Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
SİYASƏT

“Rəsmi Bakı Rusiya ilə münasibətlərinə nəhayət, aydınlıq gətirməlidir”

<font color=red><b>“Rəsmi Bakı Rusiya ilə münasibətlərinə nəhayət, aydınlıq gətirməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “Azərbaycan heç nəyə baxmadan torpaqlarımızın azad olunması üçün qanlı savaşa başlamalıdır”

ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya növbəti dəfə özünün ənənəsinə sadiq qalaraq tərəfsizlik prinsipinə zidd addım atıb. Belə ki, bir neçə ay sonra İrəvan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket komplekslərini alacaq.
Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. Məlumatda deyilir ki, zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir. Virtualaz.org xəbər verir ki, “Tor M2” müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsafədə, təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Kompleksin buraxılış qurğusunda 16 döyüş raketi olur. “Tor M2” kompleksinin əsas vəzifəsi quru qoşunlarını döyüş əməliyyatları zamanı havadan müdafiə etmək, komanda məntəqələrini, mühüm infrastruktur obyektlərini qorumaqdır.
Ötən il Rusiya Ermənistana “Verba” daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı və hesab edilir ki, məqsəd İrəvanın hava hücumlarından eşalonlaşdırılmış müdafiəsini təşkil etməklə Azərbaycanın havada üstünlüyünü neytrallaşdırmaqdır.
Heç şübhəsiz, Rusiyanın bu addımı Qərbə meyl edən Ermənistanı öz tərəfinə çəkmək cəhdi, eyni zamanda onu nəhəng hərbi arsenala malik olan Azərbaycandan qorumaq istiqamətində atılan addımdır. Aprel döyüşlərindən sonra Rusiya Ermənistana “İsgəndər” raketlərini hədiyyə etməklə sarsılmış işğalçı ölkəni sakitləşdirə bilmişdi. Hələlik nə Xarici İşlər, nə də Müdafiə nazirliklərimiz səviyyəsində Moskvanın bu addımına reaksiya verilməyib. Amma heç şübhəsiz ki, Naxçıvana belə iddia edən ermənilərin silahlandırılması reaksiyasız qala bilməz, bu, nə vasitəçilik, nə də qonşuluq, müttəfiqlik prinsiplərinə uyğun addım deyil.
“Mən yenə də əvvəlki fikrimdə qalıram ki, biz Rusiya ilə danışıqlar aparmalıyıq, vasitəçi dövlət kimi yox, tərəf kimi. Rusiyadan soruşmalıyıq ki, siz Azərbaycandan nə istəyirsiniz?! Nə istəyirsiniz ki, biz bunun qarşılığında torpaqlarımız üzərində suverenliyimizi bərpa edək?”
Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Partiya rəhbəri Kremlin Bakıya basqılarının davam etməsini təbii saydı: “Nə qədər ki, Azərbaycan Rusiya ilə bu istiqamətdə danışıqlar aparmayıb və Rusiyanı vasitəçi kimi qəbul edərək, onunla vasitəçi kimi davranır, Kremlin Azərbaycana yönəlik siyasətində hansısa bir dəyişikliklərin baş verəcəyini düşünmürəm. Rusiya özünün hərbi-siyasi müttəfiqi olan Ermənistanı silahlandırmaqda davam edəcək, Ermənistanın təxribatçı davranışlarına dəstək verəcək. Gördünüz ki, Rusiya rəsmiləri Abxaziyada qondarma Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşdülər. Yəni Rusiya təkcə Ermənistanın təxribatlarına göz yummaqla kifayətlənməyəcək, özü də bu cür təxribatçı addımlara da qol qoyacaq. Ona görə də Rusiya ilə danışıqlar aparmalıyıq. Əgər hansısa razılaşmalara gələ bilməsək, o zaman Azərbaycan heç nəyə baxmadan torpaqlarımızın azad olunması üçün qanlı savaşa başlamalıdır və ərazilərimizi işğaldan azad etməlidir, bunun üçün ən uyğun zaman yetişib. Əks təqdirdə, gözləməklə bu problem həll olunmayacaq”.
Q.Həsənquliyev bildirdi ki, torpaqlarımızın işğalının arxasında Rusiya dayanır: “Biz Rusiya ilə bu işğalın arxasında dayanan dövlət, işğalçı dövlət kimi danışıqlar aparmalıyıq ki, Azərbaycan Cənubi Qafqazda sənin hansı maraqlarını nəzərə ala bilər ki, sən bu münaqişənin həllinə imkan yaradasan? Yox, əgər Rusiya buna getməsə, bizim ölkəmizin suverenliyini sual altına alan tələblər qoysa, təbii ki, o cür tələblər qəbul oluna bilməz. Amma əgər Rusiya sadəcə olaraq regionda öz varlığını qoruyub-saxlamaq istəyirsə, biz şimal qonşumuzun liderliyi ilə yaradılmış regional təşkilatlara qatıla bilərik. Hətta vaxtilə demişdim, Qəbələdəki kimi Rusiyanın Azərbaycanda hərbi bazasının yaradılmasına da getmək olar. Bir şərtlə ki, biz Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edək. Yəni Azərbaycan özünün 20 faiz torpağının azad olunmasının qarşılığında bu addımı ata bilər”.
Deputat Rusiyanın Ermənistana növbəti silah partiyasını göndərməsini Azərbaycana təzyiqin başqa forması kimi xarakterizə etdi: „Rusiya çalışır ki, regionda balansı təmin etsin və Azərbaycanı hərb variantından çəkindirsin, nəticədə bu konflikti qoruyub-saxlasın. Rusiya hesab edir ki, bu münaqişəni saxlamaqla onsuz da Azərbaycandan istədiyini alır və Azərbaycanı dostluq-qardaşlıq bəyanatları verməyə məcbur edir. Yəni bu münaqişəni saxlamaqla bu və ya digər formada öz iradəsini Azərbaycana diktə edir. Amma biz Rusiyaya başa salmalıyıq ki, yox, artıq sən münaqişəni saxlamaqla Azərbaycanın indiyəqədərki davranışına bundan sonra da nail ola bilməyəcəksən”.
Q.Həsənquliyev qeyd etdi ki, Azərbaycan özünün xarici siyasətində ciddi bir dönüş etməlidir: “Yəni balanslaşdırılmış siyasətinə son qoymalıdır və birdəfəlik tam Qərbyönümlü siyasət yürütməlidir. Mən demirəm ki, Rusiya ilə düşmən olmalıyıq. Rusiya ilə əməkdaşlığımızı davam etdirməliyik. Amma əməkdaşlığımızı gündən-günə genişləndirmək, gündən-günə dostluq-qardaşlıq barədə bəyanatlar vermək yox, münasibətlərimizi qoruyub-saxlamaqla yanaşı, Rusiyanı başa salmalıyıq ki, bizim torpaqlarımızı işğal altında saxlayan sənsən və bundan artığına nail ola bilməyəcəksən”.
Deputat qeyd etdi ki, bu yaxınlarda Milli Məclisdə rusiyalı nümayəndələrlə görüşdə də eyni fikirləri səsləndirib: “Mən orda dedim ki, bizim rəsmilər, millət vəkilləri Rusiya ilə dostluq, qardaşlıq haqqında danışa bilər, amma Rusiya tərəfi bilməlidir ki, Azərbaycan xalqı sizin ölkəni işğalçı dövlət kimi tanıyır. Xalqımız bilir ki, bizim torpaqlarımızı azad edə bilməməyimizin səbəbi Rusiyadadır. Bundan narazı qalanlar olsa da, mən həqiqəti deyirəm. Azərbaycan Rusiya ilə münasibətlərinə nəhayət, aydınlıq gətirməlidir. İndi yürüdülən siyasət yalnız münaqişənin dondurulmuş halda saxlanmasına xidmət edir, bundan artığına nail olmağa imkan vermir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv