Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
İQTİSADİYYAT

23 aylıq AXC-nin böyük iqtisadiyyatı

<font color=red><b>23 aylıq AXC-nin böyük iqtisadiyyatı</b></font>

Azərbaycan Xalq Cümhuriyyətinin mülkiyyət münasibətləri, aqrar proqramı, maliyyə-valyuta siyasəti, xarici ticarət əlaqələri, iqtisadi idarəetmə sistemi və s. iqtisadi fikir baxımından diqqəti cəlb edir və hər biri xüsusi tədqiqat obyekti kimi ayrılıqda öyrənilməyə layiqdir.
1918-1920-ci illərdə milli hökumətin iqtisadi siyasət kursunun müəyyənləşməsində və xarici dövlətlərlə ticarət əlaqələrinin genişlənməsində görkəmli dövlət xadimləri Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmmədhəsən Hacınski, Həsən bəy Ağayev, Məhəmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Əli ağa Həsənov, Ağa Əminov, İvan Protasov, Xəlil bəy Xasməmmədov, Mirzə Əsədullayev, Əhməd Cövdət Pepinov və başqalarının böyük əməyi olmuşdur. AXC-nin rəhbərləri milli gömrük sisteminin yaradılması prosesini diqqətlə izləyir, gömrük məsələlərinə aid qanun və qərarların işlənilibhazırlanması, Parlamentdə geniş müzakirəsi və qəbul edilməsində birbaşa iştirak edirdilər. AXC-nin yürütdüyü sosial-iqtisadi siyasətin nəzəri əsasında mütərəqqi ideyalar dururdu. Hökumətin iqtisadi platforması mülkiyyət plüralizmini nəzərdə tutur, dövlət, xüsusi, şəxsi, səhmdar və bələdiyyə mülkiyyətinin inkişafı üçün bərabər imkanlar yaradırdı.

***

Azərbaycan hökumətinin əsas vəzifələrindən biri maliyyə aparatının möhkəmləndirilməsi, xüsusilə dövlət gə- lirlərinin artırılması, xərclərin mümkün qədər azaldılması və pul dövriyyəsinin tənzimlənməsi idi. 1920-ci il 1 may vəziyyətinə görə Dövlət Bankının ümumi dövriyyəsi 1 mlrd. 354 mln. manatı ötüb keçmişdi. Qeyd edilməlidir ki, AXC-nin bütün fəaliyyəti ərzində tədavülə 2 mlrd. 134 mln. manatdan (bon) çox pul buraxılmışdı. Maliyyə siyasətində mütərəqqi gəlir vergisinin tətbiq edilməsi əsas istiqamətlərdən birini təşkil edirdi. Məlum olduğu kimi, birinci dünya müharibəsi nəticəsində baş verən hadisələr beynəlxalq ticarət münasibətlərində və gömrük siyasətində köklü dəyişikliklərə səbəb olmuşdu. Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət və gömrük sisteminə qoşulması asan proses deyildi və bu çətinlikləri nəzərə alan hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və s. sahələrdə müxtəlif problemləri həll etməyə çalışırdı. Bu çətinliklərə baxmayaraq, Cümhuriyyət qısa müddət ərzində dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olmuş, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə etmişdi. Yeni yaranan müstəqil dövlətin gömrük siyasətinin işlənilib-hazırlanması qarşıda duran mühüm vəzifələrdən biri idi. Azərbaycan hökuməti ilk mərhələdə daxili ehtiyatları qorumaq məqsədilə bir sıra strateji malların Əlimərdan bəy Topçubaşov (1862-1934) Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 60 – neft, pambıq, yun, ipək, tütün və başqa xammalın ixracına yalnız ölkə üçün zəruri məhsulların bərabər qiymət və miqdarda gətiriləcəyi təqdirdə razılıq verirdi. İxrac məhdudiyyətləri və bir çox hallarda isə daşımalar sahəsində yaranan çətinliklər xarici ticarətin genişlənməsinə və müvafiq olaraq gömrük gəlirlərinin artımına mane olurdu. Normal pul dövriyyəsinin təmin edilməsi bir çox cəhətdən xarici ticarətin gömrük tənzimlənməsindən xeyli dərəcədə asılı idi. Müstəqil gömrük xidmətinin təşkili işinə gəldikdə, bu işə sadəcə daxili bazarın müdafiəsini və iqtisadiyyatın gücləndirilməsini təmin etməli olan bir qurumun yaradılması kimi deyil, ümumən dövlət quruculuğunun mühüm elementi və ölkənin iqtisadi təhlükəsizliyinin tərkib hissəsi kimi baxılırdı. Gənc, müstəqillik yoluna yenicə qədəm qoymuş dövlətin gömrük siyasətinin işlənilib-hazırlanması sahəsində əldə etdiyi təcrübənin hərtərəfli öyrənilməsi mühüm elmi əhəmiyyət daşıyır. İqtisadi təhlükəsizliyi təmin edən, həyati əhəmiyyət daşıyan məhsulların kənara çıxarılmasına imkan verməyən və xarici ticarət əməliyyatlarını nəzarətə alan bir qurumun yaradılması zəruri idi. Azərbaycan hökumətinin «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında «1918-ci il iyunun 22-də qəbul etdiyi qərarla gömrük sərhədlərinin müstəqil dövlətin yaşaması üçün xüsusi əhəmiyyət daşımasını nəzərə alırdı. Hökumətin bu qərarında Daxili İşlər nazirliyinə tapşırılırdı ki, ərzaq məhsullarının xaricə qanunsuz aparılmasının qarşısının alınması üçün göstərilən ərazidə sərhəd buraxılış məntəqəsi təşkil etsin. Bununla Azərbaycan tarixində ilk dəfə olaraq milli gömrük nəzarətinin yaradılması istiqamətində ilk addım atıldı. 1918-ci ilin iyun-iyul aylarında qəbul edilən bir neçə qərarla ölkə ərazisindən strateji məhsulların çıxarılması qadağan edilir və qaçaqmalçılara qarşı sərt tədbirlər görüləcəyi bildirilirdi.

***

1918-ci ilin sentyabrında Azərbaycan hökuməti Gəncədən Bakıya köçən vaxt Azərbaycanın iqtisadiyyatı dağıdılmış vəziyyətdə idi: şəhərlər və kəndlər, taxıl və digər əkin sahələri yandırılmış, heyvandarlığa böyük ziyan dəymişdi. Bakı şəhərinin sənaye müəssisələrində, xüsusilə neft sənayesində istehsalın səviyyəsi aşağı düşmüşdü. Ölkənin təbii sərvətləri talan edilmiş, neft ehtiyatlarının bir hissəsini bolşeviklər Həştərxana daşımışdı. Ticarət gəmilərinin xeyli hissəsi Azərbaycandan aparılmış və ya yararsız hala salınmışdı. Milli hökumət 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra iqtisadiyyatın dirçəldilməsi tədbirlərinə başlandı. 1918-ci il oktyabrın 30-da Bakı ticarət Limanı idarəsinin fəaliyyəti bərpa edildi. Ticarət gəmiləri ilə Bakı, PortPetrovsk, Salyan və Lənkəran limanları arasında sərnişin daşınması və yüklərin nəqlinə başlanıldı. Lakin bir müddət Bakı Limanı və ticarət gəmiləri noyabrın 29-da ingilis komandanlığının nəzarətində idi və donanmanı idarə etmək üçün «İngiltərə dəniz nəqliyyatı» şirkəti yaradılmışdı. 1919-cu ilin avqustunda ingilislər Azərbaycandan çıxdıqdan sonra Liman və Ticarət donanması üzərində nəzarət milli hökumətin sərəncamına keçdi. Milli Şura noyabrın 16-da beş aylıq fasilədən sonra yenidən öz fəaliyyətini bərpa etdi və noyabrın 20-də «Azərbaycan Parlamentinin yaradılması haqqında» qanun qəbul etdi. Azərbaycan Milli Şurasının fəaliyyət göstərdiyi 6 ay ərzində 10 Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 62 iclası keçirildi. Dekabrın 7-də Parlamentin ilk iclasının keçirilməsi Azərbaycan Cümhuriyyətinin daxili və xarici siyasətinin müəyyən olunmasında mühüm hadisə oldu. İclasda F.X.Xoyski hesabat xarakterli məruzə ilə çıxış etdi. Xarici ticarət məsələləri və gömrük işi ilə bağlı mühüm qanunlar və digər hüquqi sənədlər müzakirəyə çıxarıldı və əksəriyyəti qəbul edildi.

***

Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, “bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.
Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı.
Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə ¬1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi (9 fevral 1920-ci il). Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Cümhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır.
Dövlət milliləşdirmə və əks-milliləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə paralel əmək münasibətlərinin qaydaya salınmasını təmin edirdi. Həmçinin daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Az bir müddət ərzində parlament tərəfindən yalnız maliyyə, vergi, bank-kredit sahələri üzrə 82-dən çox qanun layihəsi işlənib hazırlandı, bir çox qanunlar təsdiq olundu. İlk dəfə tərtib olunan müstəqil dövlət büdcəsi iqtisadi tənzimləmə və gəlirlərin bölgüsü funksiyalarının reallaşdırılmasında və ümumiyyətlə, makroiqtisadi tarazlıq yaradılmasında müstəsna əhəmiyyət kəsb etdi.
Hökumətin iqtisadi proqramı qarşılıqlı razılaşma əsasında ayrı-ayrı partiyaların məramnamələrində qoyulan iqtisadi məsələlərə uyğun işlənib hazırlanırdı. Bəzən alternativ variantların mövcudluğu daha səmərəli fəaliyyət istiqamətini aşkarlamağı tələb edirdi. Bununla əlaqədar parlamentdə iqtisadi təmayüllü bir neçə komissiya – maliyyə, büdcə, aqrar və ölkənin məhsuldar qüvvələrindən istifadə komissiyaları yaradılmışdı. Dövlət və hökumət strukturunda olan Əmək, Torpaq və Dövlət Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye nazirlikləri, Milli Bank, Azərbaycan Xəzinə Palatası, Aksiz Palatası, Əmək İnspeksiyası dövlətin iqtisadi tənzimləmə fəaliyyətinin həyata keçirilməsində müstəsna rol oynayırdı.
Dövlətin mühüm iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir vergisi hesab olunurdu. Bu vergi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rol oynayırdı.
AXC-də təşəkkül tapmaqda olan iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.

Habil Hüseynov

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir”









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv