuad Poladov obrazını oynamır – bu obraz, onun istedadı kimi, fitrətindədir.

...Mən vidalaşmıram...

Sadəcə, Sevgimi ifadə edirəm...

Sadəcə, Dua edirəm...

Aynur Camal
Axar.az









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv