Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İQTİSADİYYAT

Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

<b>Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib </b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqlardan və aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan 11 apreldə keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini toplayan Prezident İlham Əliyevin parlaq və inamlı qələbə qazandığını vurğulayıb. Azərbaycan xalqı prezident seçkilərində son 15 ildə ölkəmizdə qazanılmış sosial-iqtisadi uğurlara, iqtisadi-ictimai sabitliyə, regionların tarazlı inkişafına, infrastrukturun və yeni istehsal sahələrinin yaradılmasına, ölkəmizin fəal iştirakı və təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələrə, tranzit və logistika imkanlarının genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına, əhalinin yüksələn rifahına, ən başlıcası isə dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə, Azərbaycanın qüdrətlənməsinə səs verib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimindəki proqram xarakterli çıxışlarında dövlət başçısı görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin və davamlı islahatların reallaşdırılması nəticəsində əvvəlki illərdə olduğu kimi, 2018-ci ilin I rübü də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, bu dövrdə ÜDM 2,3%, qeyri-neft sektoru təqribən 3%, qeyri-neft sənayesi 10%, kənd təsərrüfatı 4,2%, artıb. 2018-ci ilin I rübündə valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları artaraq 44,2 milyard ABŞ dollarına çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Əhalinin gəlirləri təxminən 10% artıb, inflyasiya 4% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə həmçinin, Cənub Qaz Dəhlizinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində mühüm işlər görülüb, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.
Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində islahatların davam etdirilməsi, qeyri-neft sektorunun inkişafı, infrastrukturun yaxşılaşdırılması, ilin sonunadək qazlaşdırmanın 95%-ə çatdırılması, ərzaq təhlükəsizliyinin diqqət mərkəzində saxlanılması, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, yerli istehsalın gücləndirilməsi, yeni texnoloji müəssisələrin, sənaye parkları və zonalarının yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də emal sənayesinin inkişafı, ixracın şaxələndirilməsi, yeni ixrac bazarlarının müəyyən edilməsi, ənənəvi bazarlarda mövqelərin möhkəmləndirilməsi və yeni bazarlara çıxışın təmin olunması, turizmin inkişafı, ABAD mərkəzlərinə diqqət göstərilməsi, alternativ enerji mənbələrinin yaradılması və bu sahədə təhlillərin aparılması, Böyükşor gölünün qalan hissəsinin təmizlənməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının davam etdirilməsi və s. tapşırıqlar verib.
İqtisadiyyatın prioritet sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parklarının və məhəllələrinin yaradılması, sənaye zonalarına yeni rezidentlərin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. 17 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələrə rezidentlər tərəfindən 3 mlrd. dollara yaxın sərmayə qoyulacaq. Hazırda Sənaye Parkında 6 müəssisə fəaliyyət göstərir. 2018-ci ildə müxtəlif tipli tikinti məhsulları (qatqıları) istehsal edəcək Silisium Kalsium İstehsalat Müəssisəsi, Tütün məmulatları (siqaret) istehsal edəcək “Tabaterra” QSC, Karbamid (azot gübrəsi) istehsal edəcək SOCAR-ın Karbamid Zavodu, “Polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer” MMC, Ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsal edəcək Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, sənaye istifadəsi üçün polimerdən kisə və torbalar istehsal edəcək “SumPlast” MMC və Məlumatların (datanın) emalını həyata keçirəcək “Nexus Labs” MMC olmaqla, ümumilikdə 7 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Sahibkarların artan marağı nəzərə alınaraq, Parkın ərazisinin genişləndirilməsi istiqamətində hüquqi sənədlərin hazırlanması işləri başa çatdırılıb.
2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib.
Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur.
Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir.
Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – “Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq.
Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 mln. manat olan 9 layihə icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Sənaye məhəlləsində reallaşdırılması üçün ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Daxil olmuş təkliflər araşdırılıb və “ATEF Sənaye Kompleksi” MMC və “Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb.
Sabirabad Sənaye Məhəlləsində də tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur. Artıq sənaye məhəlləsində işlənmiş təkərlərin təkrar emalı, bio-gübrələrin (orqanik) istehsalı, yun tədarükü məntəqəsinin yaradılmasına dair təkliflər daxil olub. Hazırda bu təkliflər araşdırılır.
Kollegiya iclasında Şahin Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin davam etdirilməsi, digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılması, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin özünü maliyyələşdirməsi məsələsinin araşdırılması, Mingəçevir Sənaye Parkında yeni müəssisələrin yaradılmasına, “Khazar” Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərin bazarda daha geniş şəkildə təqdim olunmasına dair təkliflərin hazırlanması barədə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.
Kollegiya iclasında həmçinin, yerli istehsalın gücləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. İqtisadiyyat naziri bildirib ki, əvvəlki illərdə olduğu kimi 2018-ci ilin I rübündə də müxtəlif sahələr üzrə yeni texnologiyalara əsaslanan müəssisələr istifadəyə verilib, bir sıra istehsal sahələrinin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, ölkəmizdə ənənəvi sahələrdən olan xalçaçılığın inkişafı məqsədilə artıq 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb. Hazırda daha 10 müəssisənin, 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi işləri davam etdirilir və bu müəssisələrin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. 2017-ci ilin sonunda dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin tikintisi isə 2019-cu ildə başa çatacaq. Şahin Mustafayev dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, “Azərbaycan xalçası” (“Azerbaijan carpet”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması barədə tapşırıqlar verib.
İclasda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan aqroparkların yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 3 aqroparkda birinci mərhələ üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmış, 15-i isə 2018-ci ildə istifadəyə veriləcək. Kollegiya iclasında digər regionlarda da iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılmasının davam etdirilməsi barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Qeyd olunub ki, 2018-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 371 milyon manat olan 397 sahibkara geri qaytarılan kreditlər hesabına 64,4 milyon manat güzəştli kredit verilib. Bunun 69%-i aqrar sektorun, 31%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına, 92%-i regionların payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Ümumiyyətlə, indiyədək 35 mindən çox sahibkara 2,2 mlrd. manat həcmində dövlətin güzəştli krediti verilib ki, bunun 1 mlrd. manatı dövlət büdcəsinin, digər hissəsi isə qaytarılan kreditlərin payına düşür.
Kollegiyanın sədri Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin I rübündə sahibkarlara dəstək məqsədilə digər mexanizmlərdən də səmərəli istifadə olunub. Belə ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 mlrd. manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq.
Dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmış “Lisenziyalar və icazələr” portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 110 elektron lisenziya verilib. Onlardan 81-i yeni verilmiş, 29-u isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Lisenziyalar əsasən, özəl tibb, əczaçılıq, layihələndirmə və tikinti-quraşdırma işləri, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.
Vurğulanıb ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyəcək, dövlət qurumlarının onlara göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə təşkili, əlaqələndirilməsi və tənzimlənməsi üzrə fəaliyyəti həyata keçirəcəkdir. Kollegiya iclasında Agentliyin fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində vəzifələr müəyyənləşdirilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, kollegiya iclasında kiçik sahibkarların və ailə biznesinin iri özəl və dövlət şirkətləri tərəfindən dəstəklənməsinin təşviq olunması ilə bağlı Nazirliyin müvafiq strukturları üçün konkret vəzifələr müəyyən edilib.
İclasda idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğu bir daha vurğulanıb. Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. İxracın stimullaşdırılması üçün 2018-ci ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixracı müqabilində sahibkarlara 1,5 mln. manat, indiyədək isə 4,6 mln. manat ixrac təşviqi ödənilib.
Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair Fərmanına uyğun olaraq, 2018-ci ilin ötən dövründə Azərbaycan şirkətləri dövlət büdcəsi hesabına “Beynəlxalq Yaşıl Həftə”, “Prodexpo”, "Fruit Logistica", “Gulfood” və “Sial China” beynəlxalq ərzaq sərgilərində vahid ölkə stendi ilə iştirak ediblər. Ümumilikdə indiyədək 13 ixrac missiyası (Çin, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı) təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, 2018-ci ildən xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, ixracla məşğul olan sahibkarlara daha çox dəstək göstəriləcək.
Qeyd edilib ki, artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib. Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır.
Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 4 və Arıçılar, Nar, Fındıq, Şərab, Çay və Süd istehsalçıları və ixracatçıları assosiasiyalarının 6 iclası keçirilib, 2018-ci ilin I rübündə 50-ə yaxın şirkətə ixraca dair xidmətlər göstərilib.
Beləliklə, qeyr-neft ixracının artırılması və diversifikasiyası istiqamətində həyata keçirilən kompleks tədbirlər öz müsbət nəticəsini verib və 2018-ci ilin ötən dövründə də ixracın artım tempi davam edib. Bu dövrdə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 19%, sənaye məhsullarının ixracı 47%, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34%, ixrac olunan məhsulların sayı 9%, ixrac əməliyyatı həyata keçirilmiş ölkələrin sayı isə 9,5% artıb.
Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və andiçmə mərasimində Prezident İlham Əliyevin ixracın şaxələndirilməsi, yeni ixrac bazarlarının müəyyən edilməsi və ənənəvi bazarlarda mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlarının vaxtında və yüksək səviyyədə icrası məqsədilə Nazirliyin struktur bölmələrinə müvafiq göstərişlər verib.
Kollegiya iclasında qeyd edilib ki, şərab Azərbaycanın əsas ixrac potensialı olan məhsullarındandır və yaxın vaxtlarda Çinin Şanxay şəhərində Azərbaycan Şərab Evi açılacaq. Nazir Şahin Mustafayev Pekində də Azərbaycan Şərab Evinin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb, dövlət başçısının 3 may 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair” Dövlət Proqramının əlaqədar dövlət qurumları ilə birgə icrasına, şərab istehsalının və ixracının genişləndirilməsinə, bu sahədə qablaşdırmanın önəmini nəzərə alaraq qablaşdırma müəssisələrinin yaradılmasının təşviq edilməsinə, eləcə də şərab istehsalçıları ilə mütəmadi görüşlərin keçirilməsinə dair müvafiq tapşırıqlar verib.
Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur və 2018-ci ilin ötən dövründə bu istiqamətdə önəmli işlər görülüb. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsində işlər başa çatdırılıb. Azərbaycan dəhlizin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsində iştirak edəcək. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin İran hissəsində terminalın yaradılması işləri aparılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, işsizliyin aşağı səviyyədə saxlanılması, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya yenidən qurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. Dövlət İnvestisiya Proqramında sosial obyektlərin tikintisi və təmiri üçün müvafiq vəsait nəzərdə tutulub. Vurğulanıb ki, bu il 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur ki, bu da ucqar kəndlərdə belə məktəb probleminin tam həll olunmasını təmin edəcək. Modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaqdır.
Bildirilib ki, Prezident İlham Əliyevin Böyükşor gölünün təmizlənməsi barədə tapşırığına uyğun olaraq, hazırda Fransanın “Suez” şirkəti "Böyükşor gölünün bərpası" layihəsinin 2-ci mərhələsi üzrə layihələndirmə işlərini həyata keçirir. 2018-ci ilin ikinci yarısında bu işlər yekunlaşacaq və bundan sonra gölün sağlamlaşdırılması və tarixi məcraya qaytarılması istiqamətində növbəti addımlar müəyyənləşdiriləcəkdir. Eyni zamanda, hazırda Böyükşor gölünün ərazisindən keçməklə Ziya Bünyadov prospekti (Dərnəgül şossesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirən A kateqoriyalı yolun tikintisi davam edir.
Kollegiya iclasında həmçinin, İqtisadiyyat Nazirliyinin icraçı və ya əlaqələndirici olduğu dövlət proqramlarının icra vəziyyətinin təhlil olunması və bu sahədə icra intizamının daha da gücləndirilməsi barədə Nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Kollegiya iclasında dövlət başçısının andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair xüsusi Tədbirlər Planı təsdiq edilib, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında digər cari məsələlər də müzakirə edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv